SON XƏBƏRLƏR

Avropa İnsan Haqları Məhkəməsi güneyli soydaşlarımızın müraciətinə baxmır_ Vahid Qarabağlı:

2021.10.20, 07:36
Avropa İnsan Haqları Məhkəməsi güneyli soydaşlarımızın müraciətinə baxmır_ Vahid Qarabağlı:

Gunaz.tv
Avropa İnsan Haqları Məhkəməsi güneyli soydaşlarımızın müraciətinə baxmır Vahid Qarabağlı: "Buna görə də İranın fars rejimi heç zaman insan haqlarına sayğıyla yanaşmır" Turqut Sentyabrın 10-da İranın paytaxtı Tehran şəhərində iftar məclisində Güney Azərbaycan Milli Hərəkatının 20-yə yaxın tanınmış milli fəalı həbs edilib. Azərbaycan türkləri Ovçu Qoşaçaylının (Səyyad Məhəmmədian) Nəvvab küçəsindəki evinə oruclarını açmaq üçün yığışıblarmış. "Ettelaat" əməkdaşları iftar vaxtından əvvəl evə basqın edərək milli fəalları tutub naməlum istiqamətə aparıblar. İran təhlükəsizlik qüvvələri Ovçu Qoşaçaylıya məxsus mənzildə axtarış həyata keçirib və bəzi texniki avadanlıqları da özlərilə götürüblər. "Ettelaat" əməkdaşlarının həbs etdiyi milli fəallar "Yaşmaq" jurnalının baş redaktoru Səid Muğanlı, bir ilə yaxındır nəşrinə qadağa qoyulmuş "Dilmanc" jurnalının baş redaktor və imtiyaz sahibi, jurnalist və yazar, Azərbaycan türkcəsi və folkloru müəllimi, mühəndis Əlirza Sərrafi, "Ulus" tələbə dərgisinin baş redaktoru Hüseyn Heydəri, Azərbaycan türkcəsi müəllimi və şair Mehdi Nəimi Ərdəbili, "Varlıq" jurnalının yazarları Əkbər Azad və Həsən Raşidi, mühəndis Məhəmməd Abbaspur, Şahbaz İbrahimzadə, Yusif Huşyar, Fərhad Rzayi, xanım Rübab Əzimi Gərgəri, Səyyad Məhəmmədian, Abbas Nəimi Xoylu, Azərbaycan Gənclər Evinin keçmiş sədri, şair Əkrəm Nəccari Givi (Abbas Nəiminin həyat yoldaşı) və hazırda Yəzd həbsxanasında saxlanılan hərəkatçı Abbas Lisaninin həyat yoldaşı Rüqəyya Əlizadə və üç övladı Sevda, Atila və Oxtay Lisanidir. İranda Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyasının (ADAPP) sözçüsü Vahid Qarabağlı bildirib ki, İran dövləti dildə müsəlman ölkəsi olduğunu, islamı təbliğ etdiyini deyir. Ancaq iftar süfrəsinə toplaşan insanları heç bir səbəb olmadan həbsxanalara aparır. Heç onlara oruclarını açmağa da imkan verilmir: "Heç bir günahı olmayan insanların, xüsusən qadınların, uşaqların həbsxanaya salınması, onların ailələrilə əlaqə yaratmalarına imkan verilməməsi həm beynəlxalq, həm də İran dövlətinin qanunlarının kobud şəkildə pozulmasıdır". Bu arada həbs edilənlərdən bir neçəsinin ailəsi yaxınlarının tutulması xəbərini iftar mərasiminə qatılan, ancaq "Ettelaat"ın gözlənilməz hücumu zamanı evdən çıxmağı bacaran bir şəxsdən aldıqlarını vurğulayıblar. Ancaq onlar qohumlarının harada, hansı şəraitdə saxlanılması, onlara hansı ittihamın irəli sürülməsi barədə heç bir məlumat ala bilməyiblər. Adının çəkilməsini istəməyən xarici dövlətlərdən birində təhsil alan güneyli tələbə atasının birinci dəfə həbs olunmadığını söyləyib: "Beynəlxalq birliyin İrana təsir imkanlarının olmaması rəsmi Tehrana insan haqlarını istədiyi kimi pozmağa imkan verir. İki il əvvəl də atamı tutmuşdular. Mən təzyiqlərlə üzləşəcəyimdən ehtiyatlanıb İrana gedə bilmədim. Qardaşım işdən ayrılmaq məcburiyyətində qaldı. Hər anlamda bizim ailəyə basqı göstərildi. O zaman Avropa İnsan Haqları Məhkəməsinə müraciət etdik. Ordan bildirdilər ki, İran Avropa İnsan Haqları Konvensiyasının yurisdiksiyasında olmadığından bizim müraciətimizə baxa bilməyəcəklər. Ona görə də İran heç zaman insan haqlarına sayğıyla yanaşmır". Bu arada Abbas Lisaninin həyat yoldaşı Rüqəyya Əlizadə və onun övladları Sevda, Atilla və Oxtay Lisani dünən səhərə yaxın sərbəst buraxılıblar. Ancaq yerdə qalan soydaşlarımızın taleyi barədə isə hələ məlumat yoxdur. Qeyd edək ki, Kərəc şəhərində yaşayan azərbaycanlı hüquq müdafiəçisi Həsən Rəhimi Bayatın da Tehrandakı iftar süfrəsində həbs olunduğu barədə məlumat verilmişdi. Ancaq onu elə həmin gün "Ettelaat" əməkdaşları Kərəc şəhərində yaxalayıb. Çünki Həsən Rəhimi Bayat son iki ayda tutulan azərbaycanlı tələbələr haqqında məruzələr hazırlayaraq "Azadlıq radiosu" ("Fərda") və "Amerikanın Səsi" televiziyasının fars bölmələrinə müsahibə vermişdi. Mühəndis Həsən Rəhimi Bayat Güney Azərbaycanın Miyana şəhərindədir, ancaq hazırda Kərəc şəhərində yaşayır. Xatırladaq ki, mühəndis Həsən Raşidi və Əkbər Azad "Keyhan-i Həvayi" qəzeti tərəfindən nəşr edilən "Yol" dərgisi, "Yarpaq", "Nəvid-i Azərbaycan" və "Umid-e Zəncan" kimi qəzetlərin də yazarlarından olub. Onlar Azərbaycan uşaqları üçün müxtəlif proqramlar hazırlayan "Çiçəklər Quruluşu"nun təsisçiləridirlər. 55 yaşlı Həsən Raşidi "Dilimizin sadə qrammatikası" və "Türk dili və onun İrandakı mövqeyi" fars dilində çap olunmuş kitabların müəllifidir. Həsən Raşidi may hadisələrindən sonra 3 aya yaxın həbsdə saxlanılıb və girov müqabilində azadlığına qovuşub. "Firəngiz ilə Qırmızı Don" (uşaqlar üçün) kitabının müəllifi Əkbər Azad isə 2004-cü ilin iyulunda Azərbaycan türklərinin Bəzz qalasına yürüşündə iştirak etdiyi üçün gözaltına alınıb, 67 gün Əhər, Təbriz və Tehranda "Ettelaat" əməkdaşları tərəfindən işgəncəyə məruz qalaraq sorğu-suala çəkilib. O, girov müqabilində sərbəst buraxıldıqdan sonra bir il həbs cəzasına məhkum edilsə də, Apellyasiya Məhkəməsi onun cəzasını 4 aya endirib. Bunu da çəkmək üçün 2006-cı ilin oktyabrında Əhər həbsxanasına göndərilib. "Yarpaq" qəzetinin sabiq redaktoru, şair və jurnalist Səid Muğanlı (Məhəmmədi) 2002-ci ilin dekabr və 2004-cü ilin aprel aylarında gözaltına alınaraq həftələrlə sorğu-suala çəkilib. O, son aylarda Güney Azərbaycan şairləri arasında media vasitəsilə keçirilmiş "Qızıl Alma" şeir festivalının birincisi olub. Tehran şəhərində yaşayan Ovçu Qoşaçaylı (Miyandab) 2003-cü ilin dekabrında həbs olunub və 2 həftəyə yaxın "Ettelaat"ın təcridxanasında saxlanılmışdı. Mehdi Nəimi Ərdəbili 2005-ci ilin aprelində tutulub və 12 günlük həbsdən sonra girov müqabilində sərbəst buraxılıb. xalqcebhesi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar