SON XƏBƏRLƏR

“ERGENEKON” MƏHKƏMƏSİ QALMAQALLI BAŞLADI

2021.10.20, 07:36
“ERGENEKON” MƏHKƏMƏSİ QALMAQALLI BAŞLADI

Gunaz.tv
“ERGENEKON” MƏHKƏMƏSİ QALMAQALLI BAŞLADI “The İndependent” qəzeti: “Hökumətə yaxın media az qala Türkiyənin son 50 illik tarixində baş verən bütün cinayətləri bu qrupun adına yazır” Türkiyədə silahlı terror təşkilatı kimi qələmə verilən “Ergenekon” işi üzrə çoxdandır böyük maraqla gözlənilən məhkəmə prosesi dünən Silivri bölgəsindəki həbsxanada başlayıb. Lakin proses başlayandan az sonra təxirə salınıb, buna məhkəmə üçün ayrılmış zalda yaranan sıxlıq səbəb olub. Hakim belə şəraitdə proses keçirməyin mümkün olmadığını deyərək işə baxılmasına fasilə verib. Yerli mənbələrin xəbərlərinə görə, prosesi izləmək üçün 46-sı həbsdə olmaqla ittiham edilən 86 nəfərin yaxınları və çoxsaylı vəkillər 250 yerlik zala toplaşıb. “Ergenekon” işi üzrə həbs edilənlər isə daha əvvəldən bu həbsxanaya yerləşdirilmişdi. Prosesə ittiham olunanlardan, lakin azadlığa buraxılmaq şərtilə mühakimə olunanlardan böyük əksəriyyəti də cəlb olunub. Jurnalistlərin də zala buraxılmasından sonra məlum olub ki, oturmağa yer yoxdur, zalda 400-dən çox adam toplaşıb və ədalətli məhkəmə prosesi keçirmək üçün şərtlər mövcud deyil. Nəticədə vəkillərin qaldırdığı vəsatət nəticəsində Köksal Şengin prosesə bir neçə saat ara verməyi qərara alıb. Proses başlamazdan məlum olub ki, ittiham tərəfi qismində “Ergenekon” iddianaməsini hazırlayan prokurorlardan yalnız ikisi oturacaq. İş üzrə həbslərə qərar verən əsas şəxs-İstanbul cümhuriyyət prokuroru Zəkəriyyə Öz isə prosesdə yer almayacaq. Prosesə marağı nəzərə alaraq Ədliyyə Nazirliyi zaldan canlı yayım həyata keçirmək üçün avadanlıqlar quraşdırıb, həmçinin Türkiyə ədliyyəsi tarixində ilk dəfə prosesə gizli şahidlər cəlb olunacaq. Kimlikləri gizli saxlanan həmin şahidlər üçün xüsusi otaq ayrılıb, prosesin keçirildiyi zaldan isə vəkillər və ittiham olunanlar kameralar vasitəsilə onlara suallar ünvanlaya biləcək, lakin bu zaman şahidlərin sifətlərinin və səslərinin tanınmasına imkan verilməyəcək. Qeyd edək ki, Türkiyə qanunlarında edilən dəyişikliklər sayəsində “Ergenekon” işi üzrə ilk dəfə gizli şahidlərin ifadələrindən istifadə olunub. Bu şahidlərdən bəziləri PKK-çı və ya ona bağlı radikal solçu təşkilatların üzvləridir. Xəbər verildiyi kimi, “Ergenekon” işi üzrə aralarında istefada olan jandarma generalı Vəli Kiçik, Atatürkçü mövqeyi ilə tanınan vəkil Kamal Kerinçsiz, vaxtilə Atatürkün qurduğu Kuvayi Milliyə Dərnəyinin başqanı, istefada olan zabit Fikri Qaradağ, istefada olan ordu generalları Xurşud Tolun və Şener Eruyğur, “Cümhuriyet” qəzetinin baş redaktoru İlhan Selcuk, qəzetin köşə yazarlarından Gülər Kömürçü, İstanbul Universitetinin keçmiş rektoru, AKP iqtidarına qarşı tənqidi bəyanatları ilə tanınan professor Kamal Ələmdaroğlu, İşçi Partiyasının başqanı Doğu Perinçək və digər tanınmış şəxslər mühakimə olunurlar. Onlara qarşı silahlı terror təşkilatı qurmaq, hökuməti zorla devirməyə cəhd göstərmək, qətllər təşkil etmək və törətmək, digər terrorçu qruplarla əlaqələr qurmaq və başqa ağır ittihamlar irəli sürülüb. Əgər bu ittihamlar sübut olunsa, “Ergenekon”un liderlərindən biri kimi təqdim edilən general Vəli Kiçik üst-üstə 427 il həbs cəzası ala bilər. Digər ittiham olunanları da bu cür ağır cəzalar gözləyir. “Ergenekon” işi üzrə həbslər bir neçə mərhələdə, lakin eyni metodla həyata keçirilib. Səhərə yaxın antiterror polisinin bölmələri şübhəli hesab edilən şəxslərin evlərinə və iş yerlərinə basqın edərək onları tutublar. Bu iş Türkiyə Cümhuriyyətinin tarixində ən qalmaqallı istintaq hesab olunur. Uzun müddət yerli və xarici mətbuat “Ergenekon” işindən yazıb, həbs edilənlər haqqında çoxlu sayda, bir çox hallarda məntiqdən kənar və ağlasığmaz iddialar əsasən hökumətə bağlı mediada əksini tapıb. “Yeni Müsavat”ın yazdığı kimi, “Ergenekon” işində Azərbaycandan da bir sıra şəxslərin, o cümlədən Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlının və onun xanımı Tənzilə Rüstəmxanlının adları keçir. Belə ki, həbs edilən şəxslərin bir çoxu Azərbaycanla yaxın əlaqələrə malik olduğundan onların telefon danışıqları dinlənilib və istintaq sənədlərinə əlavə edilib. “Ergenekon” işi üzrə məhkəmə prosesinin başlaması ilə əlaqədar Qərb mətbuatı da mövzuya geniş yer verib. Britaniyanın “The İndependent” qəzeti yazıb ki, bu iş Türkiyədə siyasi qütbləşməni dərinləşdirib. Qəzet yazır ki, hökumətə bağlı media həbs edilənlərin Türkiyənin az qala yarım əsrlik tarixi boyu baş vermiş bütün qaranlıq terror əməllərinin və sui-qəsdlərin arxasında olduqlarını iddia edib. Dünyəvilik tərəfdarları isə “Ergenekon” işinin islamçı hökumətin düşmənlərini zərərsizləşdirmək planlarının bir hissəsi olduğunu düşünür. “The Times” qəzetinin məqaləsində isə deyilir ki, Türkiyədə yüksək rütbəli generalların da aralarında olduğu bir qrup şəxs terror ittihamı ilə mühakimə olunacaq. Qəzet yazır ki, ordu çevrələrindən silah təmin edən qruplaşma AKP iqtidarını devirmək üçün çevriliş zəmini hazırlamaqda şübhəli bilinir. Bildirilir ki, 1996-cı ildə Türkiyədə “Susurluq” qalmaqalından sonra dərin dövlətlə bağlı başlayan araşdırma uzağa gedə bilməyib: “Bəzilərinə görə, ”Ergenekon" işinin də aqibəti bu cür ola bilər". Proses zala buraxılanların sayının məhdudlaşdırılmasından sonra Bakı vaxtı ilə saat 15-dən sonra yenidən başlayıb. İlkin prosedurlardan sonra məhkəmə heyəti 2500 səhifədən çox olan ittiham aktını oxumağa başlayıb. Bu iş azı 10 gün davam edəcək. Daha sonra ifadələrin alınması başlayacaq. Prosesin kifayət qədər uzun sürəcəyi, hətta illərlə davam edə biləcəyi təxmin edilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar