SON XƏBƏRLƏR

AZƏRBAYCANLI ƏDİBLƏR DÜNYADAKI HƏMKARLARINA ÜZ TUTUBLAR

2021.10.20, 07:36
AZƏRBAYCANLI ƏDİBLƏR DÜNYADAKI HƏMKARLARINA ÜZ TUTUBLAR

Gunaz.tv
AZƏRBAYCANLI ƏDİBLƏR DÜNYADAKI HƏMKARLARINA ÜZ TUTUBLAR 36424_1 Onlar həbs olunmuş güneyli ziyalılarla bağlı həqiqətin beynəlxalq ictimaiyyətə çatdırılmasını istəyiblər S.SOLTAN Dünyanın təhlükəsizliyinə və insan haqlarının qorunmasına məsuliyyət daşıyanlar Tehran hakimiyyətinin özbaşınalığına göz yummaqdadırlar. Son zamanlar Güney Azərbaycanda milli-mədəni və qanuni haqları tələb edənlərə qarşı İran rəhbərliyi basqıları artırıb. Bir müddət öncə Ərdəbil kəndlərindən birində əkinçiliklə məşğul olan gənc azərbaycanlı barəsində edam hökmü çıxarılıb. O, günahsızlığını məhkəmədə sübuta yetirməkdən ötrü beynəlxalq qurumlara müraciət edib: "Mən Salman İsfəndiyar oğlu Əkbəri 1984-cü ildə Ərdəbil əyaləti Rəzi bölgəsinin Purlu kəndində anadan olmuşam. Polislər məni tutana qədər yaşadığım yerdən başqa nəinki bir şəhər, heç başqa rayon da görməmişdim, o ki qala həbsxana. Amma indi törətmədiyim bir günaha görə 7 ildir həbsdəyəm. 17 yaşımdan Ərdəbil həbsxanasında saxlanılıram. Kənd uşağı olduğum üçün yalan və hiylədən xəbərsiz idim. Həbs edildiyim zaman polis və müstəntiqlər tərəfindən olmazın işgəncələrə məruz qaldım. Bu işgəncələrə dözməyərək etmədiyim bir suçu qəbul etdim. İndi 24 yaşına çatmışam. Atam bu dərdə dözə bilməyib öldü. Anam və iki bacım əkinçilik edib gündəlik çörək pulunu qazanırlar. 7 ildən sonra tək-tənha, günahsız bir şəkildə İran hakimiyyətinin ədalətsizliyi ilə üz-üzəyəm". Bu azərbaycanlı gənc insan haqlarını müdafiə edən bütün qurumlardan yardım istəsə də, ona köməklik edənlərdən səs-səmir yoxdur. Özünü günahsız sayan gəncin aqibəti də qeyri-müəyyəndir. "Baybak"ın məlumatına görə, 7 azərbaycanlı tələbə - Məcid Makuyi, Aydın Xaceyi, Fəraz Zehtabi, Dayuş Xatəmi, Maqsud Əhdi, Əmir Mərdani və Mənsur Əminian ETTELAAT-ın gizli həbsxanalarında işgəncəyə məruz qalmaqdadırlar. Onlar təkadamlıq kamerada saxlanılırlar. Onların sağlıq vəziyətindən yaxınları narahatdır. Ötən gün Təbrizdəki Səhənd adına Universitetin tələbəsi Ehsan Nəcəfinəşab da tutulub. Ötən həftənin sonunda Təbriz tələbələri həbsdə olan həmkarlarının azadlığa buraxılması tələbi ilə universitetin binası qarşısında piket keçiriblər. Hakimiyyət mənsubları dinc etiraz aksiyasına müdaxilə edərək gəncləri təxribata çəkməyə çalışsalar da, buna nail ola bilməyiblər. Ölkə rəsmilərinə ünvanlanmış bəyanatı oxuduqdan sonra tələbələr aksiya keçirdikləri yeri tərk ediblər. Şəhər küçələrinin divarlarına isə "Azərbaycana azadlıq!", "Haray, haray mən türkəm!", "Abbas Lisani azad olunmalıdır!", "Azərbaycan oyaqdı, kimliyinə dayaqdı!" və s. şüarlar yazılıb. 2006-cı ilin mayında keçirilən məlum etiraz aksiyasında iştirak etdiyinə görə bu il may ayında İran Milli Təhlükəsizlik Nazirliyinin məmurları tərəfindən tutulmuş Vəhid Əbdili adlı gəncə ötən gün insanların gözü qarşısında 39 şallaq vurulub. Məlumatda bildirilib ki, o, həbs ediləndən indiyədək yaxınlarından gizli şəkildə saxlanılırmış. Həbsxanada olduğu müddətdə V.Əbdili fiziki və mənəvi işgəncəyə məruz qalıb. "Bütövaz"ın xəbərində isə deyilir ki, ETTELAAT-ın Təbrizdəki idarəsinin əməkdaşları Güney Azərbaycan Milli Hərəkatının təəssübkeşi, hüquqçu Həmid Valaiyə qarşı qondarma sənədlər hazırlayaraq "cinayət işini" məhkəməyə göndəriblər. H.Valai bir müddət öncə qanunsuz olaraq İran Milli Təhlükəsizlik Nazirliyinin məmurları tərəfindən həbs edilib, 13 gün qurumun Təbrizdəki təcridxanasında ağır fiziki və mənəvi işgəncəyə məruz qalıb. İşgəncə nəticəsində ayağının və dişlərinin sındırıldığı haqda da məlumat yayılıb. Həmid Valainin vəkili Mahmudi bir neçə gün öncə müvəkkilinin işi ilə bağlı İslam İnqilab Məhkəməsinə müraciət etdiyini bildirib. Onun sözlərinə görə, müvəkkili barəsində "İslam hakimiyyətinə qarşı təbliğat", "hakimiyyət əleyhinə iğtişaşlar yaratmaq" iddiaları üzrə cinayət işi açılıb. Vəkil onu da bildirib ki, Həmid Valai ETTELAAT məmurları tərəfindən qanunsuz olaraq həbs edilib, ağır işgəncələrə məruz qalıb. Mahmudi bu səbəbdən də onu həbs edən qurum əməkdaşları ilə bağlı məhkəməyə müraciət etdiyini söyləyib. Vəkil bu günə qədər sorğusuna hər hansı şəkildə cavab almadığını da vurğulayıb. Mənbənin məlumatına görə, hakimiyyət orqanları Həmid Valaini ağır işgəncəyə məruz qoyduğunu inkar etmək niyyətindədir. Ancaq bir müddət öncə evə buraxılan zaman onun sındırılmış ayağı və dişləri ilə bağlı fakt danılmazdır. Yeri gəlmişkən, Azərbaycanın tanınmış ziyalıları, o cümlədən Məhəmmədəli Hüseyni, Sirus Mədədi, Behruz Həqqi, Abdullah Əmir-Haşimi, Paşa Əlioğlu, Vali Gözətən, Məhəmməd Azər, Ərsan Ərel, Hadi Qaraçay - 53 yaşlı mühəndis, jurnalist, "Dilmanc" dərgisinin məsulu Əlirza Sərrafi, yazıçı, etnik məsələlər üzrə araşdırıcı, "Varlıq" dərgisinin yazarı Əkbər Azadi, müəllim, mühəndis, türk dili, tarixi və ədəbiyyatının araşdırıcısı, yazıçı, "Varlıq" jurnalının yazarı Həsən Raşidi, şair, jurnalist, "Ədəbi yaşmaq" dərgisinin baş redaktoru Səid Muğanlı, hüquq müdafiəçisi Həsən Rəhimi-Bayat, şair Mehdi Nəimi-Ərdəbilinin azadlığa buraxılması ilə bağlı müraciət ediblər. Orada deyilir: "1925-ci ildə Rza şahın hakimiyyətə gəlişi ilə İran millətlər cəhənnəminə çevrildi. Onun "bir millət, bir dövlət" siyasəti nəticəsində ölkədəki başqa dillər yasaq edildi. Bununla da çeşidli basqılarla başqa millətləri əritmə siyasətini gerçəkləşdirməyə başladılar... ...1945-46-cı illər arasında Azərbaycanda millət bir il ərzində öz milli dövlətini qurmuş, dövrə uyğun çeşidli islahatlar aparmışdı. Ancaq bir ildən sonra Tehran qoşunu Azərbaycana hücum edərək minlərlə dinc insanı öldürmüş, dövlətin öndə gedən şəxslərini isə edam etmişdi. Tehranın bu vəhşiliyi qarşısında azərbaycanlılar susmamış, milli haqlarının təmin olunması uğrunda mübarizəni davam etdirmişlər. Bu yolda çoxlu sayda aydınlarımız qurban gediblər... ...Son günlər İran hakimiyyəti basqılarını daha da artırıb. Çoxlu sayda azərbaycanlı ziyalı tutularaq işgəncəyə məruz qalmaqdadır. Bütün bunları nəzərə alaraq, biz azərbaycanlı yazıçı və şairlər öz qələm dostlarımızın ağır durumunu xarici qələmdaşlara bildirir, səsimizi dünyaya yaymaqda yardımçı olmanızı istəyirik". ayna

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar