SON XƏBƏRLƏR

Ermənistan Araz çayını çirkləndirməkdə davam edir

2021.10.20, 07:36
Ermənistan Araz çayını çirkləndirməkdə davam edir

Gunaz.tv
Ermənistan Araz çayını çirkləndirməkdə davam edir kur.jpg Ermənistan ilə transsərhəd olan Araz çayında mis və fenolun miqdarı normadan dəfələrlə artıqdır Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin əməkdaşları tərəfindən Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə oktyabr ayının I ongünlüyü üçün növbəti monitorinq həyata keçirilib. Monitorinqin nəticələrinə əsasən Kür çayının Gürcüstan ərazisindən transsərhəd çirklənməyə məruz qalan məntəqələrində suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələrinin yol verilən qatılıq həddini (YVQH) dəfələrlə keçməsi müşahidə olunur. Belə ki, Şıxlı-2 məntəqəsində suyun əsas çirkləndiricilərindən fenollar 2, mis birləşmələri 4 dəfə, Ağstafaçayda mis birləşmələri 3 dəfə (fenollar norma daxilindədir), Ağstafaçay su anbarında isə fenollar 2, mis birləşmələri 3 dəfə yol verilən qatılıq həddini (YVQH) keçib. Biogen maddələr və ammonium ionları norma daxilində olsa da, nitrit ionları Kür çayının Şıxlı-2 məntəqəsində 2 dəfə , Ağstafaçay məntəqəsində isə 1.9 dəfə yol verilən qatılıq həddini (YVQH) keçib. Buna səbəb Gürcüstan və Ermənistan ərazisindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət, heyvandarlıq və sənaye müəssisələrinin çirkab sularıdır. Ermənistan ilə transsərhəd olan Araz çayında da mis və fenolun miqdarı normadan dəfələrlə artıq müşahidə olunub. Çayın Horadiz, I Şahsevən, Bəhramtəpə məntəqələrində suyun əsas çirkləndiricilərindən fenollar 3, mis birləşmələri 4 dəfə yol verilən qatılıq həddini (YVQH) keçib. Biogen maddələrdən nitrat və ammonium ionları norma daxilində olsa da nitrit ionları Araz çayının Horadiz məntəqəsində 1.2, Bəhramtəpədə 1.6, I Şahsevəndə 1.8 dəfə yol verilən qatılıq həddini (YVQH) keçib. Bunun da səbəbi Ermənistan ərazisindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan çirkab sulardır. Suyun oksigen rejimi bütün məntəqələrdə 5.28-6.64 mq/l arasında dəyişərək norma daxilində olub./ANSPRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar