SON XƏBƏRLƏR

XATƏMİ QƏRBLİLƏRİN YARDIMINDAN YARARLANIR

2021.10.20, 07:36
XATƏMİ QƏRBLİLƏRİN YARDIMINDAN YARARLANIR

Gunaz.tv
36782_1 Onun təşəbbüsü ilə keçirilən konfransa Koffi Annan və bir sıra sabiq dövlət başçıları qatılıblar S.SƏDRƏDDİN Gələn il iyunun 12-də İranda növbəti prezident seçkiləri keçiriləcək. Bu post uğrunda mübarizə aparacaq namizədlərin bəzilərinin adı artıq hallanmaqdadır. İslahatçı adlanan cinahın təmisilçiləri bir müddət öncə keçmiş prezident Məhəmməd Xatəminin namizədliyini irəli sürüblər. Onunla yanaşı, parlamentin sabiq başçısı, Milli Etimad Partiyasının lideri Mehdi Kərrubi və indiki hökumət başçısı Mahmud Əhmədinijatın da adları bu sırada çəkilir. Bu yaxınlarda İranın ali rəhbəri ayətulla Xamneyi bildirmişdi ki, Mahmud Əhmədinijat "islam inqilabının ilk illərində qazanılmış dəyərləri qaytarıb". Onun sözlərinə görə, çox güman, gələn il keçiriləcək siyasi kampaniyada da indiki hökumət başçısı yenidən qalib gələcək. Xamneyi Əhmədinijatın Qərbə münasibətini yüksək dəyərləndirərək daha beş il hakimiyyətdə qalmağa hazır olmağı ona təklif edib: "Bu ilin sizin hakimiyyətinizin sonuncu il olduğunu düşünməyin. Çalışın, siz hələ daha beş il işləyəcəksiniz. Başqa sözlə, bir ilinizə daha dörd il əlavə edin və planınızı qurub uyğun addımlar atın". Ötən gün baş verənlər bu siyasi kampaniyanın başlanmasının göstəricisi də sayıla bilər. Həftənin sonunda BMT-nin keçmiş baş katibi Kofi Annan Tehrana səfər edib. O burada İslam Respublikası Dini Ekspertlər Şurasının sədri, keçmiş prezident Haşimi-Rəfsəncani ilə görüşüb. Yerli mətbuatın yazdığına əsasən, K.Annan İran paytaxtına M.Xatəminin təşəbbüsü ilə "Çağdaş dünyada dinin rolu haqqında" mövzusunda keçirilən konfransa qatılmaq üçün gedib. Rəfsəncani görüşdə İraq və Əfqanıstandakı "işğalçılar"ı tənqid edib Afrikadakı aclığa toxunub. BMT-nin keçmiş baş katibi isə öz növbəsində beynəlxalq iqtisadi böhrandan, bunun yaradacağı fəsadlardan və çıxış yollarından danışıb. Annanla yanaşı, konfransda İrlandiyanın keçmiş prezidenti Meri Robinson, İtaliya və Fransanın sabiq baş nazirləri Romano Prodi, Lionel Jospen, Portuqaliyanın keçmiş prezidenti Xorxe Sampayo, habelə UNESCO-nun sabiq baş direktoru Federiko Mayor da iştirak ediblər. Jurnalistlərin Xatəmiyə ünvanladığı "bu tədbir qarşıdan gələn prezident seçkisində Qərbin dəstəyini qazanmağa xidmət edirmi" sualına keçmiş prezident kəskin cavab verib: "Bu sayaq düşüncələri yayanlar tədbiri pozmaq istəyirlər". Qeyd edək ki, M.Xatəmi hazırda Mədəniyyətlərarası dialoq beynəlxalq institutuna başçılıq edir. O, prezidentliyi illərində "Mədəniyyətlərarası dialoq" tezisi ilə çıxış edərək Qərb dövlətləri ilə sıx əlaqələrin qurulması xəttini yeritməyə can atdı. Ancaq sonrakı addımları zamanı bütövlükdə hakimiyyətin cızdığı çərçivədən kənara çıxmağa cürət etmədi. Əhmədinijat hökumətinin yürütdüyü siyasətin ölkənin iqtisadi cəhətdən təcridinə və böhrana gətirib çatdırdığını iddia edənlər Xatəminin simasında "İrana nicatverən" görürlər. İslahatçıların təmsilçilərindən biri, daxili işlər nazirinin keçmiş müavini Mustafa Taczadə deyib: "Ölkəmiz təhlükə ilə üz-üzədir. Bizi də Əfqanıstan və İraqdakı təhlükələr gözləyir". Prezidentin keçmiş müavini Məcid Ənsari də onun fikirlərinə şərik çıxaraq çıxış yolunu Xatəminin prezidentlik uğrunda mübarizə aparmasında gördüyünü söyləyib. Xatəmi belə qənaətləri inkar etsə də, təhlillərə əsasən demək olar ki, K.Annanın Tehran səfəri dolayı da olsa, Xatəminin təbliğinə yönəlib. Bununla hakimiyyətiçi islahatçı sayılan qüvvələr keçmiş hökumət başçısını yenidən beynəlxalq ictimaiyyətə sırımağa cəhd göstərir. Əslində, prezident olduğu 8 illik müddətdə Xatəmi dünyanın ona bəslənilən ümidlərini doğrulda bilmədi. İndi isə islahatçılar "olmadı, təzədən" prinsipi ilə yenidən keçmiş prezidenti namizəd kimi göstərirlər. Ölkədə Xatəminin nüfuzunu artırmaq üçün K.Annan və s. kimi xarici qonaqlardan da yararlanırlar. Xatəminin düzənlədiyi konfransda İran siyasi səhnəsinin nüfuzlu simalarından biri olan Rəfsəncaninin iştirakı da bəzi müşahidəçilərə deməyə əsas verir ki, Rəfsəncani qarşıdan gələn siyasi kampaniyada Xatəmini dəstəkləyə bilər. Namizədliyə başqa bir iddiaçı, Milli Etimad Partiyasının lideri Mehdi Kərrubi isə hesab edir ki, İran rəqibləri, ilk növbədə ABŞ-la dialoqa girməlidir. Ötən gün jurnalistlərə açıqlamasında parlamentin keçmiş sədri deyib ki, ölkənin ali rəhbəri ayətulla Xamneyi və bir sıra rəsmilərlə görüşdən sonra prezidentliyə namizədliyinin irəli sürülməsinə razılıq verib. Əhmədinijatın ali rəhbər tərəfindən dəstəklənməsi məsələsinə münasibət bildirən Kərrubinin sözlərinə görə, ayətulla Xamneyi heç kimin namizədliyinin irəli sürülməsinə məsləhət vermədiyini görüşdə ona söyləyib. Bundan başqa, keçmiş sədr bildirib ki, İslam Respublikasının dini lideri seçkidə qalib gələcək prezidentlə əməkdaşlıq edəcəyini də vurğulayıb. Etimadçıların başçısı seçkiqabağı təbliğat kampaniyasına başlayar-başlamaz Əhmədinijatı tənqid edib. O, indiki prezidentin Holokostu "əfsanə" adlandırmasını pisləyərək bildirib ki, İran rəhbərliyi "Holokostda öldürülən yəhudilərin sayını araşdırmazdan öncə Fələstin və fələstinlilərə yardım etmək barəsində düşünməlidir". İslam Respublikasının atom-nüvə proqramına münasibətini açıqlayan Kərrubi deyib ki, Tehran Qərb dövlətlərinin narahatlığını nəzərə alaraq onun dinc mahiyyətli olduğu barədə təminat verməklə ilk növbədə nüvə enerjisindən yararlanmaqda israr etməlidir. Bununla yanaşı, o, Əhmədinijatın iqtisadi və xarici siyasətinin ölkəyə zərbə vurduğunu da bildirib. Xatırladaq ki, M.Kərrubi və Milli Etimad Partiyası müxalifətdə qaldığını bəyan edərək M.Xatəminin ətrafında birləşən islahatçılarla əməkdaşlıq etmək niyyətində olmadıqlarını bildirib.ayna

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar