SON XƏBƏRLƏR

Ermənilər "Ortaq Tarix Komissiyası"nın yaradılmasına razıdırlar

2021.10.20, 07:36
Ermənilər "Ortaq Tarix Komissiyası"nın yaradılmasına razıdırlar

Gunaz.tv
Ermənilər "Ortaq Tarix Komissiyası"nın yaradılmasına razıdırlar Türkiyənin "Zaman" qəzeti yazır ki, Qafqazdakı gərginlik Azərbaycan, Ermənistan və Türkiyə arasında münasibətlərə "yumşaldıcı" təsir göstərib. Məsələn, Gül İrəvana səfər edib, Əli Babacan Nyu - Yorkda BMT Baş Assambleyası çərçivəsində Elmar Məmmədyarov və Edvard Nalbandyanla birgə görüş keçirəcək və s. O də məlum olub ki, rəsmi İrəvan Türkiyənin "Ortaq Tarix Komissiyası" yaratmaq haqqında təklifinə müsbət yanaşır. Xatırladaq ki, baş nazir Rəcəb Tayyib Ərdoğan hələ bir neçə il əvvəl birgə komissiyanın yaradılması təklifini irəli sürüb, Türkiyənin bütün arxivlərinin, kitabxanalarının yerli, xarici, o cümlədən, erməni tədqiqatçılarının üzünə açıq olduğunu bildirib. Türk hökuməti, mütəxəssisləri birgə fəaliyyət üçün Ermənistanın da oxşar addım atmasını vacib sayıblar, Eçmiəzdindəki kilsə arxivinin, Daşnaksütyun Partiyasının Bostondakı gizli arxivlərinin açılmasının vacibliyini vurğulayıblar. Amma Ermənistanın ikinci prezidenti Robert Köçəryan birgə komissiya yaradılması təklifini rədd edib. Ermənilər düşünürlər ki, tarixçilərdən ibarət birgə komissiyanın fəaliyyətə başlaması qondarma soyqırım iddialarının üzərindən biryolluq xətt çəkəcək. "Zaman" qəzeti bildirir ki, Ermənistanın Xarici İşlər Nazirliyindəki mənbələr Dağlıq Qarabağ münaqişəsinin sülh yoluyla həlli ümidinin hər zaman olduğundan indi çox olduğunu vurğulayırlar. Erməni diplomatları Azərbaycanda oktyabrın 15-d keçiriləcək prezident seçkilərindən sonra sülh danışıqlarının daha da sürətlənəcəyini bildirirlər. Qəzet vurğulayır ki, Ermənistan və Azərbaycanı Dağlıq Qarabağ münaqişəsini masa arxasında müzakirə etməyə itələyən səbəb Qafqazdakı son gərginliyin separatçı Cənubi Osetiya və Abxaziyanın "müstəqilliklərini" elan etməsiylə nəticələnməsidir. "Zaman" yazır ki, erməni diasporasının təzyiqlərinə baxmayaraq, diplomatik qaynaqlar Serj Sərkisyanın çözümə çalışdığını açıqlayırlar. O da qeyd olunur ki, əvvəlkilərdən fərqli olaraq Serj Sərkisyan və Ermənistanın yeni xarici işlər naziri Edvard Nalbandyan diaspora nümayəndələri deyillər. Türk qəzetləri bildirir ki, 1915-ci ildə baş vermiş hadisələri araşdırmaq üçün türk-erməni "Ortaq Tarix Komissiyasının" qurulması "erməni soyqırımı" məsələsini parlamentlərə gətirən Fransa, ABŞ, Argentina kimi ölkələrə qarşı Türkiyənin mövqeyini gücləndirəcək. Məlumatlara görə, Türkiyə və Ermənistan arasında iqtisadiyyat, mədəniyyət, diplomatik əlaqələrin inkişafı üçün müxtəlif birgə komissiyaların yaradılması nəzərdə tutulur. "Zaman" qəzeti belə addımların Türkiyənin beynəlxalq mövqeyini möhkəmləndirəcəyini, erməni diasporunu çətin vəziyyətdə qoyacağını bildirir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar