SON XƏBƏRLƏR

MOSKVA BİZƏ FAKTİK OLARAQ

2021.10.20, 07:36
MOSKVA BİZƏ FAKTİK OLARAQ

Gunaz.tv
MOSKVA BİZƏ FAKTİK OLARAQ "AĞIR SÜLH" TƏKLİF EDİR 36977_1 Bu təklifə biz nə cavab verəcəyik, İrəvan nə edəcək? Biz, hər halda, nikbin notlara köklənməkdə növbəti çətinlik içindəyik İsmayıl UMUDLU Sergey Lavrovun ardınca Dmitri Medvedyevin İrəvana səfəri ilə Qarabağ danışıqlarında yeni raundun başlanacağı və ya artıq başlanmış olması mətbuatın söz-söhbət mövzusuna çevrilmişdir. Prezidentlər Əliyev və Sarqsyanın noyabrın əvvəlində Moskvada Medvedyevin iştirakı ilə görüşəcəkləri ideyası var. Rusiyanın birtərəfli qaydada diplomatik fəallığını artırdığının fonunda həmsədrlərin də bölgəyə gəlişi gözlənilir. Qarabağ danışıqları ətrafında pərdəarxası "nələrinsə" baş verdiyi özünü son həftə daha qabarıq hiss etdirməyə başlamışdır. RUSİYANIN İSTƏYİ Beləliklə, əgər mətbuata sızan pərdəarxası təfsilatlar doğrudursa, Qarabağ probleminin memarı və müəllifi olan Moskva faktik olaraq bizə "ağır sülh" təklif edir. Yəni bizə hələlik keçmiş DQMV inzibati rayonu xaricində altı rayon qaytarılır, Laçın təklifdən kənarda qalır (Sergey Lavrov bu yaxınlarda Laçın dəhlizi ilə bağlı "razılaşdırılmayan məqamlar qalır" dedikdə, yəqin, bunu nəzərdə tuturmuş). Əvəzində biz dəmir yolları açırıq, Bakı - Ceyhan kəmərinə nəzarət hansı bir formadasa Moskvanın əlinə keçir, Nabuccodan imtina edirik, qazımız Rusiya ərazisi ilə nəql olunur, NATO-ya üzv olmayacağımızla bağlı Bakı üzərinə hansısa öhdəlik götürür. DQ-yə nəzarət bu anda Azərbaycana qaytarılmır, onun status məsələsi referenduma çıxarılır, yaxud bu məsələ dondurulur və qeyri-müəyyən müddətə təxirə salınır. Münaqişə bölgəsinə Rusiya sülhməramlıları yeridilir. Bu variantı hazırlayanların məntiqinə görə, bununla Azərbaycan razılaşmalıdır, ən azı ona görə ki, nəzarətindən çıxmış olan torpaqlarının xeyli qisminin nəzarəti ona qayıdır, DQ-nin statusu təxirə salınır və s. Öz növbəsində, Ermənistan bu planla razılaşmalıdır, ən azı ona görə ki, DQ Azərbaycana qaytarılmır, faktik olaraq indiki vəziyyətində qalır, dəmir yollar açılır, indiyə qədər Azərbaycana vurduğu iqtisadi zərərin əvəzini ödəməkdən yaxasını qurtarır. Rusiyanın siyasi faydası ondan ibarət olur ki, NATO-nun Ermənistanı və Azərbaycanı öz orbitinə daxil etməsinin qarşısını alır, Vaşinqtonu nümayişkaranə şəkildə oyundankənar vəziyyətə salır. Münaqişə bölgəsinə öz sülhməramlılarını yeritməklə vəziyyəti nəzarət altına alır və bir vaxt Abxaziya və Cənubi Osetiyaya yeridilən bu sülhməramlılar vasitəsilə ən müxtəlif situasiyalarda vəziyyəti diqtə etmək rıçaqı əldə etmiş olur. Ən nəhayət, enerji resurslarının nəqlindən iqtisadi faydalar əldə edir, bölgə onun iqtisadi orbitində qalır. Ermənistan və Azərbaycan arasında birbaşa dəmir yol bağlantısını bərpa etdirməklə, birincisi, NATO-ya oriyentasiya götürən Gürcüstanı tranzitdən götürdüyü və gələcəkdə götürmək niyyətində olduğu bütün faydalardan məhrum edir. İkincisi, özünün Ermənistanda olan iqtisadi faydalarını dəmir yol daşımaları ilə real surətdə artırır, İrana birbaşa dəmir yol bağlantısını bərpa edir və s. Bundan başqa, Rusiya münaqişə tərəflərini bu varianta imza atdırmaqla, Gürcüstanla avqust qarşıdurmasından sonra dünya birliyində onun barəsində formalaşdırılmış "təcavüzkar ölkə" imicini "sülhyaradıcı ölkə" imici ilə əvəz edir, yaxud bu münasibəti xeyli dərəcədə yumşaltmış olur. Eyni zamanda, Rusiya hazırda azərbaycanlıların gözündə insanlara böyük fəlakətlər və məşəqqətlər gətirmiş olan Qarabağ münaqişəsinin memarıdır. İndi sülhə nail olmaqla, Moskva bu münasibəti xeyli dərəcədə yaxşılığa doğru dəyişəcəyini güman edir. Bizə görə, danışıqlar masası üzərində başlıca oyunçunun, bu halda Moskvanın apardığı oyunun təqribi mahiyyəti bunlardan ibarətdir Rusiyanın niyə birdən öz əlaltısı olan Ermənistanla münasibətlərində taktikanı dəyişməsinin bir ciddi səbəbi də var. İrəvanın "komplimentarlığı"nı, Qərb və NATO, özəlliklə də Türkiyə qarşısında reveranslarını Moskva açıq şəkildə qısqanır. Rusiyanın ermənipərəst "Reqnum" agentliyinin adının çəkilməsini istəməyən bir eksperti bu nöqtədə fikri auditoriyaya sızdırıb (ola bilsin, bu niyyətlə ki, hər kəs öz payını götürsün). Bu ekspertə görə, Ermənistan siyasətinin "razılaşdırılmayan çoxvektorluğu" Rusiyanı razı salmır. Bu ekspert İrəvanda iki prezidentin görüşündən sonra açıqlanmış rəsmi ibarələrin sətiraltı mənalarını təhlil edərək belə bir nəticəyə gəlib ki, İrəvanda prezidentlər arasında fikir ayrılıqları varmış. Ehtimal edildiyinə görə, Medvedyev İrəvanın onun təhlükəsizliyinin qarantı olaraq Rusiyanın önəmini azaldan siyasətini qınamışdır. Bunu üstüörtülü hədə kimi də qavramaq olar. BİZ NƏ CAVAB VERƏCƏYİK? Rusiyanın istəklərinin mərkəzində dayanan şərtləri gözdən keçirdikdə, belə bir sülhün bizim üçün nə anlam daşıdığının fərqində olmamış deyilik. Nəzəri baxımdan, hazırda işğal altında olan bütün torpaqlarımız üzərində nəzarətimizin tam bərpasına yardımçı olmağımızın müqabilində Rusiyanın bu istəklərinin çoxunu reallaşdırmaq bəlkə də mümkün olardı. Məsələn, onun ən çox qorxduğu NATO oriyentasiyasına münasibətdə lap başlanğıcdan Rusiyanı nəzərə almışıq. NATO-ya açıq "yox" deməmişiksə də, "hə" də deməmişik, Gürcüstan və Ukrayna ilə müqayisədə Alyansla müəyyən məsafə saxlamışıq. Ölkə ərazisində xarici hərbi bazaların yerləşməyəcəyini Azərbaycan öz Milli Təhlükəsizlik Konsepsiyasında və "Müdafiə haqqında" qanunda təsbit etmiş və buna sadiq olduğunu hər zaman sərgiləmişdir. "Nabucco" barədə də Rusiyanın istəyini doğrultmaq bəlkə də mümkün olardı. Bakı - Tiflis - Ceyhan isə sırf kommersiya layihəsidir və bunun funksionallığı kollektiv şəkildə idarə olunur. Azərbaycan ağır təklifləri qəbul etmək yolu ilə torpaqlarının işğal altında olan hissəsinin geri qaytarılmasına buna qədər düzgün olaraq razılıq verməmişdi. İndi nə cür yanaşacaq, bunun təfsilatını, yəqin ki, Rusiya prezidentinin planlaşdırdığı Moskva görüşünün sonunda biləcəyik. İLHAM ƏLİYEV MÜNASİBƏTİNİ AÇIQLADI Dünənki andiçmə mərasimində prezident İlham Əliyev bu məsələyə münasibətini açıqladı. Bunu son günlərin müzakirələrinə ilkin cavab kimi də dəyərləndirmək olardı. Bu məsələdə Bakının siyasətini müəyyənləşdirən dövlət başçımız dedi: "Bizim xarici siyasətin əsas prioriteti Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli olub. Bu istiqamətdə, əfsuslar olsun ki, hələlik heç bir nəticə əldə edilməyib. Ancaq deyə bilərəm ki, Azərbaycanın mövqeyi, baxışları və bizim tərəfimizdən irəli sürülən prinsiplər çox böyük dəyər qazanıb. Danışıqların mahiyyəti Azərbaycanın ərazi bütövlüyü əsasında aparılır. Bu, heç kimdə şübhə yaratmır və yarada da bilməz". Dövlət başçısı bölgənin inkişafı üçün "dondurulmuş münaqişələr"in həll edilməsinin vacib olduğunu bildirir. Azərbaycan prezidenti Dağlıq Qarabağ probleminin həllinin ancaq və ancaq beynəlxalq hüquq və normalar əsasında mümkün olduğunu deyib, Azərbaycanın ərazi bütövlüyünün bərpasının vacibliyini vurğulayarkən qeyd edib: "Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu olmayıb və heç vaxt olmayacaq. Nə bu gün, nə sabah, nə 10, nə də 50 ildən sonra Dağlıq Qarabağa müstəqillik veriləcək. Azərbaycan onu heç vaxt tanımayacaq. Münaqişənin həlli üçün beynəlxalq hüququn prinsipləri öz həllini tapmalıdır. Ermənistan tərəfindən Azərbaycana qarşı aparılan işğalçı siyasət davam edir. Biz hələ ki danışıqların davam etdirilməsində maraqlıyıq. Hələlik hesab edirik ki, danışıqlar məsələnin ədalətli həllinə gətirib çıxara bilər. Əzəli torpağımız olan Dağlıq Qarabağın Azərbaycandan ayrılmasına heç vaxt imkan verməyəcəyik. Biz öz dövlət müstəqilliyimizi möhkəmləndirərək ərazi bütövlüyümüzü bərpa edəcəyik. Beynəlxalq hüquq normaları bizim tərəfimizdədir". Xatırladaq ki, hər dəfə bizim dövlət başçısı hərbi büdcənin artırıldığı, ordu quruculuğuna böyük önəm verildiyini qeyd edəndə, İrəvanda bu hal bərk qıcıqlanma ilə qarşılanır. Hətta Serj Sarqsyan bu aspekti BMT TŞ sessiyasındakı nitqində də qabartmağa çalışdı. Lakin bu ağrılı reaksiyalara Bakıda məhəl qoyulmadığını bir daha gördük. Belə ki, İlham Əliyev ordu quruculuğunun böyük sürətlə aparıldığını bir daha qeyd etdi. O, 2003-cü ildə Azərbaycanın hərbi xərclərinin 163 milyon dollar olduğu halda, 2008-ci ildə bu rəqəmin 1 milyard 850 milyon dollara çatdığını xatırlatdı və əlavə etdi: "Növbəti illərdə bu məbləğ daha da artırılacaq". İNDİ İRƏVAN NƏ EDƏCƏK? Təbii ki, masanın üzərində olan və Rusiya tərəfindən faktik olaraq dəstəklənən variant Ermənistan üçün də "ağır sülh"dür. İrəvan, yəqin ki, öz strateji müttəfiqinin bu siyasi gedişini içində qaynatdığı bir hiddətlə qarşılayıb. Lakin buna qarşı açıq şəkildə çıxmaq cürətində deyil. İrəvanın Qarabağ siyasətində belə bir postulat əsas götürülür ki, Qarabağ ətrafında tutulmuş torpaqlar "Qarabağın təhlükəsizliyi" üçün mühüm şərtdir, bircə rayonun belə geri qaytarılması o demək olacaq ki, qalan torpaqlar, qar topası günəşin altında sürətlə əridiyi kimi, əllərindən tez bir zamanda çıxacaq. Bu ovqatı parlamentdə daşnak fraksiyasının üzvü Ara Nranyan dünənki brifinqdə belə ifadə edib: "Azərbaycana verilən hər santimetr ərazi gələcəkdə bizim üçün yeri doldurula bilməyən itkiyə çevriləcək". Onlar üçün hansısa mifik "tarixi ədalət", "Dağlıq Qarabağ xalqının öz müqəddəratını təyin etmək hüququ" kimi anlamlar hakimdir. Qəfildən isə Rusiya - 1988-91-ci illərdə bu işi qurmuş, yəni bizim torpaqları alıb onların nəzarətinə vermiş olan böyük ölkə Ermənistanın qarşısında altı rayonun birdən sahibinə qaytarılmasını şərt kimi önə sürür və İrəvana təzyiq göstərməyə başlayır. Sözügedən postulatlara inanmış İrəvan siyasətçilərinin nə hala düşdüklərini təsəvvürə gətirmək olar. Sözügedən ehtimali sülh, hətta bu variantda belə, Ermənistan üçün bir də ona görə ağır sayılır ki, son iyirmi ildə erməni ictimaiyyətinə yedirilən siyasət alt-üst olur, demə, bütün verilən itkilər hədər imiş. Buna isə cavab vermək lazım gələcək. Sülhdən sonra isə Ermənistanın 2 milyonluq pensiyaçı və qeyri-passionar kütləsinin qarşısına 8 milyonluq dinamik inkişaf edən və böyük iqtisadi potensiala malik Azərbaycan çıxacaq. İrəvanda siyasi qafalarda belə bir fikir hakimdir ki, Azərbaycan öz xarici siyasət kursunu sürətlə Rusiyaya doğru istiqamətləndirməkdədir. Onları qorxudan da budur ki, Moskva bunun qarşılığını nə iləsə ödəməlidir. Nə ilə? Təbii ki, Ermənistanın nəzarətində olan torpaqların sahibinə qaytarılması ilə. Amma bütün bunlarla bərabər bir iş də var ki, son iyirmi ildə bu kimi "yeni raundlar"ı, "yeni mərhələlər"i çox gördük, amma danışıqlarda hər hansı cüzi irəliləyiş olmadı. İrəvanın davranış taktikalarını tez-tez dəyişdirdiyini, başqa bir metod qalmadıqda durub masadan qaçdığını bildiyimizdən və Rusiyanın budəfəki istəklərinin mətbuata sızan məzmunundan az-çox xəbərdar olduğumuzdan, nəhayət, nikbin notlara köklənməkdə çətinlik çəkirik. Hər şey, yəni diplomatik prosesin hansı yöndə gedəcəyi Rusiyanın bizim kiçik ölkənin həyati gəlir mənbələri ilə bağlı çox ağır istəklərinin müqabilində Bakının nə cavab verəcəyi, İrəvanın işğal altında tutduğu torpaqları bir az da çox əlində saxlamaq istəyini nə cür boğa biləcəyi, Rusiya ilə rəqabətə girmiş olan Qərbin nə şəkildə davrancağından asılı olacaq. ayna

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar