SON XƏBƏRLƏR

Sarkisyan Güllə danışıqları Rusiyanın icazəsilə aparır

2021.10.20, 07:36
Sarkisyan Güllə danışıqları Rusiyanın icazəsilə aparır

Gunaz.tv
"Sarkisyan Güllə danışıqları Rusiyanın icazəsilə aparır" Qafar Çaxmaqlı: "Türkiyə Ermənistanı xilas etməklə Azərbaycana böyük zərbələr vuracaq" Türkiyə prezidenti Abdulla Gülün Ermənistana məlum səfəri istər Azərbaycanda, istərsə də Türkiyədə birmənalı qarşılanmadı. Bəzilərinə görə, bu səfər Ermənistanı düşdüyü hazırkı vəziyyətdən xilas etməyə hesablanıb. Azərbaycanda Ermənişünaslıq Mərkəzinin rəhbəri, Müstəqi Araşdırmaçı Jurnalistlər Birliyinin sədri Qafar Çaxmaqlı da "Ekspress"ə müsahibəsində Türkiyə hökumətinin səhv yolda olduğunu bildirib. - Erməni mətbuatını və televiziyalarını izləyən bir şəxs kimi deyə bilərsinizmi Türkiyə prezidentinin səfəri barədə Ermənistan siyasiləri və mətbuatı nə düşünürlər? - Abdulla Gülün Ermənistana səfəri sadəcə olaraq onun öz istəyi ilə və ya Sarkisyanın dəvətilə bağlı deyil. Fikirləşirəm ki, bu əvvəlcədən başqa dövlətlərin də təzyiqi, təsirilə olan bir məsələdir. Qeyd etmək lazımdır ki, son dövrlərdə Ermənistan çox pis vəziyyətə düşmüşdü, ağır iqtisadi durumu get-gedə dərinləşirdi. Çünki Rusiya-Gürcüstan müharibəsindən sonra Ermənistanın vəziyyəti daha da gərginləşmişdi. Ona görə böyük dövlətlər, içi Rusiya qarışıq Ermənistanı bu ağır vəziyyətdən xilas etmək üçün vasitələr axtarırdılar. Təəssüf edirəm ki, bu vasitələrdən biri kimi Türkiyəni seçdilər və Türkiyənin vasitəsilə indi Ermənistanı xilas etməyə çalışırlar... - Ərdoğanın Moskva səfərini nəzərə alsaq bu məsələdə daha çox Rusiyanın maraqlı olduğunu demək olarmı? - Rusiya da maraqlıdır, ABŞ da buna önəm verir. Yəni bütün bu səfərlər, get-gəllər gələcəkdə də olacaq. İndi Serj Sarkisyan da Türkiyəyə dəvət olunacaq. Bunlar hamısı ona xidmət edir ki, Ermənistanı xilas etsinlər. Bu Azərbaycan dövlətinin, türk dünyasının milli maraqlarına xidmət edən məsələ deyil. Gülün səfəri Ermənistanda belə qarşılanır ki, biz bu siyasi gəlişmələrdən nə qopara bilərik. Hətta Sarkisyan müsahibələrinin birində Gülün Ermənistana heç bir tələb irəli sürmədiyini bildirib. Bir məqamı da vurğulamaq lazımdır ki, türk diplomatlarına qarşı dünyanın hər yerində terror edənlərin bir çoxları indi Ermənistanda milli qəhrəman kimi yaşıyıb kef edirlər və Ermənistan da onları mühafizə edir. Bu Türkiyə üçün prinsipial məsələdir. Hətta bu bir təhqir idi ki, türklərə qarşı bir neçə yerdə terror əməli törətmiş Karapesyanın adı da şərəf tribunasında futbolu izləyənlər arasındaydı. Düzdür, sonradan təsbit etdilər ki, Karapesyan burda oturmamalıdır. Onda sual yaranır; Karapesyan terroristdirsə, bəs Sarkisyan, Köçəryan kimdir? Bunlar Xocalıda, Dağlıq Qarabağın müxtəlif yerlərində terror törətməklə məşğul olan adamlardır. Əslində Abdulla Gül Ermənistanda terrorçuyla görüşüb və Türkiyə Ermənistanla danışıqlar aparanda gərək onların terrorrçu hərəkətlərini ortaya qoyaydı. Deməliydi ki, sən terror törətmisən, mən sənə güzəşt edirəm, gəl müəyyən məsələlər üzrə danışıqlar aparaq. Təəssüf ki, həm Türkiyə, həm də Azərbaycan tərəfdən bu məsələlərə heç bir təpki yoxdur. Ermənilər bu məsələdə də türklər demiş, heç bir taviz (güzəşt - red.) vermədən yenə də müəyyən şeylərə nail olacaqlar. Bunların əsas məqsədlərindən biri ondan ibarətdir ki, Ermənistan xilas olsun. - Dediniz ki, Sarksiyan müsahibəsində deyib ki, Abdulla Gül Ermənistana heç bir tələb irəli sürməyib. Amma Gül Bakıya gələndə bildirdi ki, Sarkisyanla Dağlıq Qarabağ məsələsilə bağlı söhbəti olub və erməni ordusunun Qarabağdan çıxması ilə bağlı müəyyən ümidverici məqamlar var. Prezidentlərin bu fikirləri nədən xəbər verir? - Ermənistanda Dağlıq Qarabağla bağlı aydın, xalqın da bildiyi və danışıqlar prosesindən xəbərdar olduqları birmənalı siyasət var. Yəni qondarma Dağlıq Qarabağ Respublikası ya Ermənistana birləşdirilməlidir, ya da müstəqil olmalıdır. İndi gah deyirlər Dağlıq Qarabağdan başqa 7 rayonu verirəm, gah deyir 5-ni, 4-nü verirəm, Kəlbəcəri vermirəm. Kəlbəcər elə Dağlıq Qarabağın ərazisinə bərabər bir rayondu. Ermənistan burda da oyun oynayacaq. Mən bu danışıqlardan heç bir şey gözləmirəm. Sadəcə olaraq Ermənistan vəziyyətdən çıxmaq üçün ola bilər ki, gələcək danışıqlarda müəyyən güzəştlər etsin. Deyə bilər ki, 5 rayondan çıxıram. Amma ermənilərin Dağlıq Qarabağı bizə vermək fikirləri yoxdur və bizim də onu almaq gücümüz demək olar ki, yoxdur. - Alternativ variantlar varmı? - Dağlıq Qarabağı almaq üçün bizim alternativ variantlarımız varıydı və onun biri də müharibə yolu idi. Mən bu barədə müəyyən fikrə gəlmişəm ki, artıq müharibə variantına heç cür imkan verilməyəcək. Çünki regionda Rusiya-Gürcüstan-Cənubi Osetiya-Abxaziya məsələlərində artıq Rusiya iradəsini birmənalı şəkildə ortaya qoydu ki, Dağlıq Qarabağ güc vasitəsilə həll olunmayacaq. Yəni sabah Azərbaycan məsələni güc yoluyla həll etməyə qalxsa, onda qarşısında Rusiyanı görəcək. Çünki Ermənistanla Rusiya arasında məlum müqavilələr var, Ermənistanda Rusiyanın ordusu var və birmənalı şəkildə Azərbaycanın güc işlətməsinə imkan verilməyəcək. Dağlıq Qarabağın açarı Rusiyadadır və Rusiya Ermənistanı yola gətirsə, bu rayonları azad edəcək. Yola gətirməsə, Ermənistan kimdir ki, rayon versin, ya müəyyən müqavilələrə imza atsın. Ermənistan yenə də Abdulla Güllə danışıqları Rusiyanın icazəsilə aparır. Ermənistan müstəqil siyasət yürütmək gücündə deyil. - Sarkisyan-Gül danışıqlarının Rusiyanın icazəsilə aparıldığını deyirsiniz. Türkiyə XİN-də işləmiş bir şəxs kimi deyə bilərsinizmi ki, ümumiyyətlə türk diplomatları Türkiyə-Ermənistan məsələsində nə düşünür? Sizcə, Ermənistan-Türkiyə sərhədinin açılması Azərbaycanın maraqlarına zərbə vurmayacaqmı? - Türkiyənin Ermənistanla 300 km sərhədi var və bu sərhədlər qapalı vəziyyətdədir. Türkiyənin özündə də müəyyən fikir var ki, bu sərhədlər nə vaxta qədər belə qala bilər, qonşularla müəyyən münasibətlər olsun. Amma əlaqələr də qurulsun, bu dostluq da olsun, amma, bu Azərbaycanın, türk dünyasının milli maraqlarını qurban verməklə ola bilməz. Düşünürəm ki, Türkiyə Ermənistanı xilas etməklə Azərbaycana çox böyük zərbələr vuracaq. Ermənistan bu vəziyyətdən çıxsa, Türkiyə sərhədləri açsa, gələcəkdə Azərbaycan çox pis vəziyyətə düşəcək... Şübhəsiz ki, Sarkisyan-Gül danışıqlarında Ermənistanın əsas məqsədi odur ki, sərhdləri açılsın. Avropa Birliyi də, ABŞ da istəyir ki, Türkiyə Ermənistanla sərhədləri açsın. Türkiyənin Avropa Birliyinə yolunda da əsas maneə Ermənistanla sərhədlərin açılmasıdır. Mənə elə gilir ki, Türkiyə də buna getmək istəyir. Son nəticədə ola bilər ki, Gümrü-Qars dəmir yolu da, quru yollar da açılsın və Türkiyə-Ermənistan arasında diplomatik münasibətlər qurulsun. Amma bu nəyin hesabına ola bilər, bunu mən təsəvür edə bilmirəm. Biz nə əldə edirik? Bu regionda Ermənistanı kısıbçılaqdan, iqtisadi tənəzzül xilas etməklə nəyə nail olacağıq? Bu dövlə Azərbaycan torpaqlarını işğal edib, Türkiyəyə qarşı düşmənçilik siyasətini bütün dünya səviyyəsində aparır, amma, biz ona yardımlar edirik. Aqil ASLAN express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar