SON XƏBƏRLƏR

NATO-ya QARŞI RUSİYA - ERMƏNİSTAN İTTİFAQI?

2021.10.20, 07:36
NATO-ya QARŞI RUSİYA - ERMƏNİSTAN İTTİFAQI?

Gunaz.tv
NATO-ya QARŞI RUSİYA - ERMƏNİSTAN İTTİFAQI? 36438_1 Kremldə Ermənistanı yeni regional statusda görməyə başlayıblar. Moskva Qarabağ münaqişəsinin həllini təxirə salır C.SÜMƏRİNLİ Kreml NATO-nun Cənubi Qafqazla bağlı planlarına qarşı növbəti tədbirlər seriyası hazırlayır. Bu planda həlledici rol Yerevana həvalə olunacaq. Rusiyadakı diplomatik mənbələrdən "Ayna"ya daxil olan məlumatlara görə, Rusiya və Ermənistan xarici işlər nazirləri Sergey Lavrov və Edvard Nalbandyanın dünənki görüşlərində bu məsələ əsas diqqət mərkəzində olub. Görüşdən əldə olunan məlumatlara görə, Moskva indiki məqamda Cənubi Qafqazın "təhlükəsizliyinin təmin olunması"nda əsas söz sahibi kimi məhz Yerevanın çıxış etməsini istəyir. Moskvada hesab edirlər ki, Ermənistan indiki məqamda: - Ərazisində Rusiyanın nəhəng hərbi bazasına malikdir; - Türkiyəni özü ilə dialoqa aparmağa cəlb edə bilib; - Azərbaycan torpaqlarını işğal altında saxlamaqla bu ölkə üzərində qalib olaraq onunla sülh danışıqları aparır; - Rusiya - Gürcüstan müharibəsinin nəticələrinin çözülməsi istiqamətində vasitəçi rolunda oynamağa meyl göstərir; - Dünyanın aparıcı dövlətlərinin siyasətinə təsir edəcək güclü diaspor təşkilatlarına malikdir. Nazirlərin dünənki görüşünün mətbuat üçün açıqlanan məqamları yəqin ki, artıq oxucularımıza tanışdır. Bu barədə "Ayna"nın 7-ci səhifəsində məlumat verilir. Amma biz mətbuata hələlik açıqlanmayan məqamlar üzərində dayanmaq istəyirik. Kremlin yeni planlarına görə, Rusiyanın beynəlxalq miqyasda təkləndiyi hazırkı məqamda Ermənistanın ona müəyyən köməyi ola bilər. Əsası, bu ölkə, NATO-nun Gürcüstan və Azərbaycan hesabına Şərqə doğru növbəti dəfə genişlənməsini əngəlləməyə qadirdir: - Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxlamaqla həmişə bu ərazidə müharibənin yenidən alovlanması ehtimalını özündə saxlayır; - Ermənistan Gürcüstanın erməni əhalisi yaşayan Samtsxe-Cavaxetiya quberniyasında gərginlik yaratmaq, Gürcüstana qarşı ərazi iddiaları irəli sürmək iqtidarındadır. Rusiya başa düşür ki, indiki halda NATO Gürcüstanı Abxaziya və Cənubi Osetiyasız da öz sıralarına qəbul edə bilər. Hətta bu proses gələcəkdə Azərbaycanla da bağlı baş verə bilər. Belə olduqda prosesin qarşısının alınmasında yalnız Ermənistan Rusiyaya yardımçı ola bilər. Rusiya mətbuatının, hətta bəzi rəsmi dairələrinin Samtsxe-Cavaxetiya ərazisinin muxtariyyəti, müstəqilliyi, hətta Ermənistana birləşdirilməsinin mümkünlüyü barədə bəyanatlarının kökündə hansı məqsədlərin dayandığını güman etmək o qədər də çətin deyil. İndiki vəziyyətdə Azərbaycan maksimum şəkildə neytrallığını qorumağa çalışır, Rusiya və NATO arasında eyni məsafədə durmağa üstünlük verir. Lakin indiki şəraitdə Kreml dairələrində Azərbaycanı Rusiya üçün "etibarsız tərəfdaş" hesab etməkdə davam edirlər. Rusiya ilə strateji əməkdaşlıq haqqında sənədin Azərbaycan parlamentində ratifikasiyasının 2 həftədən artıq müddətə təxirə salınması nəticəsində Moskvada bu fikirdə olanların sayı xeyli artıb. Beləliklə, son vaxtlar səslənən "Rusiya Azərbaycanla dostluğa meyl göstərir, Moskva Gürcüstan hadisələrindən sonra Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə yardımçı ola bilər" kimi fikirlərin gerçəklikdən çox-çox uzaq olduğu qənaəti yaranır. Əslində Moskvada hesab edirlər ki, Rusiyanın hərbi-siyasi-iqtisadi təsir dairəsində olan Ermənistanla əlaqələri uzun illərdir Avroatlantik məkanla sıx iqtisadi-hərbi-siyasi əməkdaşlığa baş qoymuş Azərbaycana güdaza vermək indiki şəraitdə Moskvanın regionla bağlı strateji maraqlarına cavab vermir. Kremldə hesab edirlər ki, Rusiyanın Azərbaycanla indiki şəraitdə maksimum yaxınlığı Ermənistanın qəflətən Qərbə üz tutmasına və ən nəhayətdə bu ölkənin itirilməsi ilə nəticələnə bilər. Azərbaycan isə öz ərazi bütövlüyünün təmin olunduğu şəraitdə də balanslı siyasətə üstünlük verməkdə davam edəcək. Beləliklə, nəticədə Moskva nə qazanacaq? Cənubi Qafqazda iki qərbyönlü və bir balanslı dövlət. Odur ki, Rusiya analitikləri taktiki planda Qarabağ münaqişəsinin dondurulmuş şəraitdə saxlanılması, strateji planda isə Azərbaycanın atacağı addımlardan asılı olaraq bu münaqişənin Ermənistanın xeyrinə həll edilməsi mümkünlüyünü nəzərdən keçirirlər. Beləliklə, hazırda Moskvanın Yerevanla Qafqazda NATO-ya qarşı alyans yaratmasının cizgiləri aydın görünür. Bu çərçivədə Yerevan Moskva ilə hərbi-siyasi-iqtisadi əməkdaşlığını sürətləndirməli, NATO-nun vacib strateji tədbirlərində iştirakdan boyun qaçırmalıdır. Dünənki görüşdə Lavrov və Nalbandyan regiondakı milli təhlükəsizlik məsələlərinə tərəflərin yanaşmalarının bir çox hallarda üst-üstə düşdüyünü xüsusi vurğulayıblar. Onlar bəyan ediblər ki, qeyd edilən səbəbdən əməkdaşlığı inkişaf etdirmək üçün gözəl perspektivlər mövcuddur. Lavrov Rusiyanın Qafqazdakı maraqlarına əsas zərbələrin NATO-dan gəldiyini gizlətməyib. Onun sözlərinə görə, "NATO-nun Şərqə doğru əsaslandırılmamış" şəkildə genişlənməsi təhlükə yaradır". Rusiya həmçinin erməni lobbisinin dəstəyindən də istifadə etmək niyyətindədir. Lavrov bildirib ki, Rusiya erməni dostlarının əldə etdiyi uğurlardan yararlanmaq niyyətindədir. Ekspertlərin fikrincə, erməni diasporunun gücündən istifadə etməklə Rusiya NATO dövlətlərində ona qarşı planlaşdırılan addımlardan xəbərdar olmaq niyyətindədir. Moskva ən azı bu planları neytrallaşdırmaq istəyir. Beləliklə, Qafqazda yeni geosiyasi vəziyyəti təhlil edərkən aydın görünür ki, Azərbaycanın təhlükəsizliyinə təhdidlər əvvəlkitək təkcə Ermənistandan gəlmir. Təhlükə ənənəvi olaraq həm də Rusiya - Ermənistan hərbi-siyasi ittifaqından gözlənilir. Əgər indiyədək bu ittifaqın Azərbaycana qarşı yönəlməsi barədə çoxsaylı fikir və bəyanatlar səsləndirilirdisə də, bundan sonra bu ittifaq rəsmi xarakter ala bilər. Belə ki, yaxın vaxtlarda ali səviyyədə Rusiya - Ermənistan sammitinin keçirilməsi gözlənilir. Lavrov və Nalbandyan dünənki görüşlərində də bu məsələ ilə bağlı ciddi müzakirə aparıblar. Həmçinin söhbətdə Qafqazdakı münaqişələrin həlli perspektivləri də müzakirə olunub. Lavrov bildirib ki, "böhranlı vəziyyətləri güc yolu ilə nizamlamağa cəhdlər iflasa uğrayacaq". Beləliklə, qarşıdakı Rusiya - Ermənistan sammitindən nə gözləmək olar? Ekspertlərin fikrincə, bu sammitdə ən azı 5 məsələ diqqət mərkəzində olacaq: 1. NATO-nun Cənubi Qafqaz ölkələri hesabına Şərqə doğru genişlənməsinin qarşısının alınması. 2. Dağlıq Qarabağ münaqişəsinin hazırkı nizamlanma vəziyyətinin davam etdirilməsi (Azərbaycanın ərazi bütövlüyü məsələsi təxirə salına bilər). 3. Qərbin Azərbaycan və Gürcüstanda dəstəklədiyi iqtisadi layihələrin qarşısının alınması və bu layihələrdə Rusiya və Ermənistanın maraqlarının təmin olunması. 4. Ermənistanda Rusiyanın hərbi bazalarının genişləndirilməsi və ölkənin şimalında tikilməkdə olan yeni hərbi bazanın strateji təyinatı məsələləri. 5. Rusiya - Ermənistan - İran əməkdaşlığında yeni formatın tapılması. Görəsən, Azərbaycan gözlənilən proseslərdən vaxtında nəticə çıxara biləcəkmi? Hər şey atılacaq addımların səmərəliliyindən və onların nə dərəcədə düşünülmüş olmasından asılı olacaq. ayna

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar