SON XƏBƏRLƏR

Bölgədə qəribə hadisələr baş verir

2021.10.20, 07:36
Bölgədə qəribə hadisələr baş verir

Gunaz.tv
Bölgədə qəribə hadisələr baş verir Bakı-Tiflis-Ceyhan (BTC) neft kəmərinin Türkiyə hissəsində avqustun 6-da partlayış baş verdi. Boru xətti uzun müddət sıradan çıxdı, maliyyə itkiləriylə üzləşdik. Üstündən heç bir gün keçməmişdi ki, bölgədə Rusiya-Gürcüstan savaşı başladı, Bakı-Supsa xətti də dayandı. Bununla da bir müddət 3 xətdən yalnız birinə - Bakı-Novorossiysk boru xəttinə möhtac qaldıq. Təsadüf, yoxsa əvvəlcədən hazırlanmış plan? Rusiya başbilənləri sanki bizlərə mesaj göndərməyə çalışırdılar: “BTC və Bakı-Supsa xəttinə çox da güvənməyin, əvvəlkitək düymə yenə bizim əlimizdədir”. Görünür, Rusiya prezidenti Dmitri Medvedyev “Qafqazda təbii maraqlarımız var” deyərkən məhz həmin “düymə”yə işarə edirmiş. İndi gəl bundan sonra BTC-də texniki qəza olduğuna inan. Yenə oxşar vəziyyətlə üzləşmişik. İlham Əliyev Moskvaya dəvət edildi. Medvedyevin Qafqazdakı təbii maraqları mesajı “Rusiya ilə Azərbaycanın saatları tutuşdurulmalıdır” ifadəsinə qədər inkişaf etdirildi. Bu dəfə nə demək istəyirdi, bütün qazımızı Rusiyaya satmalıyıq və ya Gürcüstanı qışda qazsız qoymalıyıq, yoxsa daha pisi - Ermənistanın yer aldığı Kollektiv Təhlükəsizlik Müqaviləsinə üzv olmağa hazırlaşmalıyıq? Çox gözləmək lazım gəlmədi. Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev Bakı-Novorossiysk boru xəttiylə daşınacaq neftin həcmini 5 milyon tona çatdırmağı planlaşdırdıqlarını bildirdi. Bu hazırda daşınan həcmdən təxminən 2 dəfə çoxdur. Rövnəq Abdullayev bunun səbəbini belə izah etdi ki, bəs bütün boru xətlərinin işlək səviyyədə qalmasını istəyirik. Nə deyirik, təki deyilən kimi olsun. Ancaq onun müavini Elşad Nəsirov İngiltərənin “Financial Times” qəzetinə verdiyi müsahibədə, Bakı-Novorossiyskə önəm verilməsini başqa səbəblərlə izah edib: “Bütün yumurtaları eyni səbətdə saxlamaq dorğu olmazdı. Özü də həmin səbətin incə olduğunu nəzərə almaq lazımdır. Odur ki, Rusiya və İran üzəriundən neft daşımaqda davam edəcəyik. Biz riskləri ehtimal etmişdik, ancaq müharibənin olacağını planlaşdırmırdıq”. Məncə, Elşad Nəsirov açıqlamasında daha səmimidir. O faktiki demək istəyib ki, Azərbaycan Rusiya və İran amiliylə hesablaşmaq məcburiyyətindədir. Sadəcə İran marşrutu hardan çıxdı, bircə onu anlamadım. Axı biz İran üzərindən neft daşımırıq, yoxsa artıq bu da plana əlavə edilib? Ən maraqlsı odur ki, Rövnəq Abdullayev Azərbaycanın Bakı-Novorossiysklə neft ixracatını artıracağını açıqladıqdan sonra BTC dayandı. Yenə təsadüf? BTC-nin profilaktik tədbirlər səbəbindən dayandığı açıqlanır. Adını “profilaktik” və ya başqa nə qoyursansa qoy, sadəcə yenə Rusiya amilinin ön plana çıxması təəssüratı yaranır. Baş nazirin birinci müavini Yaqub Eyyubov son müsahibəsində Azərbaycanda qaz istehsalının artmasından danışarkən “qazımızı Rusiya, İran, Türkiyə vasitəsilə Avropa ölkələri üzərindən ixrac edə bilərik” deyib. Yenə Rusiya, yenə İran. Yaqub Eyyubovun müsahibəsinin bircə yerində Nabucco kəlməsinə rast gəlmədim. Təsadüfi deyil ki, “Financial Times” qəzeti Azərbaycanın Rusiyaya qaz ixracatının artırmasından ABŞ və Avropa Birliyinin narahat olduğunu yazır. Elə biz də narahatıq. Çünki söhbətin Azərbaycanın enerji gəlirlərini artırmasından deyil, Rusiyanın təzyiqləri qarşısında geri çəkilməsindən gedir. Bu arada rus icmasının Bakıda keçirdiyi konfransına qatılan Ümumrusiya Azərbaycan Konqresinin içracı direktoru Eldar Quliyev maraqlı nəsihət verib: “Rusiya-Azərbaycan münasibətləri lazımi səviyyədə olsa, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün imkanlar yaranar”. Görəsən, Eldar Quliyev Kremlə daha hansı vədi verməmizi istəyir ki, münasibətlər “lazımi səviyyəyə” çatsın və bununla Dağlıq Qarabağ münaqişəsinin həlli üçün “imkanlar yaransın”? Açıq deyərdi ki, Azərbaycan da Ermənistan kimi Rusiyanın yanında yer almalıdır... Elxan ŞAHİNOĞLU «Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar