SON XƏBƏRLƏR

Samtse-Cavahetiyanın erməni əhalisinə Rusiya pasportları verilir

2021.10.20, 07:36
Samtse-Cavahetiyanın erməni əhalisinə Rusiya pasportları verilir

Gunaz.tv
Soso Siskarişvili: "Əgər Ermənistan hakimiyyəti öz soydaşlarına təzyiq göstərməsə, rəsmi Tiflis növbəti separatizm ocağının yaranmaması üçün addımlar atacaq" İki gündür ki, Gürcüstanın Azərbaycan və Türkiyə ilə arasını vurmaq məqsədilə Rusiyanın, eləcə də Ermənistanın növbəti informasiya təxribatının şahidi oluruq. Guya Azərbaycan hökuməti gürcüstanlı soydaşlarımıza pasport verir, guya Gürcüstana qoşun yeridəcəyik və s. Halbuki, Azərbaycanda hamıya yaxşı bəllidir ki, Gürcüstandan ölkəmizə köçən soydaşlarımıza pasport verilmir, ümumiyyətlə, bu müşkül məsələdir. Digər tərəfdən, gürcülər Cənubi Osetiya münaqişəsilə bağlı Azərbaycanın mövqeyindən razıdır. Gürcüstanın ABŞ-dakı səfiri Vasil Sixarulidze bildirib ki, Onun sözlərinə görə, Azərbaycan Gürcüstan üçün çox mühüm tərəfdaş və yaxın dost ölkə hesab olunur: "Bizim çox əla ikitərəfli münasibətlərimiz var və bu gələcək üçün yeni imkanlar açıb. Göytürk Azərbaycanla Gürcüstan bir yerdə işləməkdə davam edəcək". Vasil Sixarulidze Gürcüstanda baş verən böhran vaxtı Azərbaycan hökumətindən ölkəsinə böyük dəstək olduğunu söyləyib: "Hazırda Gürcüstanla Azərbaycan arasında münasibətlər dərinləşməyə doğru gedir. Analitiklərin Azərbaycan-Gürcüstan münasibətləri haqqında nə deməsindən asılı olmayaraq, sizin ölkə bizim üçün çox yaxın dost və tərəfdaşdır. Çalışacağıq ki, gələcəkdə də həm Gürcüstan, həm də Azərbaycan birgə əməkdaşlıqda maraqlı olsunlar". Diplomat Dağlıq Qarabağ münaqişəsilə əlaqədar Gürcüstanın Azərbaycanın ərazi bütövlüyünü beynəlxalq hüquq çərçivəsində dəstəklədiyini də vurğulayıb. Maraqlıdır ki, gürcü politoloqları Rusiyanın Gürcüstan-Azərbaycan əlaqələrilə yanaşı, Gürcüstan-Ermənistan münasibətlərini pozmağa çalışdığını, Gürcüstan vətəndaşı olan azərbaycanlının, erməninin muxtariyyat tələbində bulunmadığını bildirirlər. Xüsusi vurğulamaq lazımdır ki, həqiqətən də azərbaycanlıların Gürcüstan dövlətçiliyinin əleyhinə çıxması haqqında hər hansı informasiya məlum deyil. Eyni zamanda Gürcüstanın bu ağır günlərində soydaşlarımızın hər hansı muxtariyyat tələbilə çıxış etməsi, gürcü hökuməti əleyhinə hər hansı çıxışı haqqında informasiya də gündəmə gəlməyib. Amma ermənilər haqqında bunu demək mümkün deyil. Avqust müharibəsi zamanı Ermənistan birmənalı olaraq Rusiyanın təcavüzünü dəstəkləyirdi, erməni mətbuatu, erməni rəsmiləri "soyqırıma", "etnik təmizləməyə" məruz qalan Cənubi Osetiyaya humanitar yardım göndərilməsindən danışırdılar. Ötən iki ay ərzində erməni mətbuatı Gürcüstanı təhqir atəşinə tutub, ruslar nə deyibsə, onu da təkrarlayıblar. Gürcü politoloqları bunu etiraf etməsələr də, Mixail Saakaşvili Serj Sərkisyana "şərəf" ordeni versə də, döyüşlər zamanı Gürcüstan Rusiyadan Ermənistana ötürülən qazı kəsməsə də ermənilər gürcülərə qarşı genişmiqyaslı təxribatlara, təzyiqlərə hazırlaşırlar. Rus təyyarələri Gümrüdəki bazadan qalxıb Gürcüstanı bombaladığı kimi yaxın gələcəkdə Cavahetiyadakı erməni separatizminin məhz İrəvandan, açıq-aşkar dəstəkləndiyinin şahidi olacağıq. Həmin vaxt isə indi Ermənistandan Gürcüstana çəkilən İrəvan-Batumi şosse yolu Rok keçidinə bənzəyəcək. Cənubi Osetiyanı bəhanə edib bu keçiddən hücum edən Rusiya "forpost" ermənilərin Cavahetiyada "etnik soyqırıma" qalmasının qarşısını almaq üçün Gürcüstana müdaxilə edəcək. Dağlıq Qarabağ münaqişəsinə görə, Abxaziya və Cənubi Osetiya separatizminə haqqı qazandıran "forpost" və işğalçı Ermənistandan bunu hər an gözləmək lazımdır. Yeri gəlmişkən, onu da vurğulayaq ki, son günlər Dağlıq Qarabağ münaqişəsinin həlliylə bağlı erməni rəsmilərinin bəyanatlarında bir "soyuqluq" hiss olunur. Münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli tələbi Ermənistanı yenidən Rusiyanın Gürcüstan əleyhinə (əslində BTC, BTƏ, BTQ) təxribatlarının icraedicisinə çevirə bilər. Bu dəfə "forpost" Ermənistan NATO-ya girmək istəyən Gürcüstana qarşı açıq-aşkar çıxa bilər. Ermənistana qaçan gürcü "rezervisti" İrəvanda "teleulduza" çevrilib Avqust döyüşləri zamanı olduğu kimi, son günlər də erməni mətbuatında Gürcüstan əlayhinə materialların sayı xeyli artıb. Müharibə zamanı Mixail Saakaşvilinin "dəli" olmasından, gürcü ordusunun qaçmasından, gürcülərin erməniləri gözüm- çıxdıya salmasından yazan Ermənistan KİV-i taktikanı dəyişdirib. İndi gürcülərin Ermənistana gələn benzini oğurlamasından yox, daha çox müharibə zamanı Saakaşvili rejiminin "yüzlərlə mülki şəxsi qətlə yetirməsindən" yazılır. İrəvanda çıxan "Üçüncü qüvvə" adlı qəzet iddia edir ki, Mixail Saakaşvilinin xüsusi əmrilə Gürcüstan ordusunun arxa cəbhəsində "cəza dəstələri" yaradılıb, döyüşə girməyən, geri qaçan əsgərləri güllələyib. Ermənilərin xəbərinə görə, bu xüsusi dəstə Gürcüstan hökumətinin "şahinlərindən" biri Vano Merabaşvilinin rəhbərliyi altında DİN-in xüsusi dəstəsinin əməkdaşlarından təşkil olunub. Erməni qəzeti deyir ki, həmin dəstənin geri qaçan əsgərləri atəşə tutması orduda panika yaradıb, bəziləri qonşu ölkələrə qaçıblar: "Gürcü rezervistlərindən bir neçəsi Ermənistan sərhədini keçib, İrəvanda yaşayan qohumlarıgilə gəliblər. Həmin şəxslərdən biri sentyabrın 18-də "ALM" telekanalına müsahibə verib, gürcü rəhbərlərinin qeyri-insani hərəkətləri barədə sensasiyalı xəbər açıqlayıb". Erməni qəzeti Gürcüstanın Cənubi Osetiyada soyqırım törətməsi haqqında Rusiyanın iddialarını əsaslandırmaq üçün həmin "rezervistin" bəyanatına geninə-boluna yer verir. Adı çəkilməyən "rezervist" hücuma keçməyən əsgərləri Vano Mirabaşvilinin xüsusi dəstəsinin atəşə tutduğunu söyləyir və s. Maraqlıdır ki, gürcü əsgərin müsahibəsi haqqında, onun arxasınca Samtse-Cavahetiya erməniləri də danışmağa başlayıb. Rayonun keçmiş vitse-meri, "Cavaxk" Xalq Hərəkatının keçmiş rəhbəri Horayr Toroyan bütün Gürcüstan əhalisinin kriminal Saakaşvili rejiminin qurbanı olduğunu bildirib. Axalkalaki sakini Arakel Maysuryan da "Cənubi Osetiya əleyhinə avantüra" zamanı ermənilərin məskunlaşdığı Cavaheti ərazisində hərbi təlimlər keçirildiyi, yerli əhalinin bu ad altında səfərbərliyə alındığını, sonra bu hərbi təlimlərin Qoriyə, oradan da Cənubi Osetiyaya keçdiyini vurğulayıb. Ermənilər iddia edirlər ki, oxşar ssenari azərbaycanlılarnı məskunlaşdığı Kvemo-Kartli bölgəsində də hazırlanıb: "Yəni rəsmi Tiflis üsyançı Abxaziya və Cənubi Osetiyanın məsələsini erməni və azərbaycanlıların əliylə həll etməyə, birini, o birinin əliylə məhv etməyə çalışıb. Amma səfərbərlik haqqında xəbər Cavakx ermənilərini elə narazı saldı ki, gürcü hakimiyyəti bu ideyadan əl çəkdi". Ermənilər gürcü rahibələrini narkotika satmaqda günahlandırırlar Bu günlərdə Cavahetiyadan üç günlük səfərdən dönən səkkiz erməni tarixçisindçn ibarət "Serund" ("Nəsil") təşəbbüs qrupunun nümayəndələri Semtse-Cavahetiya ermənilərinin mədəni, təhsil, dini vəziyyətini böhranlı sayıb. Tarixçi Atak Movsisyanın sözlərinə görə, əgər tezliklə ciddi addımlar atılmasa, Cavahetiya da ermənilərin yaşamadığı Naxçıvana bənzəyəcək. Qayk Muradyan deyib ki, Cavahetiyada ermənilərin teatrı, musiqi qrupu yoxdur, mədəniyyət evi dağılıb, yalnız erməni dilində "Arşalus" qəzeti fəaliyyət göstərir. Ermənistandan mətbuat az gətirilir, az sayda erməni kilsəsi fəaliyyət göstərir. Eduard Saribekyan bildirib ki, Pərvanə çayı sahilindəki qadın monastrındakı rahibələr narkotika satırlar, vəziyyətin kriminallaşması nəticəsində yaxınlıqdakı kənddə erməni qalmayıb. "Serund" üzvləri Cavahetiya məktəblərinin vəziyyətinin pis olduğunu, erməni dilində ədəbiyyat olmadığını, ermənilərin ali təhsil almaq üçün İrəvana getdiklərini, öz yerlərində iş tapa bilmədiklərini də söyləyiblər. Ümumiyyətlə, Serj Sərkisyanın səfərindən sonra Cavahetiyaya "tarixçi" qrupunun getməsi İrəvanın Tiflis əleyhinə yeni təxribat planlarından xəbər verir. "Tarixçilər"in qaldırdıqları məsələlərə diqqət yetirin. Ayk Çobanyan "Cavaheti ermənilərinin problemlər içində boğulduğunu", Eduard Saribekyan "Sayı çox olsa da Cavahetiyada 2-3 erməni kilsəsinin fəaliyyət göstərdiyini, amma hökumətin onları gürcü kilsəsi sayaraq açmağa icazə vermədiyini" deyib. Ayk Muradyan "orta əsrlərə dair tarix kitablarında erməni ərazilərinin gürcü torpaqları kimi göstərilməsini", "erməni dilində biologiya kitabında heyvanların erməni dilində deyil, gürcü dilində adlandığını" billdirib. Artak Movsisyan isə bildirib ki, Gürcüstan 2005-ci ilə Avropa Şurasının milli azlıqlar haqqında çərçivə sazişini imzalayıb. Erməni tarixçisi bu sənədə əsaslanaraq Cavahetiyanın erməni əhalisinin problemlərini beynəlxalq səviyyədə həll etməyi vacib sayıb. Tarixçilər Ermənistan hökumətinə Cavahetiyanın erməni əhalisinin problemlərinin dövlət səviyyəsində həll olunması məqsədilə Gürcüstanla saziş imzalamağı təklif ediblər. Əgər belə bir addım atılmasa, "Serund" qrupu Avropa instansiyalarına müraciət ünvanlayacaq. Bu qrupun bəyanatları, açıqlamaları Dağlıq Qarabağ münaqişəsi ərəfəsində, 1987-1988-ci illərdə Qarabağ ermənilərinin pis vəziyyəti haqqında erməni tarixçilərinin, iqtisadçılarının iddialarını xatırladır. İrəvan-Batumi yoluyla rus qoşunları hərəkət edəcək? Oktyabrın 6-da keçirilən "İrəvan-Tiflis" tele-körpüsü zamanı Qafqaz İnstitutunun direktoru Aleksandr İsgəndaryan deyib ki, Ermənistan-Gürcüstan münasibətləri heç zaman çox yaxşı olmayıb, çünki bu ölkələr ayrı-ayrı istiqamətlərdə gedirlər. Gürcü politoloqu Soso Siskarişvili isə həmin telekörpüdə bildirib ki, Axalkalaki vasitəsilə Batumu Ermənistanla birləşdirən şosse yolu həm Gürcüstan, həm də Ermənistan üçün çox vacibdir, amma bu layihəyə Rusiyanın maneəçiliyi çoxdur. Onun sözlərinə görə, "Rusiyanın Gürcüstana təcavüzü zamanı" bu şosse yolundan istifadə etmək təhlükəsi qalır: "Rusiya qoşunları Gürcüstan ərazisindən çıxaraq Ermənistanda yerləşdilər, amma yenidən yenidən Gürcüstana qayıtmağı arzulayırlar". Siskarişvili İrəvan-Batumi yolunu RF baş naziri Vladimir Putinin "ev tapşırığı" sayır, çünki o hələ yaza qədər Gürcüstanla məsələləri yoluna qoyacağını vəd edirdi: "Heç kəs qarantiya verə bilməz ki, gələcəkdə İrəvan-Batumi şosse yolu ilə Rusiya qoşunları hərəkət edəcək yoxsa, yox?. Rusiyanın aktiv təzyiqlərini, Ermənistanda rus qoşunlarının olmasını nəzərə alsaq, bunu istisna etmək mümkün deyil. Gürcü analitikinin fikrincə, avqust hadisələrindən sonra Batumi-İrəvan yolunun çəkilməsi ehtiyacı hiss olundu: "Amma Tiflis bununla bağlı müəyyən narahatçılıq içindədir. Samtse-Cavahetiyanın erməni əhalisinə Rusiya Federasiyasının pasportu verilir. Əgər Ermənistan hakimiyyəti öz soydaşlarına müvafiq təzyiq göstərməsə, rəsmi Tiflis növbəti separatizm ocağının yaranmaması üçün addımlar atacaq". xalqcebhesi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar