SON XƏBƏRLƏR

İslam ölkələrindən "beyin axını" davam edir

2021.10.20, 07:36
İslam ölkələrindən "beyin axını" davam edir

Gunaz.tv
İslam ölkələrindən "beyin axını" davam edir Müsəlman ölkələrinin elm və təhsil nazirləri Bakıya yığışıb Dünən Bakıda İslam ölkələrinin ali təhsil və elm nazirlərinin 4-cü beynəlxalq konfransı öz işinə başlayıb. "Elmdə gənc alimlərin gücü ilə dəyişikliklərə nail olunması" mövzusunda keçirilən üçgünlük konfransda İKT (İslam Konfransı Təşkilatı) üzvü olan 41 ölkənin 200-dən artıq nümayəndəsi və 15 ölkənin təhsil naziri iştirak edir. Konfransı açan Azərbaycanın təhsil naziri Misir Mərdanov tədbirdə İslam ölkələri arasında elm, təhsil sahəsində əlaqələrin inkişafına dair fikir mübadiləsinin aparılacağını, bu sahədəki problemlərin, əməkdaşlığın yeni yollarının müzakirə olunacağını bildirib. Daha sonra Prezidentin İcra Aparatının humanitar siyasət şöbəsinin müdiri Fatma Abdullazadə prezident İlham Əliyevin konfrans iştirakçılarına təbrikini oxuyub. "Biz Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Dağlıq Qarabağ məsələsində Azərbaycan hökumətinin mövqeyini dəstəkləyirik. İnanırıq ki, Azərbaycan öz ərazi bütövlüyünü tam bərpa edəcək",-deyə İslam ölkələri Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESCO) baş direktoru Əbdüləziz bin Osman Əl-Tuveycri tədbirdəki çıxışında bildirib. Onun sözlərinə görə, Azərbaycan hökuməti tövsiyə edərsə, konfransın yekun qətnaməsinə Dağlıq Qarabağla bağlı məsələ salına bilər:"İKT-nin yaranmasında əsas məqsəd məhz İslam ölkələri arasında həmrəyliyin nümayiş etdirilməsidir. Azərbaycan da bu təşkilatın üzvü olduğundan bu məsələdə əlbəttə hər cür dəstəyi alır və bu belə davam edəcək". İSESCO-nun baş direktoru öz çıxışında habelə İslam dövlətlərini təhsil və elmin inkişafına lazımi diqqət yetirməyə çağırıb. O, təhsil sahəsində informasiya texnologiyalarına xüsusi diqqət yetirilməsinin vacibliyini qeyd edib. Tuveycri qeyd edib ki, İslam ölkələrinin iyirmi ən yaxşı universitetinin müəyyənləşdirilməsi üçün xarici işlər nazirləri səviyyəsində keçirilən görüşdə xüsusi qrup yaradılıb. Həmin qrup iyirmi ən yaxşı universitetinin seçilməsi üçün kriteriyalar müəyyənləşdirilib: "Təbii ki, bir çox universitet öz kurrikulum imkanlarını gücləndirir. Hesab edirik ki, bu, həmin məktəblərin gələcək öz nüfuzlarının artırılmasına xidmət edəcək" (APA). İslam ölkələrinin problemlərinin bir-birinə oxşadığını söyləyən Ə. Tuveycri hesab edir ki, ali təhsil sisteminin inkişafı yoxsulluğun azaldılmasına mühüm rol oynaya bilər. Tədbirdə çıxış edən digər natiqlər müsəlman ölkələrinin təhsil sahəsində qarşısında duran mühüm problemlər və onların həlli yollarından danışıblar. İslam ölkələri ali təhsil və elm nazirlərinin 3-cü konfransının prezidenti, Malayziyanın ali təhsil naziri Məhəmməd Xalid Mordin əl-Nur və İKT baş katibinin müavini Əli Əkbər Salehi tədbirin İslam ölkələrində elm və texnologiyaların inkişafına təkan verəcəyini vurğulayaraq bildiriblər ki, İslam dünyasının biliyə əsaslanan cəmiyyətlərinin inkişafına nail olunması üçün texnologiyaların tətbiqi prioritet istiqamətdir. Məhəmməd Xalid Əl-Nur qeyd edib ki, İKT çox mühüm təşəbbüslərin yerinə yetirilməsində müsəlman ölkələrinə kömək edib, "beyin axını"nın qarşısının alınmasına, bio və nano texnologiyaların inkişafına təkan verib: "İslam ölkələrində davamlı inkişafa nail olmaq üçün ali təhsil imkanları genişləndirilməli, qadınların rolu, insan kapitalı daha yüksək qiymətləndirilməlidir. Gəncləri biliyə əsaslanan karyeraya yönəltməliyik". Əli Əkbər Salehi isə müsəlman ölkələrindən "beyin axını"nın hələ də davam etdiyini təəssüflə vurğulayıb. Onun sözlərinə görə, artıq mentalitet dəyişməli, ali təhsilə baxış nəzərdən keçirilməli, texnologiyalara diqqət artırılmalıdır. AzərTAc-ın xəbərinə görə, tədbirdə elmin müxtəlif sahələri üzrə qazanılmış uğurlara görə, İSESCO-nun mükafatları verilib. Konfransın birinci iş günü ali təhsil və elmi araşdırmalar sahəsində milli proqramlara dair məruzələr dinlənilib, İslam ölkələrində iqtisadiyyatın biliyə əsaslanan iqtisadiyyata çevrilməsi üzrə, İslam dünyasında ali təhsilə dair sənədlərin təqdimatı olmuşdur. Konfrans oktyabrın 8-dək davam edəcək. Dünən prezident İlham Əliyev oktyabrın 6-da İslam ölkələri ali təhsil və elm nazirlərinin 4-cü konfransının nümayəndələrini qəbul edib. Dövlət başçısı Bakı konfransının əhəmiyyətindən danışaraq, bu tədbirin İslam dövlətləri arasında həmrəyliyin gücləndirilməsinə xidmət etdiyini deyib: "Təhsil sahəsi Azərbaycan dövlətinin diqqət mərkəzindədir. Dövlət büdcəsindən ayrılan vəsaitin həcminə görə təhsil ikinci yerdədir və Azərbaycanın iqtisadi imkanları genişləndikcə, bu sahəyə diqqət daha da artırılır". Prezident Azərbaycan torpaqlarının bir hissəsinin uzun müddətdir, ermənilər tərəfindən işğal edildiyini, 1 milyona yaxın qaçqın və məcburi köçkünün olduğunu diqqətə çatdırıb: "Bu, ölkənin inkişafına mənfi təsir göstərsə də, qaçqın və məcburi köçkünlər üçün salınmış qəsəbələrdə də müasir tipli məktəblər fəaliyyət göstərir". Dövlət başçısı ümumtəhsil məktəblərinin kompüterləşməsinə xüsusi diqqət yetirildiyini vurğulayıb: "Bir neçə il əvvəl 1000 şagirdə bir kompüter düşürdüsə, indi 29 məktəbliyə bir kompüter düşür. Azərbaycanlı gənclərin xaricdə təhsilinə də xüsusi diqqət yetirilir. Bir sözlə, Azərbaycanda təhsil prioritet istiqamətlərdən biridir". İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri konfransın Bakıda keçirilməsini mühüm hadisə adlandıraraq bildirib ki, İslam ölkələri, xüsusilə İSESCO Azərbaycanın sürətli inkişafından xəbərdardır. Azərbaycanın təhsilində də böyük inkişaf olduğunu deyən baş direktor dövlətin bu sahədə uğurlu siyasətini xüsusi vurğulayıb. Elnur Mirzə express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar