SON XƏBƏRLƏR

CƏNUBİ OSETİYADAKI PARTLAYIŞI KİM TÖRƏDİB?. Tərəflər bir-birini ittiham edir

2021.10.20, 07:36
CƏNUBİ OSETİYADAKI PARTLAYIŞI KİM TÖRƏDİB?. Tərəflər bir-birini ittiham edir

Gunaz.tv
CƏNUBİ OSETİYADAKI PARTLAYIŞI KİM TÖRƏDİB? Tərəflər bir-birini ittiham edir Oktyabrın 3-də axşam Cənubi Osetiyada bir-birinin ardınca iki partlayış törədilib. Rusiya KİV-lərinin xəbərlərinə görə, ilk partlayış Gürcüstanın separatçı bölgəsinin Leninoqorsk rayonunda baş verib, bu hadisədə ölən olmayıb. Ardınca Rusiya qoşunlarının Sxinvalidəki qərargahının qarşısında ikinci və daha güclü partlayış baş verib. Nəticədə biri polkovnik olmaqla 7 rus hərbçisi ölüb, bir neçəsi ağır yaralanıb. İki nəfər isə yerli sakinlərdən öldüyü bildirilir. Rusiyanın Cənubi Osetiyada Gürcüstanla münaqişədən əvvəl yerləşdirilən sülhməramlı qüvvələrinin komandanı general Marat Quləhmədov təsdiq edib ki, partlayış onun başçılıq etdiyi qüvvələrin qərargahının qarşısında baş verib. General deyib ki, içərisində partlayıcı olan avtomobilin partlaması nəticəsində qərargahın binası qismən dağılıb. Partlayıcı qurğunun gücünün 20 kiloqram trotil ekvivalentinə bərabər olduğu bildirilir. General deyib ki, oktyabrın 3-də Sxinvali yaxınlığında patrol xidməti zamanı hərbçilər dörd mülki şəxsi saxlayıblar, onların avtomobillərində atıcı silahlar və qumbaralar olub. Saxlanılanların Gürcüstan nömrəli iki VAZ-21099 avtomobilində hərəkət etdiyi deyilir. Saxlanılanlar və onların avtomobilləri baxış keçirmək üçün Rusiya qüvvələrinin qərargahının qarşısında gətirilib. Avtomobillərdən birinə baxış zamanı partlayış baş verib, bu zaman saxlanılanlardan ikisi də həlak olub. Həlak olanlardan biri də Rusiya qüvvələrinin qərargah rəisi polkovnik İvan Petrikdir. Partlayış zamanı o qərargahdakı kabinetində oturubmuş. Bu zaman qəlpələrdən biri polkovnikin başından dəyib. Hadisədən dərhal sonra Cənubi Osetiya separatçılarının rəhbəri Eduard Kokoyta partlayışın Gürcüstan xüsusi xidmət orqanları tərəfindən təşkil olunmuş terror aktı olduğunu deyib. Onun sözlərinə görə, avtomobil partlayıcı ilə yüklənib: “Bu dəst-xətt bizə yaxşı məlumdur, hadisənin Gürcüstan xüsusi xidmət orqanları tərəfindən təşkil olunduğuna heç bir şübhə yoxdur” deyə Kokoyta bildirib. Separatçı liderin dediyinə görə, həmin avtomobillər Cənubi Osetiyanın dinc sakinləri tərəfindən Gürcüstandan əldə edilib və yoxlanılmaq üçün Rusiya qüvvələrinin qərargahı qarşısında gətirilib. Cənubi Osetiyanın Daxili İşlər Nazirliyi isə açıqlayıb ki, avtomobilin uzaq məsafədən radiosiqnalla partladıldığı güman edilir. Gürcüstan tərəfi isə hadisənin onlarla hər hansı bağlılığını istisna edib. Daxili İşlər Nazirliyinin nümayəndəsi Şota Utiaşvili jurnalistlərə bildirib ki, o hadisə haqda indi eşidir: “Məgər Sxinvaidə nəsə partlayıb? Mənim bu barədə məlumatım yoxdur, indi sizdən eşidirəm” deyə o jurnalistlərə bildirib. Utiaşvili deyib ki, Sarkozi-Medvedyev planına əsasən, Rusiya qüvvələrinin Cənubi Osetiyadan çıxarılmasına bir həftə qalır, ona görə də istənilən təxribat Moskvaya bu razılaşmanı pozmaq üçün bəhanə verə bilər. “İstənilən bu cür təxribat bizim maraqlarımıza ziddir, biz Rusiya qüvvələrinin oktyabrın 10-dək Cənubi Osetiyadan çıxarılmasını gözləyirik” deyə gürcü rəsmisi deyib. Rusiyanın Müdafiə Nazirliyində isə hesab edirlər ki, hadisə diqqətlə hazırlanmış terror aktıdır və Sarkozi-Medvedyev planına qarşı təxribatdır. Hadisə ilə bağlı dünən verdiyi açıqlamada Gürcüstan DİN-in rəsmisi Şota Utiaşvili deyib ki, Cənubi Osetiya tərəfi partlayışla bağlı ziddiyyətli açıqlamalar verir: “Gah deyirlər ki, partlayış UAZ-la törədilib, gah deyirlər ”Jiquli" ilə. Bir mənbə deyir bu avtomobili guya gürcülərdən alıblar, digəri deyir tapıblar, məlum olmur ki, içərisində silah olan avtomobili qərargahın qarşısına niyə gətiriblər. Bizə elə gəlir ki, bu hadisəni Rusiyanın xüsusi xidmət orqanları təşkil edib, məqsəd qoşunların çıxarılmaması üçün bəhanə yaratmaqdır." Bu hadisə Rusiya-Gürcüstan müharibəsinin başa çatmasından sonra bölgədə baş verən ən ciddi hadisədir. Müşahidəçilər ehtimal edir ki, Rusiya bu hadisədən qoşunlarını Cənubi Osetiyada saxlamaq üçün istifadə edəcək. F.Məmmədov musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar