SON XƏBƏRLƏR

QLOBAL MALİYYƏ BÖHRANI KRİTİK HƏDDƏ ÇATIR

2021.10.20, 07:36
QLOBAL MALİYYƏ BÖHRANI KRİTİK HƏDDƏ ÇATIR

Gunaz.tv
QLOBAL MALİYYƏ BÖHRANI KRİTİK HƏDDƏ ÇATIR Amerika Konqresi hökumətin planını təsdiqləmədi, birjalar iflic oldu Amerikada başlayan və dünyanı əhatə edən maliyyə böhranı kritik həddə çatır. İki gün əvvəl Amerika Konqresinin hökumətin iqtisadiyyatı xilas planını rədd etməsindən sonra birjalarda əsas indekslər kəskin aşağı düşüb, Rusiyada isə hərraclar dayanıb. Böhranın fonunda neft də ucuzlaşıb. Ekspertlər tezliklə böhranın daha da ağır forma alacağı haqda xəbərdarlıq edirlər. Xəbər verildiyi kimi, ABŞ-da hökumət ölkənin ən iri investisiya banklarının bir-birinin ardınca müflis olmasından sonra maliyyə bazarlarında vəziyyəti stabilləşdirmək üçün təcili plan hazırlayıb. Bu plana görə, dövlət kommersiya banklar borclarını qapatmaq üçün 700 milyard dollar ayırmalı idi. Maliyyə naziri Henri Poulsonun hazırladığı xilas paketi ilə bağlı prezident Corc Buşun da iştirakı ilə bir neçə gün Konqresdəki respublikaçılar və demokratların liderləri ilə gərgin danışıqlar aparılsa da, nəticə gözlənildiyinin əksinə olub. ABŞ Konqresinin Nümayəndələr Palatası dörd saatlıq müzakirələrdən sonra 228 səs əleyhinə, 205 səs lehinə olmaqla maliyyə bazarının sabitləşdirilməsi üçün 700 milyard dolların ayrılmasını nəzərdə tutan qanun layihəsini qəbul etməyib. Qanun layihəsinin təsdiq olunması üçün 218 səsə ehtiyac var idi. Səsvermədən öncə Nümayəndələr Palatasının spikeri Nensi Pelosi həmkarlarına kinayəli sualla müraciət edib: “Axırıncı dəfə sizdən 700 milyard dolları nə vaxt istəyiblər?” Pelosi qeyd edib ki, 700 milyard dollar dəhşətli dərəcədə böyük məbləğdir və bu, C.Buşun iqtisadi siyasətinə görə ödənilən məbləğin yalnız bir hissəsidir. Konqresin bu qərarı bütün dünya birjalarında əsas aparıcı indekslərin sözün əsl mənasında çökməsi ilə müşahidə olunub. Birləşmiş Ştatlarda işgüzar aktivliyin əsas indeksi olan Dou Cons birdən-birə 777 pillə aşağı düşərək tarixi rekorda imza atıb. Ekspertlər Nyu York birjası tarixində belə böyük tənəzzülün hələ qeydə alınmadığını bildiriblər. Hətta məlum 11 sentyabr hadisələri zamanı bu indeks sadəcə 685 pillə aşağı düşmüşdü. Birja treyderləri indi yaranmış vəziyyəti fəlakət adlandırıblar. Amerika birjalarının ardınca Asiyanın maliyyə bazarlarında indekslərin göstəriciləri enməyə başlayıb. Birjalara neftin qiyməti də böyük zərbə vurub. Qara qızılın qiyməti bir gün ərzində 10 faiz ucuzlaşıb. Rusiyada da Amerika Konqresindəki səsvermədən sonra birja indeksləri kəskin aşağı düşüb, nəticədə hökumət hərracları müvəqqəti dayandırmalı olub. Sentyabrın 30-da Amerika birjalarında vəziyyət qismən sabitləşib, əsas indekslər bir qədər yuxarı qalxıb, lakin analitiklər qlobal xarakter alan böhranın getdikcə dərinləşməkdə olduğunu qeyd edirlər. Yaranmış vəziyyətlə bağlı ABŞ prezidenti Corc Buş deyib ki, böhran içində olan maliyyə sektorunu xilas etmək üçün hökumətin təklif etdiyi planın təsdiq edilməsi ətrafında mübarizə hələ bitməyib. O, plan təsdiq edilmədiyi təqdirdə, bunun iqtisadiyyat üçün ciddi nəticələnəcəyi haqda xəbərdarlıq edib. Buş deyib ki, ölkə fövqəladə vəziyyətdədir və bunun nəticələri gündən-günə daha da ağır ola bilər. Prezident Buşun bildirdiyinə görə, administrasiyanın rəsmiləri planın təsdiqi üçün Konqreslə iş aparırlar. Gözlənilir ki, plan bir neçə gün sonra yenidən Nümayəndələr Palatasının müzakirəsinə qaytarılacaq. Planın rədd edilməsindən sonra hökumət ona təcili olaraq bir sıra düzəlişlər edib. Planın düzəliş edilmiş formasının bu gün Senatda səsverməyə çıxarılacağı gözlənilirdi. Məlum olub ki, plana respublikaçıların dəstəyini təmin etmək üçün ora iri şirkətlərə bəzi vergi güzəştlərinin tətbiqi də daxil edilib. Müşahidəçilərə görə, Konqresin hökumətin planını rədd etməsinin səbəbləri siyasidir. Belə ki, Amerikadakı prezident seçkiləri ilə eyni vaxtda həm də Konqresə aralıq seçkilər keçiriləcək. Belə bir vaxtda konqresmenlər dövlətin rekord məbləğdə daxili borca girib bankları xilas etmək üçün 700 milyard dollar ayırmaq təklifinə dəstək verməklə seçicilər arasında nüfuzlarına zərbə vurmaqdan ehtiyat edirlər. Bildirilir ki, plana Respublikaçılar Partiyası da yetərli dəstək vermir. Respublikaçılar hesab edirlər ki, hökumətin maliyyə bazarlarında vəziyyəti stabilləşdirmək üçün 700 milyard dollar ayırmaq təklifi risklidir. Hələlik Amerikada başlayan böhranın ən ağır nəticələri Rusiyada hiss olunmaqdadır. Çünki Rusiyada iqtisadiyyat onsuz da möhkəm təməllər üzərində dayanmırdı və böhranın təsiri ilə ölkənin maliyyə bazarlarında ciddi çaxnaşmalar yaranıb. Mərkəzi Bankın açıqladığı rəqəmlərə görə Rusiyanın xarici borcları yarım trilyon dolları keçib. Bu borcların əhəmiyyətli hissəsi bankların və şirkətlərin payına düşür. Baş nazirin müavini, maliyyə naziri Aleksey Kudrin etiraf edib ki, Rusiyanın fond bazarlarını yaxın vaxtlarda yeni çöküş gözləyir. O, hökumətin böhranın qarşısını almaq üçün tədbirlər görməyə çalışdığını deyib. Lakin Rusiyanın vəziyyətini çətinləşdirən amillərdən biri də odur ki, qlobal böhranın fonunda neft də ucuzlaşır. Əgər neftin bir bareli 70 dollardan aşağı düşsə, o zaman Rusiya büdcə öhdəliklərini yerinə yetirə bilməyəcək. Hazırda neftin qiyməti 100 dollar həddində stabilləşib, lakin ekspertlərə görə, Amerika iqtisadiyyatındakı böhranın gedişindən asılı olaraq qiymət 40-50 dollara qədər enə bilər. Bu isə iqtisadiyyatı neftdən asılı olan ölkələr üçün kifayət qədər ağır nəticələr verəcək. Fərhad MƏMMƏDOV musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar