SON XƏBƏRLƏR

Yuşşenko Ali Radanı buraxdı

2021.10.20, 07:36
Yuşşenko Ali Radanı buraxdı

Gunaz.tv
Yuşşenko Ali Radanı buraxdı Ukrayna prezidenti Viktor Yuşşenko dediyini etdi və parlamentin - Ali Radanın buraxılması barədə qərar qəbul etdi. Dünən axşam Bakı vaxtı ilə saat 23.00-da bununla bağlı prezidentin xalqa telemüraciəti yayımlandı. Maraqlıdır ki, dünən günorta Yuşşenko İtaliyaya ikigünlük səfərə yola düşüb, müraciət isə səhərdən hazırlanmışdı. "Ukrayna Konstitusiyasına əsasən mən Ali Radanın 6-cı çağırışının səlahiyyətlərinin dayandırılmasını və növbədənkənar parlament seçkilərinin keçirilməsini elan edirəm",-deyə prezidentin müraciətində bildirilir ("İnterfaks"). Yuşşenkonun müraciətində Ukraynadakı siyasi böhrana da toxunulur. Müraciət belə başlayır: "Hörmətli həmvətənlər! Mən sadə və açıq danışacağam. 2008-ci il sentyabrın 2-də Ukrayna parlamentində Yuliya Timoşenko Bloku, Regionlar Partiyası və Kommunist Partiyasından ibarət de-fakto yeni koalisiya formalaşmışdı. Bu koalisiya təkidlə 30 gün işlədi. Parlamentin yeni rəhbərliyini formalaşdırdı, iş planını yaratdı, bir sıra qanunlar qəbul etdi və mənim dərin inamıma görə onların xeyli hissəsi konstitusiyaya zidd idi, Ukrayna üçün deyildi, qeyri-demokratik idi və bu, məni məcbur etdi ki, həmin qanunları geri qaytarım. 2 sentyabr hadisələri və parlamentin qəbul etdiyi bu qanunlar demokratik koalisiyanın mövcudluğunu mümkünsüz etmişdi. 3 sentyabrda koalisiyanın dağılması de-yure elan edildi". Prezident sentyabrın 2-də ölkədə baş verənləri Ukraynanı "demontaj cəhdi" və müstəqil dövlətin dəyərlərini dəyişməyə başlamaq kimi qiymətləndirib:"Hakimiyyət balansı, milli təhlükəsizlik, siyasi kurs, dilimiz - bütün bunlar xüsusi anlaşmanın hədəfi olmuşdu". Prezidentin müraciətində növbədənkənar parlament seçilərinin vaxtı elan edilməsə də, o, "bütün ukraynalı seçiciləri, fikir adamlarını, bütün vətəndaşları və Ukrayna vətənpərvərlərini fəallığa" çağırıb:"Qərar sizindir, bu dövlətdə ən yüksək məsuliyyət sizin üzərinizə düşür, çünki Ukrayna siyasətçilərini hakimiyyətə siz seçirsiniz. Ukraynanın perspektivləri sizin qərarınızdan asılı olacaq". Qeyd edək ki, dünən səhər Yuşşenko Ali Radadakı fraksiyaların liderləri ilə məsləhətləşmələr keçirib. Parlamentin buraxılması haqqında qərar verilməsi ərəfəsində belə məsləhətləşmələrin keçirilməsini ölkə Konstitusiyası tələb edir. Görüşdə prezident xatırladıb ki, Konstitusiyaya əsasən, 30 gün ərzində parlamentdə hökuməti formalaşdıracaq koalisiya yaradılmadığı təqdirdə dövlət başçısının onu buraxmaq hüququ var. Bu müddət, üstəlik prezidentin verdiyi 6 gün artıq başa çatdığı üçün o bu qərarı verməli olub. Xatırladaq ki, 6-cı çağırış Ali Radası 5 fraksiyadan formalaşdırılmışdı: Regionlar Partiyası (175 deputat), Yuliya Timoşenko Bloku (YTB, 156), "Bizim Ukrayna-Xalq Özünümüdafiəsi" (NU-NS) bloku (72), Koommunist Partiyası (27) və Litvinin (19) bloku. YTB və NU-NS birləşərək ("narıncı koalisiya") hökuməti formalaşdırmışdılar. Lakin YTB Rusiyaya meyl etməyə başlayandan Yuşşenkonun NU-NS bloku bu ilin sentyabrın 3-də koalisiyadan çıxdı və "narıncı koalisiya" dağıldı. Son bir ayda isə hökuməti formalaşdıracaq koalisiyanı yaratmaq cəhdləri nəticə vermədi. Bununla da 2007-ci ilin 30 sentyabrında seçilən 6-cı çağırış Ali Radasının ömrü təxminən bir il çəkdi. Yeri gəlmişkən, Yuşşenko prezidentliyi dönəmində ikinci dəfədir ki, parlamenti buraxır. Birinci dəfə o, belə qərarı 2007-ci il aprelin 2-də qəbul etmişdi. Baş nazir Yuliya Timoşenko prezidentin qərarını antikonstitusion adlandırıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar