SON XƏBƏRLƏR

İndi top Qərbdədir... . Amerikalı ekspert: "ABŞ və Avropa Azərbaycan kimi vacib dəhlizi itirmək istəmirlərsə, Bakıya möhkəm təhlükəsizlik təminatı verməlidirlər"

2021.10.20, 07:36
İndi top Qərbdədir... . Amerikalı ekspert: "ABŞ və Avropa Azərbaycan kimi vacib dəhlizi itirmək istəmirlərsə, Bakıya möhkəm təhlükəsizlik təminatı verməlidirlər"

Gunaz.tv
İndi top Qərbdədir... Amerikalı ekspert: "ABŞ və Avropa Azərbaycan kimi vacib dəhlizi itirmək istəmirlərsə, Bakıya möhkəm təhlükəsizlik təminatı verməlidirlər" "Azərbaycan çətin geosiyasi dilemma qarşısındadır". Bu barədə nufuzlu Con Hopkins universitetinin Mərkəzi Asiya və Qafqaz institutunun proqram direktoru Svante Kornell bildirib. Vaşinqtonda "Gürcüstan-Rusiya müharibəsinin Amerika və Avropa üçün nəticələri" mövzusunda keçirilən konfransda çıxış edən amerikalı ekspert bildirib:"Azərbaycan Qərb üçün regionda hər şey edib, ola bilsin ki, gərəyindən da artığını edib. Buna görə Qərb ona təşəkkür etməlidir. Azərbaycan Rusiya və Qərb arasında qalıb və əlbəttə ki, o, uzun müddət bu vəziyyətdə qala bilməz". Ekspertin sözlərinə görə, "güc mərkəzləri"nin rəqabəti fonunda balanslaşdırılmış siyasət yürüdən Bakı geosiyasi seçimini etməkdə çətinlik çəkir: ölkə nə tam şəkildə Moskvaya arxalana bilir və nə də Qərbdən möhkəm qarantiya ala bilir:"İndi top Qərbdədir. Əgər Amerika və Avropa ölkələri Azərbaycan kimi vacib dəhlizi itirmək istəmirlərsə, qəti hərəkətə keçməlidirlər. Qərb Bakıya siqnal verməlidir ki, onunladır. Başlıcası, Qərb Azərbaycana Qarabağ münaqişəsinin nizamlanmasında kömək etməli və onun təhlükəsizliyi üçün möhkəm təminat verməlidir"... Cənubi Qafqazın nüfuz savaşı meydanına çevrildiyi bir vaxtda Azərbaycanın balans siyasətini saxlaması çətinləşir, tam təminat isə yoxdur. Hələliksə ortalıqda qarantiya əvəzinə, yalnız dəstək bəyanat və mesajları var. Məsələn, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Metyu Brayza srağagün Bakıda dəstəyi dəstəyə calamış, necə deyərlər, "suyunu çıxarmışdı". Təbii ki, bəyanatla təminat, strateji müttəfiqlik olmur. Bunun arxasında nəsə durmalı, ən azı hansısa sənəd imzalanmalıdır. Əks halda, Gürcüstanın başına gələnlər gözümüz önündədir. Digər tərəfdən, Moskva da bizi duyuq salmamağa çalışır. "Rusiyanın Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıması Dağlıq Qarabağ və Dnestryanı üçün presedent yaratmır",-Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib. Bununla belə, ABŞ liderlərinin son sərt açıqlamalarından belə görünür ki, Vaşinqtonun geri çəkilmək fikri yoxdur. "Biz Rusiyanın suveren ölkələrə və xalqların daxili işlərinə istənilən müdaxilə cəhdlərinə müqavimət göstərəcəyik... Moskvanın öz mövqeyini Qərb ölkələrinə sırımasına imkan verilməyəcək",-deyə ABŞ-ın dövlət katibi Kondoliza Rays bildirib (Raysın açıqlamalarını qəzetimizin 16-cı səhifəsində oxuya bilərsiniz). Şübhəsiz ki, Raysın sərt bəyanatını ciddi qəbul etmək lazımdır, bir qayda olaraq bu tipli mesajlardan sonra amerikanlar qəti hərəkətə keçirlər. "Əgər Rusiyadakı maliyyə çaxnaşmasının arxasında, doğrudan da, ABŞ dayanırsa, hesab etmək olar ki, amerikanlar artıq fəaliyyətə başlayıblar. Bəzi KİV-də gedən xəbərlərə görə, ABŞ Gürcüstanda öz bazalarını yaratmaq niyyətindədir. Əgər bu xəbər də doğrudursa, onda Rusiya buna yeni çağırışla cavab verməlidir",-deyə rusiyalı politoloq Aleksandr Duqin "1news.az"a bildirib. Belə görünür ki, regiondakı gərginlik azalmaq əvəzinə daha da dərinləşməyə meyllidir. ABŞ və Avropa Cənubi Qafqazdan istədiyini almayınca sakitləşməyəcək, Moskvanı regiondan sıxışdırmaq cəhdlərini davam etdirəcək. Rusiya isə Qafqazın bu tayından sıxışdırılsa belə, o tayında mövcud olaraq qalacaq. Bəlkə nə vaxtsa, politoloq Vəfa Quluzadənin ümid etdiyi kimi, Vaşinqton Rusiyada milli-azadlıq hərəkatlarına rəvac verəcək, ölkə parçalanacaq və s. Lakin Rusiya hələ ki şimal sərhədlərimizdə və Ermənistanda mövcudluğunu saxlamaqdadır. Odur ki, Azərbaycan Qərbdən təhlükəsizliyinə möhkəm təminat almasa, geosiyasi dilemma qarşısında seçim etməyə tələsməyəcək... X.Rüstəm express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar