SON XƏBƏRLƏR

TÜRKİYƏ ORDUSU İRAQLA SƏRHƏDDƏKİ MÖVQELƏRİNİ DƏYİŞDİRİR . PKK-nın son hücumundan sonra AKP iqtidarına qarşı etirazlar yüksəlib

2021.10.20, 07:36
TÜRKİYƏ ORDUSU İRAQLA SƏRHƏDDƏKİ MÖVQELƏRİNİ DƏYİŞDİRİR . PKK-nın son hücumundan sonra AKP iqtidarına qarşı etirazlar yüksəlib

Gunaz.tv
TÜRKİYƏ ORDUSU İRAQLA SƏRHƏDDƏKİ MÖVQELƏRİNİ DƏYİŞDİRİR PKK-nın son hücumundan sonra AKP iqtidarına qarşı etirazlar yüksəlib Türkiyə Silahlı Qüvvələri PKK hücumu nəticəsində verdiyi son ağır itkidən sonra İraqla sərhəddəki mövqelərini dəyişdirməyi qərara alıb. Nadir təsadüf edilən bu addım barədə silahlı qüvvələrin Baş Qərargah rəisinin müavini, ordu generalı Həsən İğsız keçirdiyi mətbuat konfransında məlumat açıqlayıb. Onun bildirdiyinə görə, ötən həftəsonu PKK terrorçularının hücumuna məruz qalan Hakkari bölgəsindəki Aktütün zastavası da daxil olmaqla, bölgədəki 5 kazarmanın yeri dəyişdiriləcək. Bu tədbir zastavaların təhlükəsizliyini təmin etmək üçün atılır. Həmin sərhəd kazarmaları yüksək dağlıq bölgələrdə yerləşirdi və PKK terrorçularının İraqdan Türkiyəyə daxil olmaq üçün istifadə etdikləri dağ cığırlarını nəzarətdə saxlamaq üçün mühüm əhəmiyyət kəsb edirdi. Xəbər verildiyi kimi, İraqın şimalından daxil olan PKK terrorçuları ötən həftə Aktütün jandarma zastavasına hücum edib, nəticədə 15 əsgər həlak olub, 20-yə yaxını yaralanıb. Ağır silahlarla hücum edən terrorçularla bir neçə saat davam edən döyüşlər zamanı zastavanın dağıldığı bildirilir. Mətbuat yazıb ki, hücum edən PKK-çılar 300 nəfərdən çox olub. Uzun müddətdən bəri ilk dəfədir ki, PKK Türkiyə Silahlı Qüvvələrinin mövqelərinə bu cür çoxsaylı qrupla və ağır silahla hücum təşkil edə bilir. General İğsız Aktütün kazarmasına hücumun detalları haqda danışaraq deyib ki, kəşfiyyat silahlı qüvvələrin mövqelərinə hücum hazırlandığı haqda əvvəlcədən məlum alıb. Bununla bağlı bölgəyə xüsusi təyinatlı jandarma batalyonu göndərilib, havaya vertolyotlar qaldırılıb, PKK-çıların İraqın şimalında cəmləşdiyi nöqtələrə artilleriya zərbələri endirilib. Lakin buna baxmayaraq, PKK-çıların eyni vaxtda 6 istiqamətdən kazarmaya ağır silahlarla, o cümlədən zenit qurğuları, minomyotlar və digər silahlarla intensiv atəş açaraq hücum etdiyini deyib. General bildirib ki, əsgərlərin hamısı kazarmaya düşən mərmilərin qəlpələrindən həlak olub. Onun bildirdiyinə görə, 13 əsgər döyüş yerində həlak olub, 2 əsgər itkin düşmüş sayılır. Onların da həlak olduğu güman edilir. General etiraf edib ki, PKK-çıların İraqın şimalındakı bütün hərəkətlərini izləmək mümkün olmur və bu üzdən terrorçular çoxsaylı qruplaşma ilə belə hücum həyata keçirə biliblər. İğsız ABŞ-la İraqın şimalında PKK-nı izləmək üçün kəşfiyyat mübadiləsinin də davam etdiyini bildirib. PKK-ya yaxın qaynaqlar isə dünən itkin düşmüş sayılan 2 əsgərin də öldürüldüyünü, onların cəsədlərinin terrorçuların əlində olduğunu xəbər veriblər. Türkiyənin hərbi aviasiyası isə Aktütün kazarmasına hücumdan sonra İraqa çəkilən terrorçuları təqib edərək onların mövqelərinə zərbələr endirib. Aviasiyanın bazar günü bir neçə dəfə İraqın şimalına bomba zərbələri endirdiyi xəbər verilir. Türkiyə Silahlı Qüvvələrinin PKK-ya qarşı apardığı mübarizədə bu cür ağır itki verməsi ölkə iqtimaiyyətinin və vətəndaş cəmiyyəti qurumlarının AKP iqtidarına qarşı etirazlarının yüksəlməsinə səbəb olub. İctimaiyyət AKP-ni terrora qarşı silahlı qüvvələr qədər qətiyyətli olmamaqda ittiham edir. Həlak olan əsgərlərin dəfn mərasmlərinə qatılan baş nazir Rəcəb Tayyib Ərdoğan və prezident Abdullah Gül isə vətəndaşların etirazları ilə qarşılaşıb. Bazar günü İstanbulda həlak olan əsgərlərdən birinin dəfn mərasimində iştirak etmək üçün gələn Gül toplaşanların etiraz sədaları ilə qarşılaşıb. Bu zaman Gül əsəblərini cilovlaya bilməyib və avtomobilinin qapısını açaraq ona etiraz edənlərdən birinə “Sən nə deyirsən” deyə qışqırıb. Kilisdə isə AKP-dən millət vəkili Həsən Kara həlak olan əsgərlərin dəfn edildiyi bir vaxtda 5 yaşlı oğluna təmtəraqlı sünnət toyu keçirilib. “Milliyet” qəzetinin yazdığına görə, toy yerli stadionda keçirib. Toydan əvvəl stadionun ot örtüyü yenilənib, meydançanın bir hissəsinə isə oynamaq üçün daş piltələr döşənib. Bunban başqa, stadionda xüsusi işıqlandırma sistemi qurulub. Bütün bunlar isə şəhər bələdiyyəsinin maliyyə vəsaiti hesabına edilib. 2 min nəfərin qatıldığı toyda 5 yaşlı Mehmetin kirvəsi isə nəqliyyat naziri Binəli Yıdırım olub. Prezident Abdullah Gül və baş nazir Rəcəb Tayyib Ərdoğan mərasimə qatılmasalar da, çələng göndəriblər. Ölkənin matəm içində olduğu vaxtda millət vəkilinin belə möhtəşəm mərasim keçirməsi narazılığa səbəb olub. H.Qara mərasimdə iştirak edən jurnalistlərin çəkiliş aparmasına imkan verməyib, onun 20 cangüdəni media nümayəndələrinin video-kasetlərini alıb. Kara radikal dinçi mövqeyi ilə tanınır. Qərb mətbuatı da PKK-nın son terroru barədə geniş yazır. “Washington Post” qəzeti yazıb ki, bu hücumdan sonra vətəndaş cəmiyyəti qurumlarının AKP iqtidarına qarşı etirazları güclənib. Qəzet əsgərlərin dəfn mərasimləri zamanı Ərdoğanla Gülün etirazlarla qarşılaşdığını xatırladır. Bildirilir ki, PKK-nın bu hücumları AKP iqtidarı üçün problem yaradır. Belə ki, hökumət PKK ilə mübarizədə ordu qədər qətiyyətli olduğunu göstərməyə çalışır, lakin silahlı qüvvələrlə islamçı hökumət arasında etimadsızlıq hökm sürür. “Türkiyənin bu il PKK ilə mübarizədə verdiyi itki İraqda ABŞ ordusunun verdiyi itkidən daha çoxdur”, - deyə məqalədə vurğulanır. “Financial Times” qəzeti isə yazıb ki, həlak olan əsgərləri dəfn etmək üçün minlərlə adam küçələrə tökülüb. Bildirilir ki, bu hücumdan sonra silahlı qüvvələr və hökumət kürd separatçılarına qarşı qətiyyətli cavab verilməsi ilə bağlı güclü ictimai təzyiqlə qarşılaşacaq. Qəzet hökumətin yaşananlar fonunda İraqın şimalında aparılan əməliyyatların vaxtını uzatmağa məcbur olacağını, bunun da ABŞ-la münasibətlərdə problem yarada biləcəyini yazıb. F.MƏMMƏDOV musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar