SON XƏBƏRLƏR

AKP-ni TƏNQİD EDƏNLƏR QORXU İÇİNDƏDİR . Tanınmış jurnalist Emin Çölaşan: “İqtidara qarşı olanların hamısı tutuldu, məni də həbs edə bilərlər”

2021.10.20, 07:36
AKP-ni TƏNQİD EDƏNLƏR QORXU İÇİNDƏDİR . Tanınmış jurnalist Emin Çölaşan: “İqtidara qarşı olanların hamısı tutuldu, məni də həbs edə bilərlər”

Gunaz.tv
AKP-ni TƏNQİD EDƏNLƏR QORXU İÇİNDƏDİR Tanınmış jurnalist Emin Çölaşan: “İqtidara qarşı olanların hamısı tutuldu, məni də həbs edə bilərlər” 4934.jpg Türkiyədə əsasən iqtidara qarşı çıxan milliyyətçi və Atatürkçü insanların həbsi ilə davam edən “Ergenekon” əməliyyatı ölkədə qorxu mühiti yaradıb. “Hürriyet” qəzetinin tanınmış köşə yazarı, AKP iqtidarına tənqidi yanaşan Emin Çölaşan hesab edir ki, növbə ona da çata bilər. Çölaşan bir gün əvvəlki əməliyyatlarda həbs edilən “Kanaltürk”ün keçmiş sahibi, AKP iqtidarını sərt tənqid etməsi ilə tanınan Tuncay Özkanın iş yerində aparılan axtarışı izləyərkən həmkarlarına belə deyib. Türkiyə mətbuatının xəbərlərinə görə, polis Özkanın həbsindən sonra onun yeni qurduğu “Kanal Biz” in Ankara bürosunda axtarışa başlayıb. Dörd saatdan çox davam edən axtarış nəticəsində bürodakı bütün kompyuterlər, dikslər və sənədlər aparılıb. Çölaşan son həbslərlə bağlı deyib ki, AKP iqtidarı üzləşdiyi ciddi korrupsiya ittihamlarından sonra gündəmi dəyişməyə çalışır. Xəbər verildiyi kimi, son əməliyyatlarda Tuncay Özkanla yanaşı “Kanaltürk”ün keçmiş aparıcısı Duyğu Dikmenoğlu, xəbər redaktoru Adnan Bulut və əməkdaşları, habelə PKK terrorçularına qarşı önəmli qərarlar verən İstanbul Dövlət Təhlükəsizlik Məhkəməsinin keçmiş prokuroru Tancu Gvendirən, tanınmış jandarma rəisi Adil Sərdar Saçan və digərləri həbs ediliblər. Jurnalistlərin “Siz də həbs edilməkdən qorxursunuzmu” sualına cavabında Çölaşan deyib ki, o, öz adına qorxmur: “Amma hər an başıma hər şey gələ bilər. Çünki bu əməliyyatda AKP-yə qarşı çıxan nə qədər adam varsa hamısı həbs edildi. Əgər istintaq Tuncay Özkan və digərlərinin ifadəsini almağa ehtiyac bilsəydi, onları istənilən vaxt çağırıb dindirmək olardı, çünki bu adamlar bir yerə qaçası deyil. Səhər açılmadan aparılan bu əməliyyatlar AKP-yə qarşı olan müxalifətə verilən göz dağıdır”. Bildirilir ki, bir gün əvvəl həbs edilənlərin ümumi sayı 14-dür. Həbs edilənlərdən Tuncay Özkan ifadəsi alınmaq üçün məhkəməyə gətirilib. Jurnalistlərin ondan niyə həbs edildiyini soruşmasına cavab olaraq Özkan baş nazir Ərdoğanın adını çəkib və “faşizm” deyə cavab verib. O, polisin evində hər yeri axtardığını da deməyə imkan tapıb. İdarədən çıxarılaraq polis maşınına mindirilən Özkan bu dəfə də “faşizm” deyə qışqırıb. “Bununla jurnalist fəaliyyətimi əngəlləməyə çalışırlar”- deyə o bildirib. Bu arada “Ergenekon” əməliyyatında həbs edilmiş daha bir ordu generalın səhhətində problemlər yaranıb. Dünən səhər 1-ci Egey ordusunun keçmiş komandanı Xurşud Tolon saxlanıldığı Kandıra həbsxanasından güclü mühafizə altında Koceli dövlət xəstəxanasına aparılıb. Rəsmilər deyiblər ki, generalın səhhətində problemlər var və müayinədən keçiriləcək. Lakin problemin nədən ibarət olduğu açıqlanmayıb. Bir neçə saatlıq müayinədən sonra Tolon xəstəxanadan həbsxanaya qaytarılıb. Onun xəstəxanadan polis maşınına yeriyərək getdiyi müşahidə olunub. Bu dəfə də generalın səhhəti ilə bağlı açıqlama verilməyib. Xəbər verildiyi kimi, bir neçə gün əvvəl Tolonla birlikdə həbs edilən istefada olan ordu generalı, Atatürkçü Düşüncə Mərkəzinin başqanı Şener Eruyğurun beyninə qan sızmışdı. General ağır vəziyyətdə xəstəxanaya aparılıb, iki gün əvvəl onun azadlığa buraxılması haqda qərar verilib. Hazırda Eruyğurun həyatı üçün təhlükə davam edir, o xəstəxananın reanimasiya şöbəsində saxlanılır. Xəbər xidməti musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar