SON XƏBƏRLƏR

AŞPA Rusiyanı sərt tənqid etdi, amma mandatını almadı

2021.10.20, 07:36
AŞPA Rusiyanı sərt tənqid etdi, amma mandatını almadı

Gunaz.tv
AŞPA Rusiyanı sərt tənqid etdi, amma mandatını almadı Avropa Şurasının Parlament Assambleyası (AŞPA) Rusiyanın nümayəndə heyətini mandatından məhrum etməyib. Strasburqdakı səsvermə zamanı avroparlamentarların 114-ü Rusiya nümayəndə heyətinin səlahiyyətlərinin təsdiqlənməsinin lehinə, 20-si əleyhinə səs verib, 10 nəfər bitərəf qalıb. Əvvəlki səsvermədə isə Rusiyanın AŞPA-da mandatdan məhrum edilməsi və Moskvaya qarşı sanksiyaların tətbiq olunmasını nəzərdə tutan qətnamə layihəsini 636 deputatdan 24-ü dəstəkləmişdi. Qurumun Monitorinq Komitəsinin həmməruzəçisi Andreas Qrossun hazırladığı "AŞPA-dakı Rusiya nümayəndə heyətinin təsdiq olunmuş mandatına əsaslı səbəblərə görə yenidən baxılmasına dair" adlı qətnamə layihəsinin müzakirəsi zamanı deputatların əksəriyyəti Moskva ilə münasibətlərin davam etdirilməsinə tərəfdar olduqlarını bildiriblər. Böyük Britaniyadan olan deputat Maykl Hankok Rusiya nümayəndə heyətinin səlahiyyətlərinin dondurulmasına qarşı çıxıb: "Biz Rusiya nümayəndə heyətinin səlahiyyətlərini dondurmaqla heç nə əldə edə bilmərik. Bu heç də Gürcüstan və Cənubi Osetiya xalqlarının xeyrinə deyil. Saakaşvili ordunu Cənubi Osetiyaya göndərmək və mülki əhaliyə atəş açmaqla hərbi cinayət törədib. O, düzgün siyasi hesablama apara bilməyib və yanlış hərəkət edib". Gürcüstanın nümayəndə heyətinin başçısı isə məqsədlərinin Rusiyanı təcrid etmək olmadığını, sadəcə AŞ-nın norma və prinsiplərinə riayət olunmasını istədiklərini ifadə edib: "Rusiyaya vaxt verilməsi başa düşüləndir, amma bu ölkəyə nə etməli olduğunu da demək lazımdır. Rusiya qüvvələrini Gürcüstandan çıxarmalı, Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanıması ilə bağlı qərarını ləğv etməlidir ". Rusiyanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Konstantin Kosaçov isə bildirib ki, səsvermənin nəticələrinə şübhə etmirdi. Avropa Şurasını tərəflər arasında əlaqələr yaratmaq, onları siyasi dialoqa dəvət etmək, beynəlxalq münasibətlərdə güc tətbiqinin əleyhinə çıxmaq kimi unikal missiya daşıyıcısı olduğunu vurğulayan Kosaçovun dediyinə görə, Rusiya-Gürcüstan münaqişəsi ilə bağlı sonrakı müzakirələr daha ağır olacaq: "Bu dəfə AŞPA-nın tələsik qərar qəbul etmək və ya düşünülməmiş addım atmaqdan çəkindirə bildik. Çalışacağıq ki, bu münaqişənin məhz Gürcüstanın təhriki ilə baş verdiyini, bizim başqa çıxış yolumuzun qalmadığını, Rusiyanın başqa çıxış yolu olmadığını, Moskvanın yüzlərlə, minlərlə insanın taleyini xilas etdiyini sübut etməyə çalışacağıq. Bu addım isə özünü demokratik adlandıran hər bir ölkənin müqəddəs borcudur". Bütünlükdə AŞPA-nın payız sessiyasının dünənki plenar iclasında deputatların əksəriyyəti Rusiyanın Gürcüstana təcavüzünü sərt şəkildə tənqid edib (APA). Onlar bu müharibəni Avropada təhlükəsizliyə və əməkdaşlığa zərbə, Gürcüstanın ərazi bütövlüyünə hörmətsizlik kimi qiymətləndirərək Cənubi Osetiya və Abxaziyanın Rusiya tərəfindən tanınmasının qəbuledilməz və beynəlxalq prinsiplərə zidd olduğunu bildiriblər. Gürcüstanın ərazi bütövlüyü və suverenliyinin toxunulmaz olduğunu vurğulayan parlamentarlar Rusiyanı öz qərarını ləğv etməyə, üzərinə götürdüyü öhdəlikləri, Gürcüstanla imzaladığı sülh planını yerinə yetirməyə çağırıblar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar