SON XƏBƏRLƏR

TÜRKİYƏ VƏ AZƏRBAYCAN GÜRCÜSTANIN FEDERALLAŞMASINI İSTƏMƏZ

2021.10.20, 07:36
TÜRKİYƏ VƏ AZƏRBAYCAN GÜRCÜSTANIN FEDERALLAŞMASINI İSTƏMƏZ

Gunaz.tv
“TÜRKİYƏ VƏ AZƏRBAYCAN GÜRCÜSTANIN FEDERALLAŞMASINI İSTƏMƏZ” Nəsib Nəsibli: “Rus mətbuatının yazdıqları təxribatdır” Zəlimxan Məmmədli: “Borçalı türkləri Gürcüstanın ərazi bütövlüyü çərçivəsində öz haqlarını əldə etməlidirlər” Cənubi Qafqazda imperialist siyasətini davam etdirən Rusiya bölgədəki dövlətləri bir-birinə qarşı qoymaqdan ötrü zaman-zaman müxtəlif planlar qurur. Elə bugünlərdə Rusiya mətbuatında Azərbaycan və Gürcüstanın münasibətlərinin gərginləşməsi məqsədi güdən yazının rus mətbuatında dərci bunun əlaməti kimi qiymətləndirilir. Rusiyanın “RBK Daily” agentliyinin “Bakı ilə Ankara Gürcüstanı federallaşdırmaq üçün Tiflisə təzyiqləri gücləndirmək niyyətindədir” məzmunlu yazısı Moskvada yeni gərginlik ocağının yaradılması ilə bağlı planın hazırlanmasından xəbər verir. Rus mətbuatı iddia edir ki, Türkiyə və Azərbaycan Gürcüstandan Acarıstan bölgəsinə real muxtariyyət statusunu qaytarmağı, Borçalı bölgəsində yaşayan azərbaycanlılara muxtariyyət statusunun verilməsini və Məshəti türklərinin Gürcüstana qayıdıb yerləşdirilməsini tələb etmək niyyətindədir. Eyni zamanda Azərbaycanın Xarici İşlər Nazirliyinin Gürcüstanda yaşayan azərbaycanlılara kütləvi şəkildə vətəndaşlıq verməyə hazırlaşdığı da iddia olunur. Eyni vaxtda Türkiyə XİN-dəki anonim mənbəyə istinadən “Milliyet” qəzetinin bu mövzuda yazması isə digər versiyalara yol açır. Ancaq millət vəkili Nəsib Nəsibliyə görə, rus mətbuatında əksini tapanlar təxribat məqsədi güdür: “Nə Türkiyə, nə də Azərbaycan Gürcüstanın federallaşmasını istəmir. Çünki bu, ilk öncə Azərbaycanın milli və dövlət marağına uyğun gəlmir. Gürcüstan federallaşdığı təqdirdə növbəti addım Azərbaycanla bağlı olacaq. Bu mənada Azərbaycan hökuməti heç cür Gürcüstanın federallaşmasını istəməz”. Amma N.Nəsibli borçalılıların problemlərinin olduğunu etiraf etdi: “Borçalıda yaşayan soydaşlarımızın təhsil, inzibati orqanlarda təmsilçilik, torpaq və sairlə bağlı problemləri var. Amma bu, o demək deyil ki, rus mətbuatında deyildiyi kimi, Azərbaycan və Türkiyə hökuməti belə provokasion işlər görür”. KXCP Ali Məclisinin sədri Zəlimxan Məmmədli də Gürcüstanın federativ dövlətə çevrilməsinin daha çox Rusiya siyasi dairələrinin arzuları olduğunu bildirdi: “Borçalı ”kartından" bu şəkildə istifadə etmək istəyirlər. Hansısa qüvvələrin federasiya məsələsi ilə borçalılıları şirnikləşdirib etnik zəmində yeni münaqişə ocağı yaratmaq niyyəti var". Z.Məmmədli buna heç bir əsas olmadığını vurğuladı: “Azərbaycanın marağı Gürcüstanda separatçılığın tam aradan qaldırılması və demokratik Gürcüstanın qurulmasıdır. Borçalılıların da qarşısında duran əsas məsələ budur. Borçalı türkləri Gürcüstanın ərazi bütövlüyü çərçivəsində öz haqlarını əldə etməlidirlər”. Azərbaycan XİN-in Borçalı türklərinə öz pasportlarını paylamağa hazırlaşdığı haqda iddialara gəldikdə, nazirliyin mətbuat katibi Xəzər İbrahim məsələyə bir cümlə ilə münasibət bildirdi: “Biz bu kimi cəfəngiyyat və təxribatları şərh etmirik”. ELŞAD musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar