SON XƏBƏRLƏR

AĞ EVİN "QARANQUŞLAR"ı_Okeanın o tayından tələm-tələsik baş götürən qonaqlar Azərbaycana nə gətirirlər?

2021.10.20, 07:36
AĞ EVİN "QARANQUŞLAR"ı_Okeanın o tayından tələm-tələsik baş götürən qonaqlar Azərbaycana nə gətirirlər?

Gunaz.tv
AĞ EVİN "QARANQUŞLAR"ı 36431_1 Okeanın o tayından tələm-tələsik baş götürən qonaqlar Azərbaycana nə gətirirlər? T.AĞATLI Azərbaycana 3 günlük səfəri dünən başa çatan ABŞ dövlət katibinin müavini Con Neqroponte sonuncu gün "Hyatt Park" otelində Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri - hüquq müdafiəçiləri Novella Cəfəroğlu, Səidə Qocamanlı, Səadət Bənənyarlı və "Turan" İnformasiya Agentliyinin direktoru Mehman Əliyevlə görüşüb. "Turan"ın məlumatına görə, görüş zamanı vətəndaş cəmiyyətinin nümayəndələri Azərbaycanda vətəndaş və siyasi azadlıqların təmin edilməsi sahəsində öz fikirlərini bildiriblər. Qeyd edilib ki, iqtisadi inkişaf və vətəndaş azadlıqları sahəsində müəyyən müsbət irəliləyişlərə baxmayaraq, korrupsiya, söz və toplaşmaq azadlığının məhdudlaşdırılması, siyasi məhbusların olması, məhkəmə sisteminin asılılığı, məmur özbaşınalığı və sair ciddi problemlər hələ də qalmaqdadır. Bundan əlavə, hüquq müdafiəçiləri qonaqdan ABŞ hökumətinin 28 siyasi məhbus, o cümlədən 4 jurnalistin, habelə iqtisadi inkişaf naziri Fərhad Əliyevin həbsdən azad edilməsinə yardım etməsini xahiş ediblər. Öz növbəsində Neqroponte müsahiblərinin fikirlərinə hörmətlə yanaşdığını və Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin fikirlərinin Vaşinqton üçün çox vacib olduğunu qeyd edib. Amerikalı diplomat təmsil etdiyi hökumətin Azərbaycandakı vəziyyəti diqqətlə izlədiyini, demokratiyanın, iqtisadiyyatın və enerji təhlükəsizliyinin inkişafı sahəsində ölkə hakimiyyəti ilə əməkdaşlıq etdiyini əlavə edib. Görüşdə seçkiqabağı vəziyyətə dair heç bir tənqidi fikir səslənməyib. Rusiyanın Gürcüstana hərbi müdaxiləsinin ardınca Birləşmiş Ştatların 2 yüksəkrütbəli məmuru Azərbaycana səfər etdi. Qonşu ölkədə baş verən hadisələrdən dərhal sonra Bakıya gələn ABŞ-ın vitse-prezidenti Dik Çeyni Kremlin addımlarını pisləyən bəyanatlar verməklə yanaşı, ABŞ - Azərbaycan əlaqələrinin yeni mərhələyə keçirilməsinin vacibliyini vurğuladı. Vitse-prezidentin səfərindən çox keçməmiş daha bir Vaşinqton təmsilçisi - dövlət katibinin müavini Con Neqroponte Bakıya gəldi. Budəfəki qonağın bəyanatları özündən əvvəlkindən o qədər də fərqlənmirdi. Yenə Rusiyanın Gürcüstana təcavüzünü qətiyyətlə pisləyən və Azərbaycanla daha geniş tərəfdaşlığın qurulmasının vacibliyini xatırladan bəyanatlar səfərin ən yadda qalan məqamları oldu. Rusiya - Gürcüstan münaqişəsindən sonra Ağ evin bir-birinin ardınca öz elçilərini Azərbaycana göndərməsini siyasi müşahidəçilər xüsusilə bir neçə rakursdan izah edirlər. Daha çox tərəfdar qazanan fikrə əsasən, "şimal ayısı"nın Qafqaz uğrunda yeni hərbi-siyasi müharibəyə başlaması Qərbi ciddi qorxuya salıb. Gürcüstan hadisələri zamanı Qərb ölkələrinin təcavüzü pisləyən bəyanatlardan o yana keçə bilməmələri və Moskvanın bunlara məhəl qoymaması ABŞ və Avropa Birliyinə ciddi mesaj hesab olunur. Bu baxımdan ekspertlər xüsusilə Birləşmiş Ştatların "nəyin bahasına olursa-olsun Qafqazı Rusiyaya yem etməməli və bölgəyə tam hakim olmalı" ideyasına sarıldığını iddia edirlər. Rusiyanın "forpostu" olan Ermənistandan fərqli olaraq, neytral xarici siyasət yeridən Azərbaycanın nəhayət hansısa qüvvənin yanında yer alacağı fikri Qərb və Şimalı narahat etməyə bilməz. Məhz politoloqlar da dalbadal 2 amerikalı elçini Azərbaycana gətirməyə vadar edən səbəbi bununla əlaqələndirirlər. Belə bir fikrin tərəfdarları hesab edirlər ki, ABŞ Bakını Rusiyanın gec-tez Azərbaycana da soxulacağına inandırıb öz tərəfinə çəkməyə çalışır. Azərbaycanı NATO-ya qəbul etmək isə Birləşmiş Ştatların belə bir planının ən yaxın hədəfi hesab olunur. Yüksək rütbəli Ağ ev elçilərinin Vaşinqton - Bakı yolunu "su yolu"na çevirmələrini digər yöndən izah edənlər də var. Belə ki, bəzi müşahidəçilər sözügedən tələsik səfərlərə Dağlıq Qarabağ prizmasından yanaşılmasına diqqət çəkirlər. Bu cür mövqeyə əsasən, Abxaziya və Cənubi Osetiyada baş verən hadisələrlə əlaqədar Vaşinqton "ağırçəkili" nümayəndələrini Azərbaycana göndərir ki, burada yarımçıq qalmış maraqlarının təmin olunmasına nail olsun. Bu sırada ABŞ-ın tam təmin olunmamış marağı isə Dağlıq Qarabağ münaqişəsinin həllində aparıcı söz sahibi ola bilməməsi sayılır. Odur ki, Birləşmiş Ştatların bölgədə tam ağalığa nail olması Dağlıq Qarabağ konfliktinin tənzimlənməsində əsas sponsora çevrilməsi ilə əlaqələndirilir. SSRİ-nin qüdrətli vaxtlarında Yaxın Şərq probleminin 2 tənzimləyici güc mərkəzinin olduğunu xatırladan ekspertlər bu gün həmin bölgədə ABŞ-ın yeganə söz sahibi olduğunu diqqətə çatdırırlar. Belə ki, bu gün həm İsrail, həm də Fələstin münaqişəni öz xeyrinə həll edə bilmək üçün yalnız Ağ evdən mədət umurlar. Buna əsaslanıb qeyd olunur ki, hazırda Vaşinqton Qarabağ problemində də tək sponsor olmağa can atır. Yəni münaqişənin həllinə aparan kələfi Rusiyanın əlindən almaqla ABŞ tərəflərin əl açacaqları yeganə qüvvə olacaq. Bu isə Moskvanı regiondan tamamilə çıxarıb atmaq və Cənubi Qafqazın şəriksiz sahibinə çevrilmək deməkdir. Bununla belə, Birləşmiş Ştatların Dağlıq Qarabağ münaqişəsini həll etmək niyyətində olduğunu düşünmək sadəlövhlük olardı. Yəni əslində problemin həll edilməmiş qalması həm Azərbaycanı, həm də Ermənistanı daim intizarda saxlayacaq və hər iki tərəf özünü ABŞ-a daha yaxın göstərmək üçün dəridən-qabıqdan çıxacaq. Vaşinqton isə Qafqazdan istədiyini tam alanadək region dövlətlərinə ümid və məsləhət verməklə məşğul olacaq. Beləliklə Ağ ev elçilərinin Bakı səfərlərinə bu kontekstdən yanaşanlar artıq demokratiya amilinin tamamilə aradan qalxdığını da qeyd edirlər. Belə hesab olunur ki, ABŞ əvvəlki kimi demokratiya və azad seçkilər şüarını ortaya atıb Azərbaycan hakimiyyətini qıcıqlandırmaq istəmir. Onsuz da indiyədək demokratik dəyərlər və ədalətli seçkilər məsələsində sadəcə bəyanatla kifayətlənən Vaşinqton bu dəfə həmin terminləri dilə belə gətirməkdən çəkinir. Yəni Amerika indiki məqamda qaş düzəltdiyi yerdə gözü də vurub çıxarmaq istəmir. Təsadüfi deyil ki, dünən səfərini yekunlaşdıran dövlət katibinin müavini Neqroponte nə dövlət rəsmiləri, nə də qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşdə Azərbaycandakı vəziyyətdən narazılıq ifadə etdi. Bundan əlavə, bütün səfərlərində müxalifət təmsilçiləri ilə görüşə üstünlük verən ABŞ rəsmilərindən fərqli olaraq, Neqroponte müxalifətçilərlə görüşmədi. Nəhayət, səfərin yekunlarına dair keçirilən mətbuat konfransında bəzi tənqidi bəyanatlar səslənəcəyi gözlənilsə də, amerikalı qonaq ancaq inkişafdan və ikitərəfli əməkdaşlığın genişlənəcəyindən danışdı. Hətta, o, 15 oktyabr seçkilərinin tam demokratik keçiriləcəyinə əmin olduğunu belə diqqətə çatdırdı. Mütəxəssislərin qənaətincə, Gürcüstan hadisələrindən sonra Birləşmiş Ştatların Azərbaycana yönəlik yeni siyasəti noyabr seçkilərində kimin seçiləcəyindən asılı olmayaraq, uzun müddət dəyişməyəcək. Belə ki, söhbət Cənubi Qafqaz uğrunda savaşdan və gələcəkdə Rusiyanın parçalanmasına hesablanmış plandan gedirsə, demokratiyanı bir müddət tarixin arxivinə göndərmək Ağ ev üçün çox asandır. Hər halda, Bakının növbəti mərhələdə kimləri qonaq edəcəyi vəziyyəti bir qədər də aydınlaşdıracaq və pərdəarxası məqamlar daha aydın şəkildə bəlli olacaq. ayna

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar