Güney Azərbaycanda ədəbi (yazınsal) gəlişmələrlə bağlı söyləşi
2021.10.20, 07:36
Güney Azərbaycanda ədəbi (yazınsal) gəlişmələrlə bağlı söyləşi Rasim Qaraca: O tayda son illər ədəbiyyat sahəsində bir canlanma hiss olunur, ana dilində yazan gənc qələmlərin sayı artıb. Bunu necə izah etmək olar? Güntay Gəncalp: Güneydə toplumun sosial psixologiyası bir çox nədənlərdən asılı olaraq dəyişməkdədir. Bu dəyişmənin yanı sıra ulusal bilincin oyanışı da gündən günə toplumun, özəlliklə yaradıcı kəsimin dərinliklərinə yol açmaqdadır. Oyanış və aydınlanma hər şeydən öncə sənət əsərində öz keyfiyətini və ehtiyaclarını göstərər. Bu üzdən də bu oyanış və aydınlanma dalğaları özünü sənət əsərlərinin türlərində göstərmiş olur. Örnəyin Təbriz heykəltaraşlıq sənəti son on ildə Ruhi Tuna timsalında Türkiyəni fəth etdi. Ancaq somut (konkret) olaraq ədəbiyata gəldiyimizdə bunun da dəyişik nədənləri var. Bütün cəmiyətlərdə sözlü yaradıcılığa daha çox əhəmiyət verilir. Çünkü sözlü yaradıcılıqda dil öz imkanlarını sınamış və gəlişdirmiş olur. Türk kimliyinin yüksəlişi ən çox ədəbi yaradıcılıqda təzahür edir. Bu, yeni mənəvi enerjinin toplum içində baş qaldırışıdır. Ədəbi yaradıcılıqda yavaş-yavaş təcrübə qazanan dilimiz, istər-istəməz özünün ən yüksək yaradıcılıq evrəsinə dırmanmaqda, yəni fəlsəfəyə girmə yolunda çabalayacaqdır. Bir dil nə qədər ki, fəlsəfəyə girməmiş öz olanaqlarından (imkanlarından) xəbərsizdir. Soyuq Savaşdan sonra insanların mənəvi, fikri ehtiyaclarının məzmunu dəyişmişdir. Bu məzmun dəyişikliyi istər-istəməz biçim dəyişikliyinə də yol açmışdır. Bu üzdən də modern şeir daha güncəldir. Bu tür yaradıcılığa həvəs get-gedə artır. Şeiriyətə yansıyan modernitə toplumsal davranışların, dünyagörüşünün dəyişiminə yol açır. O qaranlıq tarixi mühitdən qopmaq üçün ədəbiyat bayraqdarlıq etməkdədir. Mənim fikrimə görə meydana çıxmış olan bu yeni ədəbi dalğaların təməl amacı o tarixi, “mənəvi” mühiti dəyişdirməkdir. Yaradıcılığın əsas qayəsi bir qopuş sağlamaqdır. Qopuş sağlanmayacaqsa yaradıcılığın bir anlamı yoxdur. Yaradıcılıq mövcud gerçəkliyə etiraz bilincindən başlar. Yeni qələm sahibləri belə bir missiyanın yükünü öz çiyinlərində daşıyırlar. Güney Azərbaycanda ölgün, durğun bir mərsiyə mühiti var, ağlaşma kültürü. Cəmiyyət onu qoyun kimi məscidlərdə ağladacaq ədəbiyatdan xoşlanır. Hətta bunun üçün zəhmətlə qazanmış pullarını da onları ağladana verirlər. Yəni əgər Qərbdə insanlar operaya, teatra getmək üçün para ödəyirlərsə, bizim insanlar onları dadlı- dadlı ağladan mollaya və ya mərsiyəxana pul ödəyirlər. Ona görə də bizdə kimin gözəl səsi varsa, maddi həyatı yolunda olar. İnsanları ağladıb yaxşı para qazan bilər. Bu üzdən də bizdə musiqi olmadı, mərsiyə oldu. Bizim modern musiqimiz Quzey Azərbaycanın Rusiya tərkibinə keçməsi ilə ortaya çıxdı. Öncədən yalnız mərsiyə olmuş bir də şəhər həyatında özünə yer edə bilməyən aşıq sənəti olmuşdur. Niyə belə oldu? Çünke Quzey Azərbaycan ortam dəyişikliyinə uğradı da o üzdən. Yəni minillik qaranlıq mühitdən ayrılıb və birdən Tolstoy, Dostoyevski, Puşkin, Çexof kimi yeni mərifət adamları ilə tanışlıq bir şans oldu. Belə anlaşılır ki, İranda da ortam dəyişikliyi Güney Azərbaycandakı çağdaşlaşma dalğalarını gücləndirə bilər. Örnəyin Amerikanın Böyük Orta Doğu Projesi deyə bir söz dolaşır ortalıqda. Bunun bəlli olan tərəfi budur ki, Amerika Qərb uyqarlığının (mədəniyətinin) kitablarını bütünü ilə Orta Doğu ölkələrinin dillərinə tərcümə etmək istəyir. Amerikanın bu işdə mənafesinin nə olduğunu bir yana qoyaq, ancaq bu iş İslam Orta Çağında yaşayan millətlərin aydınlığa çıxması üçün təkan verər. Təsəvvür ediniz ki, Ərəbistanda Nitsşeni ərəb dilində gənclər sərbəst şəkildə oxusalar nə olar? Ya da Rossonu və digərlərini. Nitsşe “Allah öldü” dediyi üçün Tunes kimi bəzi ölkələr istinsna olmaqla, bütün ərəb ölkələrində yasaqlanmışdır. Tunesə də bu xoşbəxtliyi Fransa əsarətində olması qazandırmışdır. Bu vəsilə ilə bu coğrafiyada yaşayan millətlər öz qaranlıq və qorxunc keçmişlərindən ayrıla bilərlər. Bu ayrılış zamanı bir çox həqiqətlər, bir çox yeniliklər ortaya çıxar. Çünkü böyük əsərlər, böyük şəxsiyətlər tarix boyu böyük qopuş zamanı meydana çıxmışlar. İndiki durumda isə, əski iyrənc tarix davam edir və mərsiyə sosial həyatın bütün qatlarını etkiləmişdir. 70-80 yaşlarında ər kişilər dəstə-dəstə camilərdə hönkür-hönkür ağlayırlar. Hüseyn Cavid “Azər” adlı əsərində bu sürüləri “ipsiz dəlilər” olaraq adlandırır və haqlıdır. Bizim kültürümüz böyük və yeni insan yetişdirməyə qadir deyil. Güneydə yetişən yeni insanlar öz kültürümüzün məhsulu deyillər, kəsinliklə deyillər. Onların əsas düşmənlərindən biri də zatən yeniliyə qapalı olan bizim öz dinçi kültürümüzdür. Ona görə də modern düşüncəli Güney gəncləri həm şovinizmlə qarşı-qarşıyadırlar, həm də bizi farslara təslim edən öz kültürümüzlə. Səfəvilərdən etibarən başlayan bədbəxtlikdir bu. İran mühiti bu açıdan çox qorxunc qaranlığa qərq olmuşdur. İran mühiti tarix boyu yeniliyə qapalı olmuş, yeniliyin düşməni olmuşdur. Son yüz ildə minlərcə, bəlkə də onminlərcə beyin qaçışına şahid olmuşuq. Yenilik söznü ədəbiyatda kullanan insan ya zindana atılmış, ya ictimai hüquqdan məhrum edilərək maddi ehtiyacın qoynunda can vermişlər, ya da ölkə dışına qaçmışlar. Bu gün ölkə dışına qaçan və azad dünyada yaşama şansını əldə edən aydın Güney gəncləri və yaradıcı insanlar milli dilin, milli kimliyin, modern yazının gəlişməsində çox yaxşı işlər görürlər. Hər zaman olduğu kimi yazın, yenə də qaranlıqlarla savaşda ön plandadır. Bu açıdan baxıldığında modernizm haqqında düşünmək özü-özlüyündə cəsarət və qəhrəmanlıq tələb edir. Hələ modern düşüncəni, modern zehniyəti və modern insan tipini ədəbiyyat türlərində anlatmağa çalışmaq, əslində ciddi təhdi və təhlükə ilə qarşı-qarşıya gəlməkdir. Bu təhlükənin daha geniş qaynağı Orta Doğunun islam orta çağıdır. Konkret qaynağı isə, İranda hakim olan din kökənli şovinizmdir. İslam Orta Çağı davam etdikcə, zavallı insana özgürlüyün necə bir nemət olduğunu anlatmaq mümkün olmayacaqdır. Güney Azərbaycanda hiss olunan canlanma bu təzad ortamında gəlişməkdədir. Bir tərəfdə zehniyətini evrənsəlləşdirmiş özgürlük istəyən gənc nəsl, başqa tərəfdə isə qaranlıq bir tarixdən gələn əngəlləyici güclər və din mərkəzli şovinizm. Rasim Qaraca: Ədəbiyyat nə üçün lazımdır? Güntay Gəncalp: “Ədəbiyyat” və “mədəniyyət” qavramları ilk dəfə olaraq XIX əsrdə Osmanlıda yarandı. “Ədəbiyyat” sözü əslində bizim dildə yaradılan əsərləri ifadə edə bilmir. Çünkü “ədəbiyyat” sözünün kökü “ədəb”dir. “Ədəb” isə ən çox dini və kültürəl məna daşıyır. Əslində klasik ədəbiyatla “ədəb” sözünün sıx bağlantısı var. Ancaq modern yaradıcılığı ədəbiyyat sözü ifadə edə bilmir. Çünkü dini və kültürəl anlamda ədəbiyyat təslim olmağı, Tanrı qarşısında, törələr qarşısında təslim olmağı təlqin edir. Ancaq modernitənin əsasında etiraz durar, təslim deyil. Ona görə də ədəbiyyat yerınə “yazın” sözü istifadə edilməlidir. Ədəbiyyat minillik dəyişməyən əxlaq anlayışını çağrışdırır. O əxlaq anlayışı ki, orada insan haqları, birey haqları və qadın haqları yoxdur. Var olan din haqqı, Tanrı haqqı, törə haqqıdır. Humanizm fəlsəfəsi Tanrının yerinə insanın heysiyyətini qoyduğu gündən etibarən Şərq ədəbiyatının təlqin etdiyi əxlaq anlayışı qəbul edilməz duruma gəlmişdir. İnsan Tanrını buraxıb özü ilə uğraşmalıdır. İnsanın “öz”ü isə geniş bir qavramdır. Bu “öz” yalnız insanın varlığını içərməz. Bütün varlığı içərər. Klassik ədəbiyatın şəkilləndiyi əxlaq ortamında yeniliyə yer olmamışdır. Yenilik “bidət-əxlaqa zidd” sayılaraq məhv edilmişdir. Bəlkə bu, əski alışqanlığı tərk etmək üçün çətin görünə bilər. Ancaq gerçək olan budur ki, modern yaradıcılıq əski törə və ədəb anlayışına etiraz zəminində yaranır. Bu üzdən Osmanlı zamanında “litratur” sözünə qarşılıq olaraq yaradılan “ədəbiyyat” və “sivilizasion” sözünə qarşılıq olaraq yaradılan “mədəniyyət” sözü fransızca olan sözlərin qarşılığı deyillər. Sivilizasion da mədəniyyət deyil. Çünkü mədəniyyət şəhərləşmə deməkdir. Mədəni olmayan çoxlu şəhərlər var. Sivilizasın şəhərləşmədən daha geniş bir anlayışdır. Sivilizasion uyqulanmış (tətbiq edilmiş), uyğunlaşmış və doğada özünə yer etmiş insanın mənəvi və maddi çaləşmalarının bütnüdür. İnsanın gerçəkləşən yaradıcı enerjisidir. İnsanın, təbiəti öz ehtiyaclarına görə uyqunlaşdırmasıdır. Bu isə tarixi sürəklilik içində gerçəkləşmişdir. Bu səbəbdən də “sivilizasion” “uyqarlıq” və “litratur” isə “yazın” olaraq dilimizdə yer alırsa, həm dilimizin, həm də düşüncəmizin modernizasionu üçün geniş zəmin yarana bilər. “Yazın nə üçün lazımdır?” sorusu üzərinə dəyişik bucaqlardan baxıb cavab vermək, yozumda bvulunmaq mümkündür. Yazın hər şeydən öncə dil üçün lazımdır. Yazının nəsnəsi dildir. Dil öz olanaqlarını ən çox yazınsal (ədəbi) yaradıcılıqda gerçəkləşdirər. Bir çox bilimsəl qaynaqlarda yazı dilini, dilin yazında təcrübə qazandığı gündən etibarən qəbul edərlər. Yazınsal yaradıcılıqda dil öz musiqisini, dərinliyini həm kəşf edər, həm də gündən-günə artırar. Şübhəsiz ki, heç bir yazınsal əsər öz devrinin ehtiyaclarının dışında gəlişə bilməz. Bugünkü Güney Azərbaycan yazını da bu qanuna uyğunluğa tabedir. Güney Azərbaycan və İran mühitində təməl haq və özgülüklər yasaqdır. Dini istibdadın yemi olan insanların heysiyyəti və azadlığıdır. Bu üzdən də Güney Azərbaycanda yaranan, yazılan modern yazının (ədəbiyatın) mayasında dolaylı və dolaysız olaraq bir türlü din qarşıtlığı durmaqdadır. Hətta günümüzdə Güney Azərbaycanda kullanılan dil belə, tarixi dini istibdadın dilinə və üslubuna qarşıdır. Güney Azərbaycanda Səfəvilərdən başlayaraq bizim dilimiz yalnız mərsiyədə istifadə edilmişdir. Bu dildə ən çox və ən çox sinə və zəncir vurmaq, baş yarmaq üçün “şeir”lər yazılmışdır. Səfəvilərin gətirdiyi bu geniş cəhalətə qarşı bir şəkildə etiraz olaraq yeni bir dil ortaya çıxır. Nədən yeni dil? Çünkü bunun arxasında duran yeni düşüncədir, Səfəvi cəhaləti deyildir. Səfəvilrdən günümüzə qədər davam edən düşüncədə və davranışda yozlaşmaya qarşı gerçəkdən yeni yazınsal axımlar ortaya çıxmışdır. Bu yazınsal axımlar yalnızca mövcud istibdada qarşı savaş açmamaqdadır. Bu axım insanın heysiyyətini qaranlıq Şərq tarixinin əsarətindən qurtarmaq istəyir. Biz millət olaraq ölülərin və ölülərin yaratdıqları çirkin tarixin əsarətindəyik. Xomeyni liderliyindəki inqilabı da ölülərin miras qalan qaranlıq düşüncələri, davranışları gerçəkləşdirdi. Pəhləvi rejimini də o şəkildə. Ölülər bir türlü yaşayanların həyatından əl çəkmir. Məsəllən 500 il öncə qaranlıq və qatillik davranışları ilə fəlakətlər yaratmış birinin çirkin davranışları, dünyaya baxışı bu gündə həyatımızı etkiləməkdədir. Belə yaşayışmı olur. Nə zaman öz çağımızda, ölülərin müdaxiləsi olamadan yaşaya biləcəyik? Çağdaş yazın fəaliyyətləri ölüləri yalnızca cismən deyil, davranış və əxlaq mirası olaraq da məzara gömmək istəyir. Belə böyük bir mission üzərinə almış olan Güney Azərbaycan modern yazını hər halda böyük əsərlər ortaya qoyacaqdır. Böyük əsərlər ortaya qoymanın bəlirtilərinə rastlanırıq. Ancaq ən önəmliləri hələ öndədir. Rasim Qaraca: Milli ədəbiyyatımızın gələcəyini necə görürsünüz? Güntay Gəncalp: Öz kimliyi əsasında evrənsəl dəyərləri alqılayan (idrak edən) və anlatmağa çalışan yazınsal evrim sürəcinə tanıq olmaqdayıq. Bu alqılamanın və anlatmanın estetik boyutu söz konusu olduğunda ulusal zövq anlayışı özünü yazınsal yaradıcılıqda göstərmiş olur. Genel olaraq Güney Azərbaycandakı sənət türlərinə baxıldığında bu biçim gəlişməni görmək mümkün. Ancaq Güney Azərbaycanda ulusal dilin və yaradıcılıq türlərinin gəlişməsinə əngəl olacaq bir çox etkənlər (faktorlar) var. Bizim ulusumuzda ana dilində yazıb-oxuma alışqanlığı yoxdur. Yazılan bir yapıt (əsər) oxucusuz qaldığında istər-istəməz xəyal qırıqlığına uğramağa başlayır. Oxucu təşviqi və həvəsləndirməsi çox önəmlidir. Türk dilində yazıb-oxuma alışqanlığımız yoxdur. Min ildir öz dilimizdə yazıb-oxumaqdan qaçmışıq. Bizim ana dilimizə sayqısız yanaşmağımızdan fars şovinizmi də son 100 ildə istifadə etmiş və onarılması çətin olan zərbələr dilimizə və kimliyimizə vurmuşdur. Ayrica, ələşdiri (tənqid) olmayan yerdə yaradıcılıqda ciddi axsaqlıq ortaya çıxar. Ələşdiri də dərgi, qəzet, kitab yolu ilə ən çox gerçəkləşər. Bunların da heç birisi yoxdur. Olmamasının iki səbəbi var: 1. Biz tarix boyu öz dilimizə gərkən sayqını göstərmədik. Ana dilimizdə kitab, dərgi çıxarmaq kimi niyyətimiz ya olmadı, ya da çox az oldu. Oxucu kütləsinin olmaması da bu çox az olanları ümidsizliyə uğratdı. 2. İran rejimi oyanan Güney Azərbaycan türk gəncliyinin mənəvi və yaradıcılıq enerjisini söndürmək üçün çoxlu əngəllər yaratmaqdadır. Belə bir təzad içərisində Güney Azərbaycandakı yazınsal gəlişmələrin gələcəyini düşünmək gərəkir. Bu səbəbdən Güney Azərbaycan yazınında devrimci bir əhval-ruhiyənin var olduğunu görürük. Bu da sənət üçün lazım olan hadisədir. Sənət müxalifət deməkdir. Güney Azərbaycanda, hətta Quzeydə də devrilməsi gərəkən çox şeylər var. Ancaq məni razı edəcək, mənə ləzzət verəcək yaradıcılığa rast gəlmirəm. Məsələn bizim tarixi, sosial durumumuzu etkiləyici şəkildə anladacaq bir roman yazılmamışdır. Tolstoyun, Hüqonun “Savaş və barış”, “Səfillər” kimi romanlarını oxuyanda çox şeylər öyrənirik, Rusiyanın və Fransanın o zamankı durumu və o zamankı insanların gələcəyə baxışları haqda bilgilənirik. Belə bir yaradıcılıq bizim Güney Azərbaycanda niyə olmasın? Bütün bu mübarizlərə, fədakarlıqlar, xəyanətlər, işkəncələr və edamlar böyük yaradıcılıq əsərlərində özünü göstərməlidir. Qurtuluşumuzun kitabları və romanları hələ nə Bakıda, nə Təbrizdə yazılmamışdır. Maksim Qorkinin “Ana” romanı rus xalqının inqilabi enerjisinin artırmışdı. Belə romnalarımız yazılmalı və bütün ailələri öz etkisi altına almalıdır. Gənc qəəm sahiblərində düşünmə cəsarətinin yanı sıra, bir özgüvən ortamında yazma cəsarəti də geniş şəkildə olmalıdır. Oxuyan, dinləyən olmasa da. Türk modern musiqisinin öncülərindən biri olan Sezən Aksu ilk kasetini çıxardığında, yalnəız 8 kaset satıldı. Nədən? Çünkü türklərin modern musiqi zövqü hələ gəlişməmişdi. Ancaq bu, Sezen Aksunu yıldırmadı. İndi isə Sezen Aksu bütün dünyada tanınır. Bugünkü modern türk musiqisinin və modern turk musiqi zövqünün gəlişməsində Sezen Aksu və Kayahan kimi şəxsiyətlərin çox böyük rolu olmuşdur. Zamanından irəlidə olan bir sənət əsəri toplum tərəfindən çətin anlaşıla bilər, ancaq elə bu əsərlər həm də toplumu iyitib özünü anlatmağı da başarır. Rasim Qaraca: Bir yazıçı kimi qarşınızda hansı çətinlikləri görürsünüz? Güntay Gəncalp: İnternet, ilətişim sorununu ortadan qaldırmışdır. Yəni hər bir yaradıcı öz əsərini istədiyi oxucuya göndərə bilir. Bu açıdan mənim yazılarım Güneydə çox oxunur. Deyə bilirəm ki, Güneydə bəlkə ən çox oxunan mənim yazılarımdır. Ancaq yenə də razı deyiləm. Daha çox oxucularımız olmalıdır. Quzey Azərbaycanda da oxucu azdır. 500 tirajla çıxan kitab, bə´zən illərcə satılmır. Güneydə isə kitabın çıxmasına izn verilmir. Bu da yazıçı ilə oxucu arasındakı ilətişimi zorlaşdırır. Rasim Qaraca: Yazıçı dostlarınıza qısa məsajınız nə ola bilər? Güntay Gəncalp: Çox oxumaq. Özəl və sosial yaşayışımızda bizi bədbəxt edən bu qaranlıq tariximizə qarşı savaş tekniyini gəlişdirmək lazım. Böyük fikir adamı yetişdirmək istəyiriksə İslam Orta Çağına qarşı düşüncə planında savaş açmalıyıq. Mürtəce, gerici millətçilərin yalançı təbliğatlarına aldanmamaq lazım. Bu tarixdə qürur duyulacaq heç bir şey yoxdur. Ilk öncə öz zehnimizi bu qaranlıq tarixin əsarətindən qurtarmalı, sonra da öz işığına börünən ağlın yardımı ilə sənətdə bir qurtarıcılıq görüşünü gəlişdirməmiz lazımdır. Sənət adamı ayrıca, tarixin də qurtarıcısıdır. Bu tarixin bizə buraxdığı miras hər küçənin başında 2-3 məsciddir. Bu məscidlər həm qaranlıqların yuvası, həm Səfəvi zehniyətinin məhsulu olan mərsiyə xanlığın məskənləri, həm də bir ovuç bilgisiz molla və mərsiyə xan üçün pul anbarlarıdır. İnsanların beynini sömürən, düşüncələri qaranlıqlara gömən cəhalət evləri. Bunlarla modern bir insan necə yaşaya bilər? Gerçəkdən biz nə qədər qaranlıqlara gömülmüşük! Ən önəmlisi isə oxucunun az olmasından dolayı üzülməmək. Bəzi yazarların oxucuları gələcəkdə dünyaya gələ bilərlər. Sadəcə yaşayan nəsl üçün yazmamaq, gələcək nəsillər üçün də yazmaq lazım. Bunun üçün də yazıçı yalnız oxucu üçün yazmamalıdır. Özü üçün yazmalıdır. Yazmaq, insanın öz-özü ilə gəziyə çıxması, özü üçün bir dünya yaradıb orada macəralar oluşdurmasıdır. Bu dünyanın və macəraların kimlər üçünsə maraqsız olması yazarı üzməməlidir. Mən bütün yazılarımı bu günə qədər yalnız bir adam üçün yazardım. Onun oxuması mənim üçün önəmli idi. Yazarkən hansı sətirlərin onu ağladıb və ya güldürəcəyini düşünərdim. İndi o da yoxdur. Bu üzdən də yalnız özüm üçüm yazıram. Özümü ağladıb, özümü güldürürəm. Yalnız bu “öz” qavramı mənim görüşümdə çox geniş və dərindir. Çox yazıram, az yayınlayıram. Yəqin ki, hər bir yazıçının ölümündən sonra yayınlanan əsərləri də olur. Ancaq həm də bir çox yazdıqlarımı yox edirəm. Sanıram mənim bu sözlərimlə bir çox sənət adamı tanışdır. Bu aydınlanma və iztirab məni heç bir zaman tərk etmədi. Bəlkə mənim yazılarımı səbirsizliklə bəkləyən tanımadıqlarım da var. Onlara sevgilər və sayqılar! azadtribun