SON XƏBƏRLƏR

Hulusi Kılıc: Səfirin sözlərinə görə, Türkiyə - Ermənistan sərhədlərinin açılması məsələsi yalnız işğal altındakı Azərbaycan torpaqları azad edildikdən sonra müzakirə olunacaq

2021.10.20, 07:36
Hulusi Kılıc: Səfirin sözlərinə görə, Türkiyə - Ermənistan sərhədlərinin açılması məsələsi yalnız işğal altındakı Azərbaycan torpaqları azad edildikdən sonra müzakirə olunacaq

Gunaz.tv
36793_1 Səfirin sözlərinə görə, Türkiyə - Ermənistan sərhədlərinin açılması məsələsi yalnız işğal altındakı Azərbaycan torpaqları azad edildikdən sonra müzakirə olunacaq T.AĞATLI "Prezident seçkiləri demokratik və beynəlxalq standartlara uyğun keçirildi, səsverməyə gələnlər sərbəst şəkildə öz seçimlərini etdilər. Bu faktı prosesi müşahidə edən beynəlxalq müşahidəçilər də təsdiqlədilər". Bu fikirləri Türkiyə Cümhuriyyətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hulusi Kılıc SİA-ya verdiyi müsahibədə səsləndirib. Həmin müsahibənin maraqlı olduğunu nəzərə alıb "Ayna"nın oxucularına təqdim edirik. Fikrinin davamı kimi cənab səfir bunları bildirdi: - Təbii ki, seçkiləri boykot edənlərin də prosesə qatılmasını çox istərdik. Çünki yarışa girmədən yarış barədə fikir bildirmək olmaz. Mənim görüşdüyüm xarici müşahidəçilər də belə düşünürlər. Bizim apardığımız müşahidələr seçkilərin çox sakit və rəvan keçdiyini göstərdi. Bundan əlavə, 500 seçki məntəqəsində quraşdırılmış kompüterə bağlı veb-kameralar ən müasir texnologiya hesab olunur. Bir sözlə, seçki şəffaf keçdi və cənab İlham Əliyevi ilk təbrik edənlər arasında Türkiyə prezidenti və baş naziri də vardı. Biz Türkiyə olaraq, sabitlik tərəfdarıyıq, çünki sabitlik olan yerdə inkişaf olur, sülh olur. Qardaş Türkiyə olaraq hər zaman bütün problemlərində Azərbaycanın yanında olmuşuq, bundan sonra da olacağıq. Yəni bir millətin iki dövləti olaraq, əməkdaşlığımızı artan xətlə davam etdirəcəyik. - Azərbaycanda keçirilən ötən seçkiləri Türkiyə mətbuatı çox fəal şəkildə diqqət mərkəzində saxlayırdı. Amma Gürcüstan və Ermənistandakı son prezident seçkiləri ilə müqayisədə bu dəfə qardaş ölkə mətbuatı Azərbaycandakı seçkilərə nədən daha passiv yanaşdı? - Bu gün Türkiyədə PKK ilə bağlı bəzi problemlər var və mətbuatın diqqəti həmin problemlərə yönəlib. Bilirsiniz ki, son günlərdə bir sıra terror hadisələri baş verdi və media bütün gücünü həmin hadisələrə səfərbər etdi. Qeyd etdiyiniz nisbi diqqətsizliyi bununla əlaqələndirmək olar. Amma yenə də Türkiyə mətbuatı Azərbaycandakı seçkiləri işıqlandırmaq üçün lazım olan diqqəti ayırdı və seçki prosesini müşahidə etmək üçün Bakıya media mənsubları gəldilər. Habelə səfirlikdə fəaliyyət göstərən mətbuat müşavirliyi də prosesi yaxından izləyirdi. - Baş nazir Rəcəb Tayyib Ərdoğan Qafqaz Sabitlik Paktının yaradılması təşəbbüsü ilə çıxış etdi. Lakin bu təşəbbüs bəzi dövlətlər, o cümlədən ABŞ tərəfindən qısqanclıqla qarşılandı. Xüsusilə Türkiyə - Rusiya yaxınlaşması əsas tənqid hədəfinə çevrildi. Fikrinizcə, Ankara öz xarici siyasətində ciddi korrektələr edərək, əsas strateji müttəfiqi olan Vaşinqtonu Moskvaya dəyişə bilərmi? - Qafqaz Sabitlik Paktı ilk növbədə bölgə dövlətlərinə, habelə ATƏT-ə və dolayısı ilə ABŞ-a da açıqdır. Bu platforma bölgədəki problemlərin həlli üçün ortaya atılıb və biz Vaşinqtonun həmin platformadan kənarda qalacağını düşünmürük. Türkiyə həm ABŞ, həm də Rusiya ilə normal münasibətlərini sürdürür və balans siyasətini davam etdirir. Buradakı problemlərin həlli sahəsində ATƏT-in önünə keçmək fikrimiz də yoxdur və çalışmalarımız bu qurumla birlikdə aparılacaq. Bizim məqsədimiz bölgədə sülh və sabitlikdir. Bu baxımdan bölgədə iqtisadi iş birliyinin yaradılması ideyasının da müəllifi Ankaradır. - Ümumiyyətlə, Türkiyə - Rusiya yaxınlaşması region üçün nə verə bilər? - Bizim aramızda onsuz da çox yaxşı münasibətlər var. Bu yaxınlaşmanın dərinləşməsi bölgədəki problemlərin həllinə kömək edə bilər. Ankara - Moskva əlaqələrinin dərinləşməsi Dağlıq Qarabağ başda olmaqla Cənubi Qafqaz münaqişələrinin həlli üçün yeni fürsətlər yaradar. Eyni şəkildə ABŞ-la olan işbirliyimiz də həmin problemlərin çözülməsində köməklik göstərir. Məhz Vaşinqtonla olan yaxınlığımız PKK probleminin həllində nəticə verib və bu gün İraqın şimalında terrorla mübarizə sahəsində əməkdaşlıq edirik. - Azərbaycan ictimaiyyətinin narahatlıqla izlədiyi məsələlərdən biri də Türkiyə - Ermənistan sərhədlərinin açılıb-açılmaması ilə bağlıdır. Yaxın zamanda bu sərhədlərin açılması mümkündürmü? - Yaxın zamanda mümkün deyil. Bunun üçün atılmalı olan çox addım var. Öncə 4 aprel 1993-cü ildə sərhədləri bağlamağımızın səbəblərinə baxmaq lazımdır. İlk səbəb odur ki, Ermənistan Azərbaycan torpaqlarını işğal etdi. Sərhədlərin açılması məsələsi yalnız işğal altındakı torpaqlar azad edildikdən sonra müzakirə oluna bilər. Ermənistanla Azərbaycan arasında münasibətlər normallaşarsa, Türkiyə - Ermənistan münasibətləri də normallaşa bilər. Başqa cür ola bilməz. - Türkiyə ictimaiyyətində sərhədlərin açılmasını istəyənlər neçə faiz təşkil edir? - Bunu konkret deyə bilmərəm. Amma türk xalqı hər zaman Azərbaycan xalqının yanındadır və Dağlıq Qarabağ problemi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməyənədək Türkiyə vətəndaşları sərhədlərin açılmasını istəməzlər. Türk xalqı azərbaycanlıların haqlı davalarını hər zaman dəstəkləyir. - Mərhum Turqut Özalın belə bir deyimi vardı ki, böyük siyasət küçələrdə həll edilə bilməz. Bu fikrə dayananlar iddia edirlər ki, bu gün Türkiyə siyasətini küçələr istiqamətləndirir. Yəni Ankara daxildəki çəkişmələrdən baş açıb müstəqil xarici siyasət yürüdə bilmir. Bu fikri necə izah edirsiniz? - Bu, yanlış bir fikirdir. Türkiyə böyük bir dövlətdir və bölgədə güc sahibidir. Ankara öz siyasətini küçə münasibətləri əsasında müəyyənləşdirməz. Bu baxımdan Türkiyədə siyasəti küçələr deyil, dövlət müəyyənləşdirir. - Son vaxtlarda Türkiyədə mətbuat səhifələrində layiqlik (müasirlik) tərəfdarları ilə dinçilər arasında çəkişmələrin gücləndiyi barədə yazılar gedir. Bu problemi kökündən çözüb tərəfləri bir araya gətirmək üçün hansısa ortaq nöqtə mümkündürmü? - Türkiyədə layiqlər və dinçilər deyilən bir çəkişmə yoxdur. Sadəcə, bəzi mühafizəkar insanlar var və onlar da özlərini layiqlər hesab edən şəxslərlə heç bir problem yaşamırlar. Yəni hazırda Türkiyədə sözügedən amilin həlledici olduğunu və xarici siyasətə təsir göstərdiyini düşünənlər yanılırlar. - Bu gün Azərbaycan xalqı Türkiyənin üzləşdiyi terror olaylarından ciddi narahatlıq keçirir. PKK problemini kökündən çözmək üçün Ankaranın əlində hansısa paket varmı? - Terrorla mübarizə uzun zaman tələb edən bir mübarizədir və dünyanın hər yerində bu cür qəbul olunur. Düşmənimiz terrorçular olduğu üçün əlimizdə konkret paket yoxdur. Türkiyə uzun müddətdir terrorla mübarizə aparır. Əvəzində nə olursa-olsun, axıradək bu mübarizə aparılacaq. Yalnız Türkiyə Silahlı Qüvvələri və təhlükəsizlik qüvvələri deyil, dövlət və cəmiyyət bütün varlığı ilə bu mübarizəni aparacaq. - Rəsmi Ankaranın bəyanatlarında tez-tez qeyd olunur ki, PKK-nın güclü olması arxasında dayanan xarici qüvvələrə bağlıdır. "Kənar qüvvələr" dedikdə Türkiyə rəsmiləri konkret olaraq kimləri nəzərdə tuturlar? - Onları konkret sadalamaq mümkün deyil. Amma hamıya bəlli olan və Türkiyənin güclənməsini, inkişafını istəməyən ölkələr PKK-ya dəstək verirlər. Həmin dövlətləri bilsək də, adlarını çəkmək istəmirik. Kənardan maddi-mənəvi və hərbi-siyasi dəstək olmadan bir terror təşkilatının 25 il yaşaması mümkün deyil. - Avropa Birliyinə üzvlük Türkiyəyə nə verəcək və ümumiyyətlə, Ankara AB-nin arxasınca nə vaxtadək qaçmaq fikrindədir? - Bu məsələ son bir neçə ilin məsələsi deyil, ulu öndərimiz Atatürkün qoyduğu və millətimizin mənimsədiyi müasir strateji hədəflərdəndir. Türkiyə-AB müzakirələrinin tək hədəfi üzvlükdür. Bizim bu hədəfə çatmağımızı əngəlləmək üçün ortaya çoxlu amillər atıla bilər. Amma AB də öz əhdinə vəfalı çıxmalıdır, əks halda öz dəyərlərini inkar etmiş olar. Odur ki, hansısa ölkə Türkiyəni öz yolundan döndərə bilməz. Ankara qarşılıqlı qazanc məqsədilə AB-yə üzvlük hədəfinə çatmaq üçün yetərli gücə, iradəyə sahibdir və sonuna qədər öz yolundan dönməyəcək. - Son olaraq, Türkiyənin Azərbaycandakı gələcək fəaliyyət istiqamətləri barədə nə deyə bilərsiniz? - Bölgədə və beynəlxalq aləmdə baş verən hadisələr Türkiyə ilə Azərbaycanın qarşılıqlı ziyarətlərlə müşahidə olunan əlaqələrinin dərinləşməsini vacib edir. Qarşıdakı müddətdə siyasi, iqtisadi, mədəni və hərbi əlaqələrimizin dərinləşdirilməsi və möhkəmləndirilməsi prosesi davam edəcək. Bu münasibətlərin dərinləşməsində müstəsna xidmətləri olan cənab İlham Əliyevi də növbəti dəfə prezident seçilməsi münasibətilə ürəkdən təbrik edirəm... ayna

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar