SON XƏBƏRLƏR

AZƏRBAYCAN DA OZON QATININ MÜDAFİƏSİNDƏDİR

2021.10.20, 07:36
AZƏRBAYCAN DA OZON QATININ MÜDAFİƏSİNDƏDİR

Gunaz.tv
AZƏRBAYCAN DA OZON QATININ MÜDAFİƏSİNDƏDİR Dünyada göz və xərçəng xəstələrinin sayının artması ozon qatının dağılması ilə bağlıdır AYNURƏ Hazırda dünya ölkələri qarşısında duran əsas problemlərdən biri də Yer kürəsində olan bütün canlıları ultrabənövşəyi şüalanmadan qoruyan ozon qatının qorunması məsələsidir. Belə ki, nazik qaz sipəri olan ozon təbəqəsi Yer kürəsini günəşin məhvedici radiasiyasından qoruyur. Beləliklə, planetimizdə həyatı mühafizə edir. Beynəlxalq ozon qatının mühafizəsinin devizi isə belədir: "Səmanı qoru, özünü qoru, ozon təbəqəsini qoru". Ekspertlərin rəyinə görə, atmosferdə ozondağıdıcı maddələrin (ODM) miqdarı insanın təsərrüfat fəaliyyəti nəticəsində getdikcə daha da artır. Ozon qatı günəşdən gələn ultrabənövşəyi şüaları udur, onların yer səthinə çatmasının qarşısını alır. Ozon qatının dağılmasında "antropogen faktor"un rolu elmi dairələrdə daha çox təhlükə mənbəyi kimi müzakirə olunur. Yay fəslinə qədər orta en dairələr üzərində ozonun konsentrasiyası yüksək səviyyədə qalır. Belə meteoroloji şəraitin və böyük miqdarda kimyəvi aktiv xlorun olması Antarktida qitəsi üzərindəki ozon qatının dağılmasına səbəb olur. Antarktida üzərində ozon təbəqəsində aşağı konsentrasiyalı zonanın ölçüləri son ildə Afrika qitəsinin sahəsinə bərabər olub. Ozonun ümumi miqdarının azalması buzlaqların əriməsinə səbəb olur. Digər tərəfdən, son yüz ildə Yer kürəsində orta illik temperaturun 0,6 dərəcəyə qədər artması qlobal istiləşmə problemi yaradır. Yer kürəsinə düşən ultrabənövşəyi şüalanmanın artması nəticəsində buzlaqların ərimə tempi də artır. Nəticədə son yüz ildə okean sularının səviyyəsi 10-15 sm artıb. Ozon qatının dağılması flora və faunanın məhvinə, insanlarda göz və xərçəng xəstəliklərinin artmasına, eləcə də insan və heyvanların immun sisteminin zəifləməsi nəticəsində müxtəlif xəstəliklərin yaranmasına gətirib çıxarır. Ozon təbəqəsini dağıdan maddələrə dair imzalanan Monreal protokolu beynəlxalq təşəbbüsdür. Protokolda iştirakçılar tərəfindən öhdəliyə götürülmüş müəyyən hədlər, ozondağıdıcı maddələrin istehsalı və istehlakının tamamilə dayandırılması müəyyən olunub. Azərbaycana gəlincə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən bildirilir ki, ölkə ozon təbəqəsinin qorunması üzrə dünya ictimaiyyətinin bütün səylərini dəstəkləyir və beynəlxalq razılaşma əsasında qəbul etdiyi öhdəlikləri ardıcıl olaraq yerinə yetirməyə çalışır. Keçid dövrünün maliyyə çətinliklərinə baxmayaraq ölkəmiz bir sıra ozondağıdıcı maddələrin istifadədən çıxarılması və həmin maddələrin atmosferə atılmasının qarşısının alınması üzrə dünya birliyinin həyata keçirdiyi tədbirlərdə fəal iştirak edir. BMT-nin Ətraf Mühit və İnkişaf proqramlarının himayəsi ilə Azərbaycan "Çinar" soyuducuları, Sumqayıt kompressorlar zavodları və yanğınsöndürmə idarələrində istifadə olunan ODM-in istifadədən çıxarılması ilə bağlı layihələri gerçəkləşdirib. Nazirlikdən Azərbaycan hökuməti tərəfindən "Ozon qatının dağılmasına qarşı mübarizə strategiyası"nın hazırlandığı da bildirildi. ayna

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar