SON XƏBƏRLƏR

TEHRANIN BAŞI QARIŞIB . O, ölkənin inzibati-ərazi vahidinin qorunmasına nəzarət edə bilmir

2021.10.20, 07:36
TEHRANIN BAŞI QARIŞIB . O, ölkənin inzibati-ərazi vahidinin qorunmasına nəzarət edə bilmir

Gunaz.tv
TEHRANIN BAŞI QARIŞIB O, ölkənin inzibati-ərazi vahidinin qorunmasına nəzarət edə bilmir S.SOLTAN "Ayna"nın ötən saylarında İslam Respublikası rəhbərliyinin Güney Azərbaycan türklərinə qarşı tutduğu ögey münasibət barədə yazmışıq. Ölkə ictimaiyyətinin rəyi ilə hesablaşmayan hakimiyyət bu istiqamətdə fəaliyyətini davam etdirir. O bu ayrı-seçkiliyi əvvəllər fars etnik qrupu ilə Azərbaycan türkləri arasında qoyurdusa, indi buna biri də əlavə olunub. Rejimin kürdlərə münasibətində özəl sayğı və sevgi hiss edilməkdədir. Onu da qeyd edək ki, ABŞ Dövlət Departamenti öz vətəndaşlarına, eləcə də ikili vətəndaşlığı olan iranəsilli amerikalıları xəbərdarlıq edərək onları İslam Respublikasına səfər etməməyə çağırıb. Sənəddə Tehran hakimiyyətində bəzi qüvvələrin Amerikaya düşmən münasibəti əsas götürülərək bu ölkəyə səfərin təhlükəli olduğu bildirilib. Dövlət Departamenti amerikalıların bu ölkədə çeşidli təqib və təzyiqə məruz qala biləcəklərini qeyd edib. Bəyanatda İranda milli azlıqların yaşadığı sərhədyanı bölgələrdə, Sistan-Bəlucistan və Kürdüstan əyalətlərində qarışıqlıq olduğu da xüsusi vurğulanıb. Güney Azərbaycan bölgələrində türkcə adların yasaq edilməsi hər kəsə məlumdur. Durumun ağırlığı barədə artıq məscidlərdə söz-söhbətlər eşidilməkdədir. "Baybak"ın məlumatına görə, keçmiş deputat, mühəndis Əkbər Ələmi hakimiyyətin bu qanunsuz hərəkətinə qarşı etirazını bildirib. Mənbə "Sulduzxəbər"ə istinad edərək bildirib ki, Güney Azərbaycan ərazilərində türklərin milli adlarının qoyulmasına, tanınmış şəxslərinin yad edilməsinə Tehran hakimiyyəti qadağa qoyduğu halda, buraya köç etmiş kürdlərin bu sahədə gördüyü işləri kimsə əngəlləmir. Azərbaycan əyalətinə köçürülmüş kürdlər terrorçu soydaşlarının şəkli olan alışqanlar, foto plakatlar paylayırlar. Azərbaycanın kürdlər yerləşdirilmiş məhəllələrində onlar "kürdkola" adlı içki belə satırlar. Həmin içkilər Güney Azərbaycanın Bukan (keçmiş adı Bəykəndi) şəhərində istehsal edilir. Ancaq bu şüşələrin üzərinə "Kürdüstan, Bukan" yazılıb. Məlumatlara görə, son zamanlar kürdlər özlərinə "qartal"ı emblem kimi seçiblər. Bir neçə yerdə bu şəkildə təmsil olunurlar. Maraqlı məqamlardan biri budur ki, "kürdkola"ların üstündə belə "qartal"ların da şəkli vurulub. Yeri gəlmişkən, "Ayna"nın ötən saylarından birində toxunduğumuz məsələni bir daha yada salmaq istərdik. İndi "İran mədəniyyəti" adlanan bir sahədə Azərbaycan türklərinin çoxlu sayda nümayəndələri var. İncəsənət, memarlıq, xalçaçılıq, bir sözlə, mədəniyyətdə sözünü demiş azərbaycanlıların adlarını saymaqla bitməz. Güneyli soydaşlarımızın məşğul olduğu sahələrdən biri də xalçaçılıqdır. Hətta fars və türk xalça məktəbləri də bir-birindən fərqlənir. Bir müddətdir Tehran hakimiyyəti Təbriz, Ərdəbil, Qaradağ və Güney Azərbaycanın bir sıra şəhərlərində toxunmuş bu əl işlərinin üzərindən "Təbriz" sözünü pozduraraq ora "İran" və "İsfahan" sözlərinin yazılması məqsədilə toxucu və istehsalçılara təzyiq edir. Bu baxımdan şüşələrin üzərinə kürdlərin "Kürdüstan, Bukan" yazdırması, habelə "kürdkola" adlı içki buraxmasına Tehran hakimiyyətinin "dözümü" şübhəlidir. Axı İran hakimiyyəti ölkədə istehsal olunan eyni tərkibli içkinin "Koka-kola" adlandırılmasını yasaqlayıb. İslam Respublikasında istehsal edilən həmin tərkibli içkiyə "Nüşabə" deyilir. O biri tərəfdən isə dünyada "Kürdüstan" adlı dövlət yoxdur. Bu halda həmin içkinin istehsalı ilə məşğul olanlar həm də İranın inzibati-ərazi vahidini təhrif edirlər. Belə çıxır ki, Tehran hakimiyyətinin başı bərk qarışıqdır və o, ölkə daxilindəki bu sayaq məsələlərə artıq nəzarət edə bilmir...

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar