SON XƏBƏRLƏR

KƏRKÜKDƏ MƏHƏLLİ SEÇKİLƏR TƏXİRƏ SALINIR

2021.10.20, 07:36
KƏRKÜKDƏ MƏHƏLLİ SEÇKİLƏR TƏXİRƏ SALINIR

Gunaz.tv
KƏRKÜKDƏ MƏHƏLLİ SEÇKİLƏR TƏXİRƏ SALINIR BMT şəhərdə etnik müvazinətin təmin edilməsini vacib sayır İSMAYIL İraqın ən mübahisəli mövzularından biri olan Kərkük məsələsi günlərdən bəridir parlamentdə müzakirə edilsə də, konsensusa nail olunmurdu. Son günlər bu məsələ məhəlli seçkilər haqqında qanun layihəsi məcrasında daha da qızışmışdı. Bəzi ərəb millət vəkilləri Kərkük üçün ümumiraq referendumu keçirilməsi təklifi ilə çıxış edirdilər. Xəbərlərə görə, bu məsələ ətrafında yeni bir addım atılıb. Kərkükdə demoqrafik araşdırma aparmalı olan parlament komissiyası quruluncaya qədər şəhərdə məhəlli seçkilərin təxirə salınmasını nəzərdə tutan BMT təklifi parlamentdəki "Kürdüstan ittifaqı" fraksiyası tərəfindən qəbul edilmişdir. Onların fraksiya sədri Sədi Bərzənci belə bir açıqlama ilə çıxış etmişdir. Kürdlərin Kərkük məsələsində "yumşalma"sının bir səbəbi də amerikalıların dəstəyindən məhrum olacaqları əndişəsidir. Qərb mətbuatının yazdığına görə, əgər indiyədək İraqda sünni-şiə toqquşmaları real idisə, son zamanlar kürdlərin öz nəzarətləri altındakı əraziləri genişlətmək cəhdi ərəb-kürd silahlı toqquşmaları və hətta müharibəsi ehtimalını gücləndirmişdir. İraqdakı Amerika komandanlığını ən çox narahat edən bu məsələdir. Əgər bu baş verərsə, amerikalılar öz mənafeləri naminə kürdləri dəstəkləməkdən, keçmişdə dəfələrlə olduğu kimi, vaz keçə və ərəb dünyasının yanında yer ala bilər. BMT İraq təmsilçisi Stefen De Misturanın hazırladığı bu təklifi indiyə qədər ərəb və türkmən millət vəkilləri dəstəkləyirdi, indi isə, göründüyü kimi, kürd fraksiyası da dəstəkləməyə məcbur olmuşdur. Türkmən və ərəb liderlər Səddam devrildikdən sonra İraqın şimalında bir çox kəndlərin uçurularaq əhalisinin planlı surətdə Kərkükdə yerləşdirildiyi və bununla şəhərin etnoqrafik spektrinin kürdlərin xeyrinə dəyişilməyə çalışıldığını əsas tutaraq, şəhərə özəl status verilməsində və bu şəhərin vilayət məclisində üç ünsürün - türkmən, ərəb və kürdlərin bərabər sayda təmsil olunmasında israr edirlər. Qurulacaq parlament komissiyası 2003-cü ilə qədər və ondan sonra Kərkükdə və ona bağlı olan kənd və qəsəbələrdə bu aspektdə baş vermiş hadisələri araşdıracaq, əsl kərküklüləri və sonradan gətirilib yerləşdirilmiş ünsürləri fərqləndirəcək ki, bunlar seçkilərin nəticələrinə təsir etməsin. Stefen De Misturanın təklifləri arasında ən önəmli nöqtə bundan ibarətdir ki, şəhərdə siyasi və təhlükəsizlik sahələrində vəzifə təyinatları üç ünsür arasında ədalətli və müvazinətli bir şəkildə paylaşılacaqdır ki, bir tərəf üstünlüklərindən istifadə edərək o biri tərəfi təzyiq altında saxlaya bilməsin. İraq Türkmən xəbər qaynaqlarının məlumatına görə, dünən Kərkük vilayət məclisi başqanı vəzifəsinə seçkilər keçirilmiş və bu vəzifəyə İraq Türkmən Cəbhəsinin komissiya rəhbəri Münir Kafili seçilmişdir. Kərkük şəhər məclisi hər üç ünsürü təmsil edən 21 üzvdən ibarətdir.ayna

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar