Erməni məsələsi Tarixin qaranlıqlarından indiyə kimi
2021.10.20, 07:36
"Erməni məsələsi" Tarixin qaranlıqlarından indiyə kimi Xaqani İsmayılın "Erməni məsələsi" və türk-müsəlman soyqırımı" adlı araşdırmasında I Dünya Savaşı fonunda Qafqaz, Güney Azərbaycan və Anadolu türklərinin soyqırıma uğramasına arxiv bəlgələri və sənədli qaynaqlar əsasında işıq tutulur. Tədqiqat əsərində müəllif həmçinin "erməni məsələsi", qədim və çağdaş erməni tarixinin bəzi saxtalaşdırılmış məqamlarına, o sıradan erməni-Bizans, erməni-gürcü, erməni-rus, erməni-türk, erməni-kürd mövzularına da geniş yer verir. Yaxın gələcəkdə kitab şəklində nəşri gözlənilən bu araşdırmanın bəzi bölümləri ilə oxucularmız "Ekspress"in çərşənbə və şənbə saylarında tanış ola biləcəklər. (əvvəli ötən çərşənbə sayımızda) Ermənilər Osmanlının himayəsində Səlcuqlardan sonra Osmanlılar da ermənilərin barış, rifah və tərəqqi içində yaşamasına imkan yaratmışdılar. 1326-cı ildə Orxan bəy Bursanı fəth etdi və müəyyən bir müddət ərzində Bursa türklərin baş şəhəri oldu. Bu zaman Orxan Qazi ermənilərin də Bizans təhlükəsindən birdəfəlik qurtulması üçün onların Anadoluda məskunlaşmasına icazə verdi. Onun şəfqəti nəticəsində erməni patriarxlığı da Bursaya köçürüldü. İstanbulun fəthindən (1453) sonra, 1461-ci ildə Fateh Sultan Mehmet Bursanın baş yepiskopu Hovakimi bütün ermənilərin patriarxı kimi tanımışdı və onu iki yüz erməni ailəsi ilə birlikdə İstanbula köçürdü. Sultan Mehmetin əmri ilə patriarxlığa və erməni ailələrinə münasib yerlər ayrıldı, bununla da İstanbulda güclü bir erməni icması yarandı. (Heç təsadüfi deyil ki, erməni kilsəsinin rəsmi saytında deyilir: "Erməni kilsəsi tarix boyu erməni xalqı ilə o qədər yaxın olmuşdur ki, indi onları bir-birindən ayrı düşünmək mümkün deyil. Millət və kilsə məfhumları o qədər qaynayıb-qarışmışdır ki, sanki "milli kilsə" termini məhz ermənilər tərəfindən məxsusi düşünülmüşdür") Xristian havadarlığı Türkiyə ermənilərinin sonradan xristian havadarlarının meydana çıxması prosesinin təməlinin isə 1536-cı il tarixindən atıldığını, desək, yanılmarıq. 1536-cı ildə Osmanlı hökumətinin Fransa ilə bağladığı müqavilə əsasında fransızlar bütün Osmanlı torpaqlarında ticarət hüququ əldə etdilər. Fransızlara həm də tam dini azadlıq bəxş edildi. Bundan başqa, həmin sənədin imzalanması nəticəsində Osmanlı ərazilərindəki katoliklər üzərində fransızların protektoratının fəaliyyətinə qeyri-məhdud imkan yarandı. Türk tarixçiləri, o sıradan Kamuran Gürün Osmanlı İmperiyasının durğunluq dövrünü 1579-cu ildən - Mehmet Paşa Sokulunun ölüm tarixindən, eniş dövrünün başlanğıcını isə 1699-cu ildən - Karlovits sazişindən hesablayırlar. 1774-ci ildə Küçükqaynarca müqaviləsi isə Osmanlı İmperiyasının böyüklüyünə və güclülüyünə son qoydu... 1831-ci ildə Fransız səfirliyinin xahişi ilə Sultan II Mahmud ermənilərin dilinin, adət-ənənələrinin qorunması üçün "erməni icması"nın qeydə alınması haqda əqd imzaladı. Və 1878-ci ilədək Osmanlı ərazisində yaşayan ermənilərin Anadolu türklərilə münasibətlərində çox ciddi bir pozuntular hiss olunmamışdı, desək, yanılmarıq. Yeni hami axtarışları "...Erməni icması türklərin gündəlik həyatının fəaliyyətini təmin edirdi. Qədim zamanlardan daha çox idarə etməyə öyrənmiş türklər, sənayenin bütün sahələrini ermənilərə buraxmışdılar. Nəticədə Türkiyədə bütün bankirlər, tacirlər və mexaniklər ermənilərdən ibarət idi. Bundan başqa, ermənilərlə müsəlmanların psixoloji uyqarlığı və maraq eyniliyi də yaranmışdı... Çətin ki, elə bir paşa və yüksəkrütbəli (türk) çinovniki tapılsın ki, ermənilərdən borc almasın. Hətta imkansız türk kəndlisi əkinə toxum almaq üçün ermənilərə borc xahişilə müraciət etməli olurdu. Osmanlı hətta bir gün belə ermənisiz yaşaya bilməzdi. Bu (həqiqət) o dərəcədə aydın idi ki, Türkiyəni məhv etmək istəyən ruslar, ilk öncə oradakı erməni icmasını öz tərəfinə çəkməyə başladılar. Onlar 1828-ci ildə Ərzurumu işğal edib erməniləri də öz cəza tədbirlərinə cəlb etmişdilər ki, ruslar geri çəkiləndə ermənilər torpaqlarını qoyub getməli oldular". F. Valvinin "İslamda inqilablar" (London, 1925. ingiliscə) kitabından götürülmüş bu sitatı qeyd edən rəhmətlik professorumuz Sabir Əsədov yazırdı ki, həmin iqtibas 1857-ci ildə Nyu-York mətbuatında dərc edilmişdir. Yəni o zaman Qərb ermənilərin Osmanlıdakı durumuna ancaq qibtə ilə yanaşa bilərdilər, vəssəlam. Osmanlını süquta uğratmaq üçünsə iqtisadi-siyasi planlardan başqa, daxildə təfriqə yaratmaq planı da lazım gəlirdi. Erməni knyazı İsrael Orinin I Pyotrla görüşməsindən sonra isə Rusiyanın Qafqaz, İran, Türkiyə və ermənilər haqda siyasəti daha da müəyyənləşdi. Və demək olar ki, bu günə qədər də İsrael Orinin I Pyotra etdiyi təklif - Şimali və Cənubi Qafqazı, daha sonra İranı əsarət altına alaraq isti dənizlərə çıxış əldə etmək; Qafqaza erməniləri köçürərək, orada çar Rusiyasına dayaq ola biləcək sədaqətli bir xristian (erməni) icması formalaşdırmaq; tədricən erməniləri himayə edərək Türkiyədə də erməni dövləti yaratmaq... Türkiyə və İranın birdəfəlik süqutuna səbəb olmaq və s. - rus siyasətinin ana xəttini təşkil edir. Şimal müharibəsi I Pyotrun bu planları həyata keçirmə cəhdlərini bir qədər ləngitsə də, nəhayət, o, Şimali Qafqaza qoşun yeritdi və ömrünün sonuna yaxın - 1724-cü ilin oktyabrında erməni xalqını himayə etmək haqqında fərman imzaladı. Bu fərmana görə Rusiyanın işğalı altına keçən ərazilərdə ermənilərin yerləşdirilməsinə (köçürülməsinə) icazə verildi. 1761-ci ildə isə İsrael Orinin missiyasını davam etdirən soydaşı İosif Emin də erməni dövlətinin (muxtariyyətinin) yaradılması üçün Rusiya hökuməti ilə müvafiq danışıqlar aparırdı. XVIII-XIX əsrlərdə Osmanlı və Rusiya arasında baş verən bir neçə müharibə nəticəsində Osmanlı İmperatorluğu Krımı, Sağsahil Ukraynasını, Balkanların bir hissəsini, nəhayət, Qafqazı ruslara güzəştə getdikdən sonra ermənilərin də öz xaç ortaqları ilə yeni sövdələşmələrə girişmək üçün imkanları yarandı. Həmçinin İran-Rusiya müharibələrindən də qalib çıxan şimal qonşumuz Araz çayı ilə Azərbaycanı ikiyə bölərək, 15 il mərdliklə müqavimət göstərən İrəvan xanlığının süqutundan sonra, 1828-ci il martın 21-də bugünkü siyasətlərinin təməli kimi mərkəzi İrəvan şəhəri olmaqla "Erməni Vilayəti"ni yaratdı. Qafqazın ən önəmli, strateji nöqtəsi olan İrəvan qalasının təslim edilməsində ermənilərin xəyanətkar rolundan bəhs etməzdən öncə ermənilərin bağlı qapılar arxasında hələ çox öncələr belə apardığı bəzi danışıqlara diqqəti cəlb etmək istərdik. Həmin məsələ haqqında ətraflı bəhs edən hörmətli tarixçi- alim İsrafil Məmmədova görə, erməni dövləti qurmaq "proqramı", XII əsrdən etibarən hazırlansa da, XVI əsrin II yarısında bu "proqram"ın həyata keçirilməsi yolunda ikinci mərhələ başlandı. 1562-ci ildə Mikael Sebatsietsi məsələni yoluna qoymaqdan ötrü gizli yığıncaq çağırmalı oldu. Abqar Toxatetsi başda olmaqla Romaya nümayəndə heyəti göndərildi. 1666-cı ildə elçilər XIV Lüdovikdən kömək diləmək üçün Fransaya getdilər. Elçilər naümid qayıdır, ermənilər yenə də inamı itirmirdilər. 1678-ci ildə yenə İtaliyaya elçi göndərmişdilər. Təşəbbüsü İsrael Ori öz əlinə almışdı. İtaliya, Fransa, Almaniya erməni dövləti qurmaq proqramını alqışlamadı. İsrael Ori 1699-cu ildə katalikos Minasla birlikdə Almaniyaya getdi. Lakin İohanın Vilhelmdən müsbət cavab ala bilmədilər. I Pyotra satıldılar Yçüncü mərhələ "1699-cı ildən başlandı. Avropadan dəstək ala bilməyən ermənilər Rusiyaya pənah gətirdilər. Çar I Pyotrla məktublaşma xeyli davam etdi. 1701-ci ildə İ.Ori və arximandrit Minas imperatorun şəxsi qəbulunda oldular. Avropanın dövlət başçılarına təqdim edə bilmədikləri 36 maddəlik "proqramı" I Pyotra verdilər. 1703-cü ildə I Pyotr artıq "Ermənistan xəritəsi"ni dönə-dönə nəzərdən keçirmişdi. İ. Orinin təqdim etdiyi bu xəritədə İrəvan xanlığı və Zəngəzur qabarıq şəkildə təsvir olunurdu". Yenə də həmin müəllifin İrəvan arxivləri, erməni-rus mənbələri, o sıradan Çar Rusiyası arxivlərindəki məxəzlər əsasında apardığı araşdırmalara görə, İ.Ori I Pyotru İrəvan şəhəri və qalasının coğrafi mövqeyi, hal-hazırki durumu, strateji və siyasi əhəmiyyəti haqqında ətraflı məlumatlandırırmış. 1699-cu ildə Angeğaqot yığıncağının qərarı əsasında hazırladığı məktubda o, İrəvan şəhəri barədə yazırdı:"Rus qoşunları Cənubi Qafqaza daxil olandan sonra, güman ki, türklər savaşa başlaya bilərlər. Lakin bunun faydası yoxdur. Müharibə onlara heç nə verməyəcək, "çünki burada tutulmalı yeganə şəhər varsa, İrəvan şəhəridir". Başqa bir məktubunda bu erməni İrəvan qalasında bombanın, barıtın yoxluğu, bu cür sursatların ermənilərin əlində cəmləşməsi, qalanın iki qapısı olması, rus qoşunlarının hücumu zamanı bu qapıları yerli ermənilərin (söhbət İrəvan qalasının möhkəmləndirilməsi və s. üçün oraya cəlb edilmiş bənnalardan, başqa bu cür sənət sahiblərindən və sosial vəziyyəti aşağı olan kiçik sayda ermənilərdən gedir) asanlıqla açacağı haqda I Pyotru məlumatlandırırdı. Ancaq "erməni xəstəliyi" bu məktubda da özünü büruzə verməkdəydi: guya ruslar İrana hücum etsə, qosqoca İran dövləti cəmi 48 min qoşun çıxara biləcəyi halda, ancaq ermənilər ruslara köməklik məqsədilə 192 min nəfərlik qoşun çıxara biləcəkmiş. Bununla yanaşı, rus ordusuna birləşməyə hazır olan arxiyepiskop Minas Pərvazyanın başçılığı ilə guya 40000 nəfərədək erməni ordusunun mövcudluğu da bildirilir, rusların hücum edərək yaxınlaşdığı təqdirdə belə silahlı dəstələrin sayının daha 40000 nəfərlik artırılacağına söz verilirdi (22 sentyabr, 1722). Növbəti biclik və həyasızlıq 1724-cü il aprelin 4-də İvan Karapetin "Ermənistanda vəziyyət haqqında" Çara göndərdiyi hesabatda özünü büruzə verir. O dövrün sənədlərində "Ermənistan" anlayışı nəinki dövlət, heç coğrafi məfhum kimi də nə Qərb, nə də Rusiya rəsmi dairələrinin leksikonunda olmadığı halda, İ.Karapet kimi erməni başbilənləri bu məfhumu hamının, o sıradan rusların da beyninə yeritməyə çalışırdılar. Beləliklə, ermənilər Qafqazda etnodemoqrafik durumu xristianların xeyrinə dəyişdirmək üçün I Pyotru çoxdan xəyallarında dolandırıb ölməyə qoymadıqları "erməni məsələsi"ndən yararlanmağa sövq etdilər... 1724-cü il noyabrın 10-da I Pyotr ermənilərin 3 nümayəndəsini qəbul etdikdən sonra onların Gilanda, Mazandaranda, Bakıda, Dərbənddə və başqa bölgələrdə yerləşdirilməsinə çalışmaq üçün general-leytenant Matyuşkinə və Levaşova tapşırıq verdi. Sonrakı rus padşahı Yekaterina da 1726-cı il fevralın 22-də ermənilərə mərhəmət göstərmək haqqında fərman imzaladı... Onu da qeyd etmək vacibdir ki, Cənubi Qafqazın ən strateji nöqtəsi olan İrəvan qalasına doğru savaşlarda rusların 15 ildən sonra da olsa müvəffəqiyyət qazanması və nəhayət, Sərdarabad və İrəvan qalalarının süqut etməsi məsələsində ermənilərin həm xəyanətinin, həm də o bölgələrdə vaxtilə xüsusi məqsədlə fərdi qaydada məskunlaşmış erməni ailələrinin ruslara kömək göstərməsinin böyük rolu olmuşdu. Belə ki, tanımadıqları ərazilərdə rus qoşunları tələyə düşmək, aclıqdan, xüsusilə də susuzluqdan qırılmaq təhlükəsi ilə üzləşən zaman ermənilər dəfələrlə onları vəziyyətdən çıxarmış, onlara yemək vermiş, gizli su quyularının yerini bildirmiş, hətta silah, qoşqu vasitələri, miniklərlə yardım etmişdilər... (ardı var) express