SON XƏBƏRLƏR

TÜRKİYƏ PKK BASQINININ ŞOKUNU YAŞAYIR

2021.10.20, 07:36
TÜRKİYƏ PKK BASQINININ ŞOKUNU YAŞAYIR

Gunaz.tv
TÜRKİYƏ PKK BASQINININ ŞOKUNU YAŞAYIR Hökumətə bağlı mediadan ilginc fərziyyə: “17 əsgərin həlak olduğu basqını ”Ergenekon” təşkil edib” Türkiyədə hökumət, silahlı qüvvələr və ictimaiyyət ötən həftəsonu Hakkaridə 17 əsgərin həlak olması ilə nəticələnmiş PKK basqınının şokunu yaşayır. Türkiyə mətbuatında yer alan məlumatlardan birinə görə, hücum planını “Əpə Hüseyn” ləqəbli Qədri Çəlik hazırlayıb. Hücum edən PKK-çıların sayının 400-ə yaxın olduğu bildirilir. Elə bu da günün günorta çağı bu qədər çoxsaylı terrorçu qrupun İraqdan necə sızması və ağır silahlarla kazarmaya hücum edə bilməsi haqda çoxsaylı suallar doğurub. Mətbuatın yazdığına görə, terrorçular sərhədi keçmək üçün hiyləyə əl atıblar. Onlar Türkiyə Silahlı Qüvvələrinin təchiz olunduğu gecə müşahidəsi aparmaq üçün termal kameralara yaxalanmamaq üçün paltarlarını isladıblar. Bu fakt ölən terrorçuların hamısının üzərlərində yağışdan qorunmaq üçün yaş plaşların olması ilə üzə çıxıb. Belə ki, termal kameraların şüaları yaş paltarlardan keçə bilmir. Hazırda Türkiyə Silahlı Qüvvələri İraqın şimalında hücumu həyata keçirən terrorçu qrupların məhv edilməsi üçün əməliyyatları davam etdirir. Oktyabrın 6-da İraqın şimalında Basiyan və Avaşin bölgələrinə Türkiyə aviasiyası bir neçə dəfə hava reydləri həyata keçirib. Silahlı Qüvvələrin Baş Qərargahı azı 21 sığınacağın dağıdıldığını xəbər verir. Hava zərbələri Hakkari bölgəsində terrorçuların sığınacaqlarına da endirilib. Hökumət isə silahlı qüvvələrin rəhbərliyin ilə PKK-ya qarşı daha sərt addımların atılması imkanlarını müzakirə edir. Bildirilir ki, komandanlar hökumətə terrorla mübarizəni sərtləşdirmək üçün bəzi radikal təkliflər verib. Bura terrorla mübarizə üçün 15 minlik ayrıca xüsusi təyinatlı jandarma qüvvələrinin yaradılması, orada peşəkar əsgərlərin muzdla xidmət keçməsi daxildir. Digər təklif isə Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalına daxil olaraq orada 10-20 kilometr enində bufer zona yaratması, hazırda PKK-çıların istifadə etdiyi düşərgələrdə türk qüvvələrinin yerləşdirilməsi barədədir. Bu arada hökumət PKK-ya qarşı kifayət qədər qətiyyətli mübarizə aparmamaqda təqsirləndirilir. Hökumətə qarşı son hücumdan sonra vətəndaş cəmiyyəti qurumlarından və mətbuatdan tənqidlər artıb. Tənqidçilərə görə, hökumət kürdlərin yaşadığı cənub-şərq bölgələrinin iqtisadi inkişafı, kürd dilində teleradio yayımı kimi tədbirlərlə terrorun qarşısını ala bilməyib, əksinə, acizlik nümayiş etdirib. Hökumətə bağlı çevrələr isə Aktütün basqınının hansısa qara qüvvələrin əliylə təşkil olunduğunu deyirlər. AKP-nin nəzarətində olan “Star” qəzeti isə daha ilginc iddia ortaya atıb. Qəzetin dünənki manşet xəbərində iddia olunur ki, son hücumu AKP iqtidarını nüfuzdan salmaq üçün “Ergenekon” gizli təşkilatı təşkil edə bilərdi. Milliyyətçi Hərəkat Partiyasının başqanı Dövlət Baxçalı isə deyib ki, Türkiyə İraqda Cəlal Tələbaniyə və Məsud Bərzaniyə sərt münasibət göstərməlidir. Onun fikrincə, terrorla mübarizə üçün milli səfərbərlik elan edilməlidir: “Terrorçuların aşkar olunduğu yerdə tam məhv edilməsi üçün bütün zəruri beynəlxalq hüquqi baza var. Bunun üçün siyasi iradə göstərilməlidir. İraqın şimalından terrorçuların sızmasını əngəlləmək üçün orada bufer zona yaradılmalıdır.” F.Məmmədov musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar