SON XƏBƏRLƏR

Vaşiqtonun Xəzər narahatlığı

2021.10.20, 07:36
Vaşiqtonun Xəzər narahatlığı

Gunaz.tv
Vaşiqtonun Xəzər narahatlığı Xəzər hövzəsi və sahilyanı dövlətlərin enerjidaşıyıcılarının dünya bazarına nəqli marşrutları müstəvisində Rusiyanın son vaxtlar xüsusi fəallıq göstərərək region dövlətlərini şimala üz tutmağa vadar etəmyə çalışması Vaşinqtonun sərt reaksiyasına səbəb olub. ABŞ-ın dövlət katibi Kondoliza Rays Dehliyə yollanmazdan əvvəl yolüstü Astanaya baş çəkərək Qazaxıstan prezidenti Nursultan Nazarbayevlə görüşüb. 3 saat davam edən danışıqlar əsnasında xanım Rays Qazaxıstanın son vaxtlar atdığı addımlar və verdiyi bəyanatların məğzini anlamağa can atmaqla yanaşı, Birləşmiş Ştatların regionda əlahiddə maraqları olduğunu və bu maraqlar çərçivəsinə də enerjidaşıyıcılarının Rusiyadan yan keçməklə dünya bazarına çıxarılması məsələsinin də daxil olduğunu bir daha vurğulayıb. Görünür, Vaşinqton Qazaxıstanın XİN başçısı Marat Tajinin BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 63-cü sessiyası zamanı "biz bundan sonra da iri enerji layihələrində iştirak edəcəyik" açıqlamasına tam inanmayıb. "Birləşmiş Ştatların şübhələrinin yaranmasının səbəbi bu yaxınlarda prezident Nursultan Nazarbayevin Aktyubinsk şəhərində Rusiyanın dövlət başçısı Dmitri Medvedyev ilə görüşməsi və görüş əsnasında aparılan müzakirələr zamanı Astananın çox konkret şəkildə Moskvaya istiqamətlənməsinin üzə çıxması olub. Astananın davranışlarında əvvəllər belə birmənalılıq olmazdı", - ABŞ-ın Xarici Siyasət Şurasının eksperti Murad Bozyel bildirib. K.Rays isə Astanada olarkən diplomatik manipulyasiyaları bir kənara qoyaraq bəyan elib ki, ABŞ-ın region dövlətləri, o cümlədən Qazaxıstanla enerjidaşıyıcılarının hasilatı və daşınması sahəsindəki siyasəti qonşu dövlətlərin maraqlarının tapdanmasını nəzərdə tutmur: "Qazaxıstanın energetikasına olan sevgi uğrunda ABŞ başqa ölkələrdə rəqabət aparıb yarışmır". Müşahidəçilərin fikrincə, bu bəyanat Rusiyaya ünvanlansa da, Qazaxıstanla yanaşı, Azərbaycan üçün də nəzərdə tutulub. Ymumiyyətlə, ABŞ-ın dövlət katibi son vaxtlar Vaşinqtonun Xəzər bölgəsi və Cənubi Qafqazdakı təşəbbüsləri ilə bağlı çox konkret açıqlamalar verərək potensial tərəfdaşları olan Azərbaycanla Qazaxıstanı Rusiyaya həddən ziyadə yaxınlaşmaq, enerjidaşıyıcıları müstəvisində şimala meyllənməkdən çəkindirməyə can atır. Azərbaycan neft və qazın nəqlində Qərb marşrutlarına üstünlük verdiyini desə də, Gürcüstandakı hadisələrdən və Bakı neftinin Qara dəniz limanlarına çıxarılmasında problemlər yaranandan sonra "bütün yumurtaları bir zənbilə yığmaq" praktikasının fəsadlı olduğunu bəyan edib. Qazaxıstana gəldikdə isə, Vaşinqton bu ölkənin neft nəqli marşrutları üzərində nəzarətin tam əldən çıxacağından ehtiyatlanır. "ABŞ-ı anlamaq olar. Gürcüstana investisiyalar baxımından Birləşmiş Ştatlardan sonra ikinci yeri tutan Qazaxıstanın Cənubi Osetiya ilə bağlı hadisələr zamanı həddən ziyadə laqeyd və təmkinli davranması amerikalıları narahat etməyə bilməz. Vaşinqton gözləyirdi ki, Astana Moskvanı qınayacaq: amma bu, baş vermədi. Əksinə, Qazaxıstan Gürcüstandakı iki layihəsindən əl çəkdiyini bildirdi, bu ölkədəki kapitallarını qismən çıxarmağa başladı. Bir qədər sonra isə Qazaxıstanın xarici işlər naziri Marat Tajin Rusiya ilə əlaqələrin əla səviyyədə olduğunu, "Qafqazdakı münaqişə ilə bağlı bu münasibətlərə yenidən baxılmayacaq: Rusiya bizim strateji tərəfdaşımızdır" söylədi. Ağ Ev mənsublarının Azərbaycana səfərləri, indi də Kondoliza Raysın Astanaya "blits" viziti belə açıqlamaların doğurduğu narahatlıq sayıla bilər", - Cənubi Qafqaz və Xəzəryanı bölgə üzrə amerikalı ekspert Vladimir Sokor bildirib. Astanadakı danışıqlar zamanı ABŞ-ın narahatlığını azaltmağa çalışan M.Tajin K.Raysa xitabən söyləyib: "Birləşmiş Ştatlarla münasibətlərimiz stabil və stratejidir". Lakin ABŞ-ın dövlət katibi belə açıqlama ilə kifayətlənməyərək Qazaxıstanın Bakı-Tiflis-Ceyhan marşrutu ilə bağlı son vaxtlar laübəli davranışı, Rusiyaya ünvanlanmış reveranslarına işarə vuraraq söyləyib: "Bir daha demək istərdim ki, indi layihə mərhələsində olan "Nabucco" qaz boru kəməri ilə artıq normal işləyən Bakı-Tiflis-Ceyhan neft boru kəməri marşrutu ilə bağlı Astananın mövqeyi bizi razı salır. Lakin düşünürük ki, Qazaxıstan bu layihələrdə daha fəal iştirak edə bilər". Sentyabrın əvvəllərində ABŞ-ın vitse-prezidenti Dik Çeyni, ötən həftə isə dövlət katibinin birinci müavini Con Neqropontenin Bakıya səfər edərək Dağlıq Qarabağ münaqişəsinin nizamlanması, Cənubi Qafqazdakı vəziyyətlə bahəm, bölgənin enerjidaşıyıcılarının nəqli ilə bağlı problemləri də əsas müzakirə mövzusu etməsi Vaşinqtonun Rusiyanın bölgədə fəallaşmasından əndişələndiyini göstərir. Başqa sözlə desək, Cənubi Osetiya ilə Abaxziya ucbatından Rusiya və ABŞ arasında münasibətlərin həddən ziyadə gərginləşdiyi dönəmdə Vaşinqton Bakının kimin tərəfində olduğunu aydınlaşdırmağa can atır. Deyəsən, artıq bu məsələdə aydınlıq var. K.Raysın Astanada olarkən verdiyi bəyanatlar da ABŞ-ın Azərbaycanla dolayı narahatlığının bir qədər azalmasının göstəricisi də sayıla bilər. Hüseyn BAKUVİ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar