SON XƏBƏRLƏR

Çin dünyanı xilas edəcək . Bu ölkə maliyyə böhranını daha asan keçirir

2021.10.20, 07:36
Çin dünyanı xilas edəcək . Bu ölkə maliyyə böhranını daha asan keçirir

Gunaz.tv
Çin dünyanı xilas edəcək Bu ölkə maliyyə böhranını daha asan keçirir ABŞ prezidenti Corc Buş "Böyük səkkizlik" ölkələrinin dövlət başçıları ilə maliyyə böhranı ilə mübarizəyə həsr olunmuş müşavirə keçirmək niyyətindədir. Məlumatı ABŞ prezidenti ilə görüşən İtaliyanın baş naziri Silvio Berluskoni verib. Onun sözlərinə görə, görüş iki-üç həftə sonra baş tutacaq. Amerika prezidentinin ölkənin maliyyə sisteminə müdaxilə etmək üçün radikal planlar elan edəcəyi gözlənilir. Onun bazarlarda canlanmanı yaratmağa yönəlmiş daha öncəki təklifləri nəticə verməyib. Yayılan məlumata görə, Amerikanın Maliyyə Nazirliyi ölkənin doqquz əsas bankında səhmləri almaq üçün 250 milyard dollar xərcləyəcək. ABŞ-nın son addımı Avropa hökumətlərinin eyni tədbirləri görməsinə təsadüf edib. "BBC"nin eksperti bildirib ki, bu təklif bank sisteminin qismən milliləşdirilməsinə bərabərdir. Bu isə Buş administrasiyasının yeritdiyi siyasətin tam əksidir. Beynəlxalq Valyuta Fondu (BVF) öz növbəsində maliyyə sahəsində böhran hallarına qarşı müqavimət göstərmələri üçün ayrı-ayrı ölkələrə təcili qaydada kreditlər verməyə hazır olduğunu açıqlayıb. Bu barədə fondun rəhbəri Domenik Stross-Kan mətbuat konfransında bəyan edib:"BVF yardımın göstərilməsi ilə bağlı sorğulara dərhal reaksiya vermək məqsədilə təcili qaydaları işə salıb". D.Stross-Kan hesab edir ki, hazırki maliyyə böhranı sürətli və qətiyyətli birgə fəaliyyət nəticəsində aradan qaldırıla bilər. Bununla yanaşı, burada milli səviyyədə həll kifayət etmir. O bəyan edib ki, dünya maliyyə sisteminin bütün arxitekturası böhrandan və dünya iqtisadiyyatının qloballaşdırılmasından alınan dərslərdən sonra dəyişməlidir. 2003-cü ildə fondun kreditlərinin həcmi 110 mlrd. dollar təşkil edib, lakin 2008-ci ildə dünya iqtisadiyyatının aktiv artımı və inkişaf etməkdə olan ölkələrin maliyyə sisteminin möhkəmlənməsi fonunda cəmi 17 mlrd. dollaradək aşağı düşüb. D.Stross-Kanın sözlərinə görə, hazırda fondun ixtiyarında yüz milyardlarla dollar var. Fondun kreditini birinci üç iri bankı iflas etdikdən və valyutası qiymətdən düşdükdən sonra iflas həddində olan İslandiya ala bilər. Böyük ödəniş kəsirlərinə malik Şərqi Avropa ölkələri də təhlükə zonasındadırlar. Belə ki, iri həcmdə borcu olan Estoniyanın ödəniş balansının kəsiri ÜDM-nin 16 faizi, Bolqarıstanda 25 faizi həcmindədir. Son günlər Meksika, Braziliya, Perunun milli valyutaları ucuzlaşır və bu ölkələrin hakimiyyəti intervensiya məqsədilə valyuta ehtiyatlarını xərcləmək məcburiyyətindədirlər. Müqayisə üçün deyək ki, BVF 1997-1998-ci illərdə Asiya böhranı zamanı bir sıra Asiya ölkələrinə və Rusiyaya on milyardlarla dollar təqdim etmişdi. Sərmayədarlar G7 maliyyə nazirləri və Mərkəzi Banklarının rəhbərlərinin Vaşinqtonda keçiriləcək iclasının və həftə sonunda BVF sessiyasının yekunlarını səbrsizliklə gözləyirlər. Onlar aparıcı sənaye ölkələrinin pul hakimiyyətlərinin böhranın aradan qaldırılması üzrə əlaqələndirilmiş addımlar atacaqlarına ümid edirlər. Bu arada bəlli olub ki, Çin bir sıra ölkələrə 1930-cu illərdən bəri yaşanan ən güclü maliyyə böhranından çıxmaqda kömək edə bilər. Bu barədə Dünya Bankının aparıcı iqtisadçısı Castin Lin bəyanat verib. Çinin sabit və sürətli iqtisadi inkişafı dəstəkləməsi dünya iqtisadiyyatına ən vacib töhfədir: "Bu, təkcə Çinin ixracını artırmır, həm də o biri ölkələr üçün böyük satış bazarı verir. Hesab edirəm ki, böhran şübhəsiz ki, Çindən də yan keçməyəcək. Belə ki, ixrac Çinin iqtisadi inkişafının çox mühüm hissəsidir. Lakin ÇXR bu böhranı inkişaf etməkdə olan digər iqtisadiyyatlardan fərqli olaraq daha asan keçirə bilər".

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar