SON XƏBƏRLƏR

İFTAR VAXTI HƏBS_Pakistan Ramazan ayında terrorçulara qarşı silahlı mübarizəni dayandırdığı halda, İran oruc tutan azərbaycanlı ziyalıları həbs edir

2021.10.20, 07:36
İFTAR VAXTI HƏBS_Pakistan Ramazan ayında terrorçulara qarşı silahlı mübarizəni dayandırdığı halda, İran oruc tutan azərbaycanlı ziyalıları həbs edir

Gunaz.tv
36114_1 İFTAR VAXTI HƏBS Pakistan Ramazan ayında terrorçulara qarşı silahlı mübarizəni dayandırdığı halda, İran oruc tutan azərbaycanlı ziyalıları həbs edir S.SƏDRƏDDİN Ramazan ayı başlayan kimi Pakistan hakimiyyəti terrorçu Talibana qarşı silahlı mübarizəni dayandıracağını bəyan etdi. Bu addımı "duyğulu" adlandıranlar da var. Amma bütün hallarda islamın müqəddəslərindən qalan ənənəyə görə, bu ayda savaş heç məsləhət görülmür. Bu baxımdan rəsmi İslamabadın addımını daha islami saymaq olar. Ancaq özünü müsəlman dünyasının "əsas hamisi", "məzlumların havadarı" kimi göstərməyə çalışan Tehran hakimiyyəti iftar süfrəsi ətrafına toplaşan Güney Azərbaycan türklərini həbs edir. Yayılmış məlumata görə, bir qrup azərbaycanlı ziyalı Tehranda Səyyad Məhəmmədianın evinə iftara dəvət olunub. İnsanların bir yerə toplanmasından bütün totalitar rejimlər kimi İran hakimiyyəti də narahatlıq keçirir. Bu səbəbdən də oruc tutan bu insanları iftar süfrəsi arxasındaca həbs edib. İlkin məlumata görə, tutulanlar bunlardır: şair və müəllim Mehdi Nəimi-Ərdəbili, Abbas Nəimi-Xoyi, Əkrəm Nəccari-Givi, Ovçu Qoşaçaylı (Səyyad Məhəmmədian), Rübab Əzimi Gəngəri, Fərhad Rzai-Qoşaçaylı, Məhəmməd Abbaspur, Yusif Huşyar, Rüqəyya Əlizadə (Abbas Lisaninin xanımı), Abbas Lisaninin 13, 10 və 9 yaşlı yeniyetmə övladları (oğulları - Attila, Oqtay və qızı Sevda), "Dilmanc" dərgisinin məsulu Əlirza Sərrafi, türk dili, tarixi və ədəbiyyatının araşdırıcısı Həsən Raşidi, etnik məsələlər üzrə araşdırıcı Əkbər Azad, "Yapraq" dərgisinin məsulu Səid Muğanlı, hüquq müdafiəçisi Həsən Rəhimi, "Ulus" jurnalının məsulu Hüseyn Heydəri, Səid Nəimi, Səidə İslami, Şahbaz İbrahimnijat. Onlardan Məhəmməd Abbaspur, Yusif Huşyar, Şahbaz İbrahimnijat, eləcə də Abbas Lisaninin xanımı və yeniyetmə övladları girov qarşılığında müvəqqəti olaraq sərbəst buraxılıblar. Azərbaycan Siyasi Məhbusları Müdafiə Komitəsinin (ASMƏK) məlumatına əsasən, adları yuxarıda göstərilənlər hazırda Tehranın "Evin" həbsxanasının 209-cu bölməsində saxlanılırlar. Ümumiyyətlə, ASMƏK, Azərbaycan türklərinin milli, qanuni haqlarını tələb etdikləri üçün son iki ayda tutulanlar barəsində məlumat yayıb. Hesabatda bildirilib ki, son iki ayda həbsə alınan yazıçı, jurnalist, hüquq müdafiəçisi və tələbə azərbaycanlının sayı 25 nəfəri aşıb. İyulun 17-dən bəri ən azı 10 azərbaycanlı tələbə həbs olunub. Onlardan Vədud Əsədi və Şahrux Hatəmi sərbəst buraxılıb. Məhbusların ailələri dustaqlara işgəncə verilməsindən narahatdır. Təbriz Universitetində tutulan Səccad Radmehr, Fəraz Zehtab, Aydın Xacei və Daryuş Hatəmi (Elçin), Mənsur Əminian, Maqsud Əhdi, Əmir Mərdani, Xoy şəhərində həbs olunmuş Məcid Makuyizadın (Elyar Xoylu) ailəsi İran məhkəmə sisteminin sədri ayətulla Haşimi Şahrudiyə açıq məktub yazıb. Onlar məhbusların ailə üzvləri ilə görüşmək istədiklərini bildirib, habelə tutulanların vəkillə təmin olunmasını tələb ediblər. ASMƏK azərbaycanlı siyasi məhbuslar barədə məlumat verib. Abbas Lisani - Güney Azərbaycanın tanınmış insanlarındandır. 2006-cı ilin iyunundan bəri həsbdədir. Həbsxanada məruz qaldığı təzyiqlərə qarşı dəfələrlə aclıq aksiyası keçirib. 2008-ci il martın 6-da həyat yoldaşı və 3 övladının yaşadığı Ərdəbil şəhərindən təxminən 2000 kilometr uzaqda yerləşən Yəzd şəhərindəki həbsxanaya köçürülüb. Həyat yoldaşı Rüqəyya xanım onu görməkdən ötrü 9, 10 və 13 yaşlı uşaqları ilə birlikdə Yəzd şəhərinə getmiş, yalnız 10 dəqiqəlik görüşə icazə ala bilmişdi. Ötən bu müddət ərzində Lisani ailəsinin çoxsaylı müraciəti hələ də gerçəkləşməyib. Mehdi Nuri (Elman) Sulduz (rəsmi adı Nəğədədir) Özəl Universitetinin tələbəsidir. O, 2006-cı ilin mayında Sulduzda keçirilən etiraz aksiyalarında iştirak etdiyi üçün tutulub. 80 gün işgəncəyə məruz qalıb. Mehdi Nuri məhkəmə tərəfindən 2 il azadlıqdan məhrum edilib. Hazırda Təbriz zindanında saxlanılır. Əhməd Hüseynpur də avqustun 30-da həbs olunub. Hazırda saxlanıldığı yer bəlli deyil. Həmid Rüstəmi (Arğış) isə 2008-ci ilin mayından Xoy şəhərindəki zindanda saxlanılır. "Qarlı Ərk" və başqa hekayələrin müəllifidir. Bu yazıçı-jurnalist 2007-ci il fevralın 21-də Beynəlxalq Ana dili günü keçirilən aksiyaya qatıldığı üçün sorğu-sual olunub. Həbs müddəti başa çatdıqdan sonra Bicar rayonuna iki illiyə sürgün ediləcək, 3 il boyunca əsər və yazılarının nəşrinə qadağa qoyulub. Höccətülislam Əbdüləziz Əzimi-Qədim 2008-ci ilin mayında Qum şəhərinin Ləngrud zindanına göndərilib. Bu ruhani azərbaycanlı əvvəllər Təbriz, Ərdəbil və Qum şəhərlərində 4 dəfə həbs edilib. Arif Ulufi bu il mayın 31-də Güney Azərbaycanın Urmiya şəhərindəki zindana göndərilib. O, Naxçıvan Universitetinin tələbəsidir. 2007-ci ilin fevralında Ana dili günü tədbirlərinə qatıldığı üçün mühakimə olunub. İbrahim Cəfərzadə bu il iyunun 21-də Xoydakı həbsxanaya yerləşdirilib. O buradakı "Əvrin" adlı qeyri-hökumət təşkilatının sədri idi. 2007-ci ilin fevralında Ana dili günü ilə bağlı tədbirlərə qatıldığı üçün mühakimə olunub. Bir il azadlıqdan məhrum edilib və barəsində iki il sürgün qərarı verilib. Bundan başqa, siyasi-ictimai fəaliyyətinə 3 il, millət vəkilliyi, bələdiyyə seçkilərində namizəd kimi iştirakına 4 il qadağa qoyulub. İbrahim Raşidi (Savalan) - şair, jurnalist. Azərbaycan tələbə hərəkatının təəssübkeşlərindəndir. O, Urmiya Universiteti mexanika-mühəndislik fakültəsinin məzunudur. "Azərtorpaq" qeyri-hökumət təşkilatının qurucusu, Urmiya Universitetindəki "Ustad Şəhriyar" dərnəyinin sədri, "Ulduz", "Bulud", "Baxış" və "Oyanış" dərgilərinin redaktoru olub. Urmiya, Tehran, Əhər, Ərdəbil şəhərlərində milli-mədəni sahədə fəaliyyətinə görə dəfələrlə tutulub. Məhəmməd Nəsiri 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hazırda Qərbi Azərbaycan əyalətinin Maku rayonundakı zindanda saxlanılır. ASMƏK mədəni-siyasi sahədə fəaliyyət göstərən azərbaycanlılar, yazarlar, jurnalistlər, hüquq müdafiəçiləri və tələbələrin tutulmasının beynəlxalq hüquq normalarına zidd olduğunu bildirib. Qurumun hesabatında o da vurğulanıb ki, məhbusların ailə üzvləri qorxudulur, tutulanlar barədə məlumat verilməməsi onlardan tələb edilir. Örnək kimi Təbriz Universitetinin tələbəsi Mənsur Əminianın ailəsinə edilən təzyiq göstərilib. Həmin ailəyə hakimiyyət təmsilçiləri bildiriblər ki, qəzet, radio və başqa informasiya vasitələrinə məlumat versələr, o zaman daha ağır təzyiqlərə məruz qalacaqlar. Hədələnənlərə bildirilib ki, müraciət olunanda belə desinlər: "Hər hansı bir yaxınları tutulmayıb". ASMƏK onu da bildirib ki, həbs olunanların bir çoxu vəkillə təmin edilməyib, "etiraf" almaq üçün tutulanlar işgəncəyə məruz qalırlar. Azərbaycanlı siyasi məhbusları müdafiə assosiasiyasının sözçüsü Vahid Qarabağlı "Azadlıq" radiosuna müsahibəsində deyib: "İki il əvvəl atamı tutmuşdular. Mən təzyiqlərlə üzləşəcəyimdən ehtiyatlandığım üçün İrana gedə bilmədim. Qardaşım işdən ayrılmağa məcbur oldu. O zaman Avropa İnsan Haqları Məhkəməsinə müraciət etdik. Oradan bildirdilər ki, İran Avropa İnsan Haqları Konvensiyasının yurisdiksiyasında olmadığından bizim müraciətimizə baxa bilməyəcəklər. Elə bu kimi səbəblərdən də Tehran hakimiyyəti insan haqlarına sayğı ilə yanaşmır". ayna

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar