SON XƏBƏRLƏR

Qarabağ danışıqları Nyu-Yorkda .

2021.10.20, 07:36
Qarabağ danışıqları Nyu-Yorkda .

Gunaz.tv
Qarabağ danışıqları Nyu-Yorkda "BBC" Sarkisyanın yalanını sübut etdi Nyu-Yorkda Ermənistan prezidenti Sery Sarkisyan ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb. "Novosti-Armeniya" agentliyinin məlumata görə, görüşdə Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü ilə bağlı məsələlər müzakirə olunub. Ermənistan prezidentinin mətbuat xidmətindən "Novosti-Armeniya"ya bildiriblər ki, görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anyey Kaspşik və Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan da iştirak edib. Görüş zamanı Dağlıq Qarabağ probleminin həlli ilə bağlı danışıqlar prosesi də nəzərdən keçirilib. Ermənistan prezidenti, həmçinin ABŞ dövlət katibi Kondoliza Raysla da görüşüb. Ermənistan prezidentinin mətbuat xidmətindən "İnterfaks" agentliyinə verilən məlumata görə, K.Raysla Ermənistan prezidenti S.Sarkisyan arasında keçən görüşdə amerikalı dövlət katibi Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması prosesinə önəm verib. Öz növbəsində S.Sarkisyan Ermənistanın Qarabağ münaqişəsini danışıqlar və qarşılıqlı güzəştlər vasitəsilə sülh yolu ilə həllinə hazır olduğunu bildirib. Bundan əlavə, görüşdə Ermənistan-Amerika münasibətləri və bölgədəki vəziyyət müzakirə edilib. K.Raysın sözlərinə görə, Ermənistan siyasi islahatların həyata keçirilməsində irəliləyişə nail olub və bu, ABŞ tərəfindən ölkəyə göstərilən yardımın davam etdirilməsi üçün yaxşı əsasdır. "Türkiyə prezidenti Abdulla Güllə bu yaxınlarda keçirilən görüş zamanı biz ölkələrimiz arasındakı problemləri gələcək nəsillərə qoymamaq barədə razılığa gəldik". Bu sözləri S.Sarkisyan Ermənistanın BMT-dəki daimi nümayəndəliyində təşkil edilmiş qəbulda çıxış edərkən deyib. S.Sarkisyan bildirib ki, Ermənistan-Türkiyə münasibətlərində problemləri həll etməyin vaxtı çatıb və o, Gülün çətin qərarlar qəbul etməyə hazır olduğunu vurğulayıb: "Bütün bunlar mənə bundan sonra mövcud problemləri gələcək nəsillərə qoymayacağımıza və vaxtı uzatmayacağımıza ümid etmək imkanı verir". Sarkisyanın sözlərinə görə, Yerevandakı danışıqlardan sonra Türkiyənin xarici işlər naziri Ankaranın öz keçmişinə nəzər salmağa, nəzərdə tutulan komissiyanın rəyləri ilə üz-üzə durmağa hazır olduğunu qeyd edib. "Bu, cürətli hakimiyyət nümayəndəsinin sözləridir" - deyə Sərkisyan vurğulayıb. Ermənistan prezidenti daha sonra bildirib ki, əsas məqsədləri Azərbaycan tərəfini Dağlıq Qarabağ xalqının öz müqəddəratını müəyyən etmək hüququnun sarsılmaz olduğuna inandırmaqdır. Ermənistan prezidenti, həmçinin "BBC"yə verdiyi qalmaqallı müsahibə ilə bağlı gündəmdə qalmaqdadır. Rəsmi Yerevan telekompaniyanı düzgün tərcümə aparmamaqda, qarşı tərəf isə prezidentin dediklərini olduğu kimi yayımladığını iddia etməkdədir. Telekompaniya rəhbərliyi məsələyə rəsmi şəkildə aydınlıq gətirmək qərarına gəlib: "Həmin söhbət zamanı prezident Sery Sarkisyanın Dağlıq Qarabağ məsələsi ilə bağlı söylədiyi və bizim yayımladığımız bəzi məqamlar həm Azərbaycan, həm də Ermənistan mətbuatı və cəmiyyətində geniş müzakirə olunur. Bəzi agentliklər Ermənistan mənbələrinə istinadən bizim efirə verdiyimiz və internet saytında yerləşdirdiyimiz məlumatlarda guya təhriflərin olduğunu xəbər veriblər. Söhbət prezident Sarkisyanın Azərbaycan dilinə təcümə edilmiş bu sözlərindən gedir: "Mən Azərbaycan prezidenti İlham Əliyevə təklif etmişəm ki, o, mövcud dövrdə Qarabağın xoş güzəranı, təhlükəsiz yaşayışı və gələcəyində azərbaycanlıların ciddi maraqlı olduqlarını göstərmək üçün Qarabağa investisiyalar qoymağa çalışsın. Bəlkə ondan sonra qarabağlılar referendum zamanı Azərbaycanın tərkibində yaşamaq istədiklərini bildirdilər". "BBC" rəhbərliyi bəyan edib ki, prezident S.Sarkisyan yurnalistlərlə mükaliməni erməni dilində aparır, onun dedikləri isə tərcüməçi tərəfindən ingilis dilinə çevrilirdi. Telekanalın Azərbaycan xidməti isə yayımladığı və vebsaytda yerləşdirdiyi məlumatı Azərbaycan dilinə ingilisdən deyil, ilk mənbədən - erməni dilindən tərcümə etdiyini vurğulayıb: "BBC" Azərbaycan xidməti prezident Sery Sarkisyanın ermənicə dediklərinin Azərbaycan dilinə düzgün tərcüməsini, habelə söylənilən fikirlərin kontekstdən çıxarılmayaraq yayımlanması və məna etibarı ilə tam dəqiqliyini təsdiq edir. "BBC" Azərbaycan xidməti Sery Sarkisyanın dediklərinin audioyazısına malikdir". Azər kaspi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar