SON XƏBƏRLƏR

POLİTOLOQLAR ERMƏNİSTAN PREZİDENTİNİN BMT-dəki ÇIXIŞI HAQDA

2021.10.20, 07:36
POLİTOLOQLAR ERMƏNİSTAN PREZİDENTİNİN BMT-dəki ÇIXIŞI HAQDA

Gunaz.tv
POLİTOLOQLAR ERMƏNİSTAN PREZİDENTİNİN BMT-dəki ÇIXIŞI HAQDA BMT Baş Assambleyasının 63-cü sessiyasında çıxış edən Ermənistan prezidenti Serj Sərkisyan deyib ki, həmişəki kimi yenə də bir xalqın öz müqəddəratını təyinetmə hüququ yaşamaq uğrunda mübarizəyə çevrilir. Ermənistan lideri 21-ci əsrdə öz hüquqları uğrunda mübarizə aparan insanların etnik təmizləmə, yaxud soyqırımla üzləşdiklərini bildirib. Sərkisyanın fikrincə, xalqların öz müqəddaratını təyinetmə prinsipinin ciddi müzakirəyə ehtiyacı var. Türkiyə prezidenti Abdulla Gülün sentyabrın 6-da Yerevana səfərindən sonra Dağlıq Qarabağ probleminin nizamlanmasında və «erməni soyqırımı» məsələsində Ermənistanın mövqeyində müsbət dəyişikliklərin baş verəcəyi gözlənilirdi. S.Sərkisyanın BMT-dəki çıxışı isə bunun əksini göstərir. Politoloq Rüstəm Məmmədov «Media forum» saytına deyib ki, Ermənistan prezidentinin yenə əvvəlki iddialarında qalmasının başlıca səbəbi Rusiya faktoru ilə bağlıdır: «Bunu birdəfəlik bilməliyik ki, nə Serj Sərkisyan, nə də Ermənistan hakimiyyətinin digər rəsmiləri Rusiyanın razılığı olmadan müstəqil siyasət yeridib Qərblə yaxınlaşa bilərlər». «Şərq-Qərb» Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu isə düşünür ki, Ermənistan öz iddialarından heç vaxt imtina edə bilməz: «Ermənistanın bütün dövlət siyasəti, milli ideologiyası soyqırım üzərində qurulub. Dağlıq Qarabağ məsələsi də dövlət müstəqilliyini elan edəndən bu günəcən Ermənistan üçün həyati əhəmiyyət kəsb edən məsələyə çevrilib». Türkiyə ilə yaxınlaşma məsələsinə gəldikdə, Ə.Oruclunun fikrincə, bu ilk növbədə Ermənistanın Rusiya-Gürcüstan qarşıdurmasından sonra yaranmış vəziyyəti ilə bağlı idi: «Bu addımları atan Serj Sərkisyan sonradan opponentlərinin çox ciddi təzyiqlərinə məruz qaldı. O, hakimiyyət ortağı olan daşnakların etimadını itirmək təhlükəsi ilə də üzləşdi. Bütün bunlar, eyni zamanda Gürcüstanda yaranmış aldadıcı sabitlik Ermənistan hökumətində, o cümlədən konkret olaraq Sərkisyanda Gürcüstanla bağlı nəqliyyat və kommunikasiya imkanlarının itirilmədiyinə, bunları bərpa etmək imkanlarının olmasına bir qədər ümid yaradıb. Ona görə də Ermənistan prezidenti, belə demək mümkünsə, yenidən köhnə havaya oynamağa başlayıb». «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar