SON XƏBƏRLƏR

ƏRDOĞAN HÖKUMƏTİ ORDUYA QARŞI . PKK hücumuna görə baş qərargahın günahlandırılması ölkəni qarışdırıb

2021.10.20, 07:36
ƏRDOĞAN HÖKUMƏTİ ORDUYA QARŞI . PKK hücumuna görə baş qərargahın günahlandırılması ölkəni qarışdırıb

Gunaz.tv
ƏRDOĞAN HÖKUMƏTİ ORDUYA QARŞI PKK hücumuna görə baş qərargahın günahlandırılması ölkəni qarışdırıb Türkiyədə PKK terrorçularının Hakkari bölgəsində 17 əsgərin həlak olması ilə nəticələnən son qanlı hücumundan sonra hökumət, müxalifət və ordu arasında açıq və ya gizli savaş gedir. Belə ki, hökumət üstüörtülü şəkildə bu hücumun qarşısını ala bilmədiyinə görə silahlı qüvvələri və onun Baş Qərargahını ittiham edib. Hökumətə bağlı media isə bu ittihamları üstüörtülü yox, açıq şəkildə irəli sürür. Xarici mətbuatın da qeyd etdiyi kimi, Türkiyədə dünyəvi sistemin təminatçısı olan silahlı qüvvələr tarixində ilk dəfə bu cür açıq hücumlara və ittihamlara məruz qalır. Hökumətə bağlı “Tərəf” qəzetinin dünənki manşet xəbərində deyilir ki, Baş Qərargah PKK-çıların Hakkaridə jandarma qüvvələrinin kazarmasına hücum planından əvvəlcədən xəbərdar olub, lakin bu hücumun qarşısını almaq üçün yetərli tədbirlər görməyib. Qəzet Baş Qərargahı həmin hücumla bağlı yalan məlumatlar yaymaqda və öldürülən PKK-çıların sayını şişirtməkdə də günahlandırıb. Qəzetin iddiasına görə, Baş Qərargah PKK-nın hücum planı haqda əvvəlcədən bütün detalları ilə məlumatlı olub. Üstəlik hücum 3 saat yarım əvvəldən pilotsuz kəşfiyyat təyyarələrinin kameraları vasitəsilə birbaşa olaraq izlənilib. Qəzet bu iddiaları jandarma kəşfiyyatından əldə edilən məlumatlara əsasən irəli sürür. Bildirilir ki, Baş Qərargah hücuma başçılıq edən terrorçunun adını belə bilirmiş. Hücumun edildiyi 4 oktyabrdan iki gün əvvəl PKK-çıların silah-sursat yüklənmiş 25-30 qatırla Hakkari bölgəsinə keçdiyi də müəyyən olunub. Qəzet Baş Qərargahın hücumdan iki gün əvvəl bölgəyə əlavə komandos birlikləri və vertolyotlar göndərildiyi haqda açıqlamasının da yalan olduğunu yazıb. Bildirilir ki, jandarma kəşfiyyatı əlavə birliklərin hücumun ardınca bölgəyə göndərildiyini müəyyən edib. Həmçinin bildirilir ki, hücumun ardınca PKK-çıları iki F-16 təyyarəsinin vurduğu haqda Baş Qərargahın məlumatı şübhə altına alınır, bildirilir ki, hücumdan sonra sadəcə vertolyotlar havaya qaldırılıb. Digər iddiaya görə, hücum zamanı 23 PKK-çının öldürülməsi də həqiqətə uyğun deyil, belə ki, jandarma kəşfiyyatı cəmi 5 PKK-çı cəsədinin aşkar olunduğunu, 30-a qədər PKK-çının isə ölmüş ola biləcəyi haqda təxminlərin olduğunu bildirir. Bu iddialara Baş Qərargahın münasibəti məlum deyildi, ancaq gözlənilirdi ki, hökumətə bağlı qəzetin irəli sürdüyü iddialar silahlı qüvvələrdə qəzəblə qarşılanacaq. Çünki ordunu gözdən salmağa yönələn bu cür kampaniya yeni deyil. Qeyd edək ki, PKK-nın Hakkari hücumundan sonra “Tərəf” qəzeti Hərbi Hava Qüvvələrinin komandanı, ordu generalı Aydoğan Baboğlunun Antalyada qolf oynayarkən çəkilmiş fotosunu manşetdən verərək qalmaqal yaradıb. Bundan sonra hökumətə bağlı media generalı görünməmiş şəkildə tənqid edilib. Baxmayaraq ki, bu hücumda HHQ-nin birbaşa məsuliyyəti yox idi və Türkiyə aviasiyası Babaoğlunun komandanlığı altında bir il ərzində şimalındakı PKK hədəflərinə dəfələrlə sarsıdıcı zərbələr endirmişdi. Məlum olub ki, bu fotonun dərc edilməsindən sonra Babaoğlu silahlı qüvvələrin tarixində ilk dəfə olaraq öz tabeçiliyində olan zabitlərə izahat xarakterli məktub göndərərək kampaniyanın hava qüvvələrini nüfuzdan salmağa hesablandığını göstərib. Dünən isə Babaoğlu ürək ağrıları ilə Gülhanə Hərbi Tibb Akademiyasına aparılıb. Həkimlər hədsiz stress nəticəsində onun ürəyində problemlər yarandığını müəyyən ediblər. Qeyd edək ki, bir neçə gün əvvəl hökumət sözçüsü, baş nazirin müavini Cəmil Çiçək mətbuat konfransı zamanı Baş Qərargahın İraqın şimalındakı PKK düşərgələrində baş verənləri anbaan izlənildiyi haqda əvvəllər verdiyi bəyanatı şübhə altına alıb: “Əgər beləydisə necə oldu ki, bu qədər çoxsaylı PKK-çı qrupu ölkəyə keçib bu hücumu törətdi?” Hökumətin üstüörtülü və ya açıq formada silahlı qüvvələri PKK hücumlarına görə gühankar çıxarmaq səyləri MHP başqanı Dövlət Baxçalını qəzəbləndirib. Baxçalı dünən partiyasının parlament qrupu qarşısında çıxışı zamanı çox sərt üslubda hökuməti və baş nazir Rəcəb Tayyib Ərdoğanı tənqid edib. O deyib ki, hökumət silahlı qüvvələri gühankar çıxarmağa çalışır, əsgərləri ittiham edir. “Terrora görə tək məsuliyyət daşıyan AKP iqtidarıdır. AKP daxilində PKK təbliğatçıları var. Bu iqtidar terroru İraqdan idarə edən, Bərzani adlanan qəbilə rəisi ilə bir masaya oturur. Hökumət baş rolunu Bərzaninin oynadığı oyunun bir parçasına çevrilib. Terrorun başı Bərzani, idarəçisi Qəndil, himayədarı AKP-dir”, deyə Baxçalı bildirib. AKP-yə bağlı mediada hava qüvvələrinin komandanına qarşı yönələn tənqidlərə işarə edən Baxçalı bildirib ki, 2003-cü ildə İraqın şimalında Amerika əsgərlərinin türk əsgərlərinin başlarına çuval keçirib əsir götürəndə baş nazir İstanbulda dayanacaq açılışında iştirak edirdi və öz proqramını pozmadı: “Biz bunu unutmamışıq”. Daha sonra MHP lideri baş nazir Ərdoğanın onu nəzərdə tutaraq “ağzı olan danışır” ifadəsinə də cavab verib. “Bizə sizmi yol göstərəcəksiniz? MHP-nin İraqın şimalında bufer zonasının yaradılması təklifi nəyə görə baş naziri bu qədər təşvişə salıb? Onun silahlı qüvvələrin İraqın şimalına girməyəcəyi haqda vədi var, baş nazir Qəndil düşərgələri barədə kimlərəsə gizli sözmü verib?” Qeyd edək ki, dünən Türkiyə Xarici İşlər Nazirliyinin nümayəndə heyəti İraqın şimalına səfər edərək bölgəyə nəzarət edən kürd administrasiyası ilə danışıqlar aparıb. Bu, son bir neçə il ərzində Türkiyənin İraqın şiamlındakı kürd administrasiyası ilə ilk rəsmi təmasıdır. Hökumət bildirir ki, danışıqların məqsədi İraqın şimalındakı kürd administrasiyasını PKK-ya qarşı birgə mübarizəyə inandırmaqdır. Heyət daha sonra Bağdada gedərək orada olan Məsud Bərzani ilə görüşməlidir. Türkiyə hökuməti Bərzani ilə danışıqlara PKK-nın son hücumlarından sonra qərar verib. Bu, terrorla mübarizənin yeni strategiyası kimi təqdim edilir. Müxalifət isə PKK terroruna qarşı açıq dəstək verən Bərzani ilə bir masa arxasına oturmağı Türkiyənin terrorçularla danışıqlara məcbur edilməsi kimi qiymətləndirir. Qeyd edək ki, silahlı qüvvələrin Baş Qərargahı da Bərzanini və onun administrasiyasını rəsmən tanımır. F.MƏMMƏDOV musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar