SON XƏBƏRLƏR

İRƏVANIN SİYASƏTİNDƏ QAFA QARIŞIQLIĞI

2021.10.20, 07:36
İRƏVANIN SİYASƏTİNDƏ QAFA QARIŞIQLIĞI

Gunaz.tv
36769_1 Həm qonşularla münasibətlərdə normallaşma istəyir, həm də köhnəlmiş və uğursuz siyasətindən bərk-bərk yapışır İsmayıl UMUDLU Amerikalı vasitəçi Metyu Brayzanın Ermənistanı Dağlıq Qarabağın Azərbaycana məxsusluğunu tanımağa çağırmasının, Rusiya xarici işlər naziri Sergey Lavrovun isə "həll edilməmiş bir-iki məsələ qalıb" açıqlamasının İrəvan siyasi çevrələrində bir çaşqınlıq yaratdığı və qafaları qarışdırdığı açıq hiss olunur. Axı indiyədək onların böyük əksəriyyətində bir illüziya vardı ki, tutduqları torpaqları nə yollasa özlərinə saydıra, bu mümkün olmasa, ən azı bir neçə rayonu geri qaytarmaqla, Dağlıq Qarabağı, üstəlik Kəlbəcər və Laçın rayonlarını özlərində saxlamağı bacaracaqlar. Amma aradan 20 il keçib və bu xülyalar baş tutmur. Beynəlxalq hüquq başqa söz deyir. İndisə, yəni aradan 20 il keçəndən sonra Sergey Lavrov Ermənistan - Azərbaycan danışıqlarının konfidensial saxlanan məzmununu nəzərdə tutaraq, "həll edilməmiş bir-iki məsələnin qaldığını" və "ilk öncə söhbətin Laçın dəhlizindən getdiyini", "düyünün açılmasının tam real olduğunu" deyir. Bu halda qafalar necə qarışmaya bilər ki? Hiss olunur ki, Ermənistanda Türkiyə və Azərbaycanla sülh olmasa, yaşamağın, Ermənistanın öz mövcudiyyətini normal sürdürməsinin mümkün olmayacağını düşünənlər çoxalır. Onlar dərk etməyə bilmirlər ki, əgər nəzarət altına alınan torpaqların "özününküləşdirilməsi" mümkün olsaydı, bu vaxtadək baş verərdi. Bu baş vermədi. Hətta qüdrətli İsrail üçün də bu mümkün olmadı, bizim gözlərimizin qarşısında Sinaydan, İordan çayının qərb sahilindən, Qəzzə bölməsindən çəkilməli oldular və indi Colan təpələrindən nə vaxt çəkiləcəkləri Suriya - İsrail danışıqlarının gündəmindədir. İki böyük dövlətin - Rusiya və Amerikanın rəsmi şəxslərinin (Metyu Brayza və Sergey Lavrovdan söhbət gedir) açıqlamasındakı bu iki mühüm detal Yaxın Şərqdəki gəlişmənin Ermənistan üçün də qaçılmaz olduğunu ortaya qoyur. Abdulla Gülün İrəvana səfərindən az sonra sərhədin açılacağı və Ermənistanın asudə nəfəs alacağına bəslənən ümidlər də özünü doğrultmadı. Bunun vaxt aparacağı ortaya çıxdı, özü də bu, xeyli vaxt apara bilər. Ankarada dövlətin qonşularla siyasətini müəyyən edən kişilər "çörəyi qulaqlarına yemirlər" və Ermənistan normallaşmasa, onunla hər hansı yol-iz söhbət mövzusu olmayacaq. Ankaradan əsən küləklərdən bu aydın duyuldu, baxmayaraq ki, Tiflisdə iki ölkə diplomatlarının təmasları davam edir. Bir sözlə, "Türkiyə ilə ilkin şərtlər olmadan əlaqələr qurulsun" tezisi özünü doğrultmadı. Ankaradakılar bu tezisin arxasında nələrin gizləndiyini aydınca anlamamış deyillər. Belə görünür, Ermənistan iqtidarı bu tezisi əldən buraxmaq fikrində deyil və onun uğur qazanacağına hələ də inanır. Hər halda, Ermənistan baş naziri Tiqran Sarkisyan Vaşinqtonda Kondoliza Rays ilə görüşündə bu mövqedə qaldıqlarını vurğulamışdır. DİASPOR "SOYQIRIM" MƏSƏLƏSİNİ GÜNDƏMDƏ SAXLAYACAQ Ermənistanın öz qonşuları Türkiyə və Azərbaycanla münasibətlərinin normallaşacağına ümidlərin yarandığı heç də o demək deyil ki, erməni diasporu da öz növbəsində buna rəvac verəcək. Bəlli olub ki, onlar sözdə "erməni soyqırımı"nın tanınması yönündə çalışmalarını davam etdirəcəklər və ABŞ-da qarşıdakı prezident seçkilərinə də bu aspektdən yanaşırlar. Amerikanın erməni liderləri respublikaçıların namizədi Con Makkeynin bu məsələdə tutduğu açıq və qətiyyətli mövqeyini "qorxulu" elan ediblər. "Belə bir fakt çox təhlükəlidir ki, Con Makkeyn "soyuq savaş" dönəminin mövqeyində dayanıb, bu mövqeyə görə Türkiyə ABŞ-ın misilsiz müttəfiqidir və onu təhqir etməyə haqqımız yoxdur", - bu fikri "Ermənilər Obamanın lehinə" təşkilatının sədri Armen İbranosyan deyib. Respublikaçı ermənilər isə deyirlər ki, Barak Obama prezident seçilərsə, bir vaxt Corc Buş edən kimi, ermənilərə verdiyi sözü tutmayacaq. ATƏT MİNSK QRUPUNUN FORMATINA ŞÜBHƏLƏR İrəvan mediasını izlədikdə, son zamanlar onların ATƏT Minsk Qrupunun indiki formatını şühbə altına alan fikirlərə geniş yer verdiklərini görürük, baxmayaraq ki, son zamanlara qədər bu formatdan dördəlli yapışmışdılar. Görünür, Metyu Brayzanın və Sergey Lavrovun açıqlamalarındakı detallar onlarda vahimə yaratmışdır və indi çıxış variantları üzərində baş sındırmalı olurlar. Səsləndirilən başqa bir ehtimal ondan ibarətdir ki, Rusiya və ABŞ arasında münasibətlər soyumaqdadır, ABŞ-da noyabr seçkilərindən sonra Rusiyaya münasibət daha da sərt şəkil alacaq və Minsk Qrupu ləğv ediləcək. Lakin Kondoliza Rays bütün bu dedi-qodu xarakterli mülahizələrə münasibət bildirərək söylədi ki, format qalacaq və onu dəyişdirmək cəhdlərinə əhəmiyyət verməmək gərəkdir. "ABŞ Qarabağ probleminin həll formatının ATƏT Minsk Qrupundan hər hansı başqa bir instansiyaya keçirilməsi üzrə təşəbbüslərin tərəfdarı deyil" - Kondoliza Rays bu bəyanatını Vaşinqtonda Ermənistan baş naziri Tiqran Sarkisyanla görüşündə səsləndirmişdir ("Arminfo"). Başqa sözlə, Avropa Birliyinin bu məsələdə söz sahibi olması real deyil. Ən azı ona görə ki, ABŞ bunu istəmədiyi kimi, Rusiya da bu məsələni öz nəzarətindən buraxmaq fikrində deyil, sülh isə Moskvanın istəyi olmadan bu gün üçün mümkünsüz görünür. Amma Tiqran Sarkisyan Vaşinqtonda bir məqama da toxunub. Metyu Brayzanın açıqlamasındakı detalı nəzərdə tutaraq "ərazi bütövlüyü prinsipini birtərəfli planda vurğulayan və beynəlxalq hüququn digər məlum prinsiplərinə diqqət yetirməyən" bəyanatları "təhlükəli" adlandırıb. RƏSMİ BAKININ "ƏLİ" GÜCLÜDÜR Rəsmi Bakının Abdulla Gülün İrəvana gəlişindən dolayı bütün ümidsiz proqnozlardan dolayı vahiməyə düşmədiyi təqdirəlayiq idi. Biz təmkinliyik və təsir altında deyilik - bunu hiss etdik və rahat nəfəs aldıq. Bizim prezident son günlər aydınca dedi ki, nəzarətimizdən çıxmış torpaqlar dincliklə özümüzə qaytarılmasa, Ermənistanı hər sahədə təcrid siyasətimizi davam etdirəcəyik. Bizə görə, bu söz qətiyyətlə deyilmiş bir mesaj kimi qavranılmalıdır. İnsafən bu dinc siyasət indiyədək özünü doğrultmuşdur. Konfliktdən dolayı düşdüyümüz iqtisadi itkilərin qarşılığında Ermənistan da ağır iqtisadi itkilər yaşamağa məcbur qoyulmuşdur və bunun ağrılarını yaşamaqdadır. Artıq Ermənistanın bu şəkildə yaşamağın mümkünsüz olduğu bir durumda olduğunu bilirik, özləri də etiraf edirlər. Odur ki, İrəvan siyasətçilərinin bəzən sanki vəziyyətin ağasıymışlar kimi fikir söylədiklərini, mühakimə yürütdüklərini gördükdə heyrətlənməyə bilmirik. Bunlar yalnız təbəssümlə qarşılana bilər. Bakının bu danışıqlarda "əli", bir çoxlarının zənn etdiklərinin əksinə olaraq, güclüdür. İrəvanda reallığı düzgün qiymətləndirməyi bacaranlar dərk etməyə bilməzlər ki, Bakının icazəsi olmadan Dağlıq Qarabağda hər hansı real beynəlxalq fəaliyyət mümkün deyil. Xarici erməni çevrələri bu bölgədə yalnız ianəçilik zəminində nələrsə edə, görüntülər yarada bilərlər, lakin ciddi maliyyə fəaliyyəti mümkün olmayacaq. Western Union Bankının Dağlıq Qarabağdakı fəaliyyəti ilə bağlı uğursuz əhvalat buna misal ola bilər. Bu məlum olduqda, Azərbaycan Milli Bankı bu ödəniş-hesablaşma sisteminin Azərbaycan ərazisində işini qadağan etdi. Western Union vitse-prezidenti Conatan Knaus Bakıya gəlib məsələni ayırd etdikdən sonra bu sistemin Azərbaycanın de-fakto nəzarətində olmayan Dağlıq Qarabağdakı ödəniş-hesablaşma əməliyyatları dayandırıldı və Azərbaycan ərazisində bu fəaliyyət yenidən bərpa edildi. Belə olduqda, Ermənistan Western Unionun əməliyyatlarını ölkə ərazisində dayandırdı. Amma hər halda, Ermənistanla müqayisədə Azərbaycandakı işləri Western Union üçün daha önəmli çıxdı. İRƏVANDA HANSI CƏRƏYAN ÜSTÜN GƏLƏCƏK Bizə görə, qarşıdakı aylarda vəziyyəti aydınlaşdıracaq ən mühüm amil İrəvandadır. Oradakı iki cərəyan - a) real düşünərək sülh arzulayanlar və b) köhnəlmiş xülya ilə yaşayaraq sülh arzulayanların hansının üstün olacağından söhbət gedir. Bunu dəqiq bilmək mümkün deyil. Çünki birincilər bunu istəsələr də, çox vaxt açıq deyə bilmirlər. Onlar dərhal türklərə satılmaqda ittiham olunurlar. Gedib Antalyada dincələn, Türkiyəni gəzib gələn, hər sahədə müqayisələr aparan ermənilər baş verənlərə real nəzərlərlə baxmaya bilmirlər. İkincilər isə öz mövqelərini sərgiləyərkən şizofrenik kimi görünməyə bilmirlər. Vəziyyət bu gün belədir. Buna ən yeni bir misal. İki-üç gün öncə daşnak fraksiyasından deputat, parlamentin müdafiə, təhlükəsizlik və daxili işlər daimi komissiyasının sədri Artur Aqabekyan qeyzli bir bəyanat verdi: "Biz Qarabağ münaqişəsi zonasında bir qarış torpağı belə Azərbaycan tərəfə verməyə razı deyilik" ("Reqnum"). Öz tarixi ampluasında (türklərə qarşı terror və düşmənçilik, "Böyük Ermənistan" yaratmaq xülyası) qalan bu partiyanın təmsilçisi qeyd etdiyimiz birinci cərəyanı nəzərdə tutaraq hədə-qorxu sovurub: "Biz demişik, bir daha deyirik ki, güzəştlər barədə Azərbaycan tərəfi ilə hər hansı mümkün razılaşmaya qarşı əvvəlcədən müəyyənləşdirilmiş tədbirlər görüləcək. Dağlıq Qarabağ ətrafında yerləşən torpaqlar, sadəcə, ərazilər deyil, əhalinin təhlükəsizliyi üçün mühüm şərtlərdən biridir". O iddia edib ki, hər hansı ərazi güzəştləri barədə bütün söhbətlər yalnız şayiələrdir. Belə çıxır ki, məxfi danışıqlardan yaxşı xəbərdar olan və nə danışdığını yaxşı bilən Sergey Lavrov şayiə buraxırmış (?)... BARIŞIQ HƏR BAXIMDAN MOSKVANIN FAYDASINADIR Amma bu mürəkkəb kaleydoskopda nələrisə bir az aşkar görüb-duymaq mümkün olur. Özəlliklə, İrəvan - Moskva, İrəvan - Ankara xəttində baş verənlərin təhlili, hər halda, müəyyən nəticələr çıxarmağa imkan verir. Nəzəri baxımdan yanaşdıqda, Rusiya Güney Qafqazda Amerikanın nüfuzunu azaltmaq, Gürcüstanın NATO üzvlüyünə əngəl olmaq istəyirsə, normal məntiq deyir ki, bunun üçün Azərbaycan və Ermənistanı barışdırmalı, İrəvanın Ankara ilə barışmasına razılıq verməli, Gümrü - Qars yolunun açılması ilə Gürcüstandan keçən Qərb - Şərq dəhlizinin əhəmiyyətini azaltmalı və Tbilisini daha "sözəbaxan" olmağa məcbur etməlidir. Bir sözlə, Güney Qafqazda öz iqtisadi mövcudiyyətini gücləndirməyə çalışmalıdır. O halda yaxın Rusiya ilə uzaq Amerikanın Güney Qafqazdakı geosiyasi rəqabətində birinci üstün çıxa bilər, bu isə Azərbaycan və Ermənistan arasında normal münasibətlər bərpa edilmədən mümkünsüz görünür. Ehtimalımıza görə, Moskva bu iki ölkə arasında sülh olmasını istəməyə başlamışdır (əvvəllər bunu sözdə istəyir, əməldə istəmədiyini görməyə bilmirdik). Bizə elə gəlir ki, hazırda iş Ermənistanı "yola gətirmək", Rusiyanın istədiyi şəkildə sülhə getməyə razı salmaq yönündə gedir. Sergey Lavrovun bu yaxınlardakı İrəvan səfərində bu aydın hiss olunurdu. İndi isə, yəni Sergey Lavrovun gəlişindən az keçmiş Rusiya prezidenti Dmitri Medvedyev oktyabrın 20-21-də İrəvana rəsmi səfərə gələcək və bu aspektdə orada nələrinsə Serj Sarqsyanla götür-qoy ediləcəyini gözləmək olar. Təbii ki, Amerika ilə arası sərinləşmiş olan Rusiya burada ikinci nüfuz sahibi kimi Türkiyəni görmək istərdi. Türkiyənin məlum sülh platformasını erməni politoloqları faktik olaraq Güney Qafqazın Rusiya və Türkiyə arasında təsir zonalarına bölünməsi üçün təklif kimi görürlər. Bu gün ona Moskvadan ehtiyatlı yanaşma hiss etdirilə bilərsə də, sabah vəziyyətin məhz bu yöndə qərarlaşacağı istisna deyil.ayna

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar