SON XƏBƏRLƏR

Güneyli soydaşımıza divan tutulur

2021.10.20, 07:36
Güneyli soydaşımıza divan tutulur

Gunaz.tv
Güneyli soydaşımıza divan tutulur Turqut Güney Azərbaycan Milli Hərəkatının fəallarından olan mühəndis Dariyuş (Elçin) Hatəmidən iki aydır heç bir xəbər yoxdur. İndiyədək milli fəal bir dəfə də olsun ailəsi və yaxınlarıyla telefon əlaqəsi saxlamayıb. Bu baxımdan onun durumu haqqında və hansı vəziyyətdə olduğundan heç bir dəqiq xəbər yoxdur. Bu da ailəsinin narahatlığına səbəb olub. Hətta Təbriz İnqilab Məhkəməsində onun işini aparan müstəntiq də milli fəalın vəziyyətindən xəbərsiz olduğunu bildirib. Onun saxlanıldığı yer və ona qarşı irəli sürülən ittihamlar da bəlli deyil. Xatırladaq ki, "Ettelaat" əməkdaşları Dariyuş Hatəmini iki ay əvvəl Təbriz şəhərində həbs edib. Milli fəal həbs olunanadək İran orudusunda xidmət edirdi və leytenant rütbəsinə layiq görülmüşdü. Milli fəalliyyətlərinə görə dəfələrlə həbs edilən soydaşımız 4 ay Kəleybər həbsxanasında saxlanılmış və 27 gün "Ettelaat"ın Şəbüstər şəhərindəki təcridxanasında ağır işgəncəyə məruz qoyulub. Hazırda "Ettelaat"ın hansısa bir təcridxanasında saxlanıldığı ehtimal olunan Dariyuş Hatəminin leytenant rütbəsinin əlindən alınması üçün hərbi məhkəməyə veriləcəyi, 6 ay həbs cəzası və əsgərlik müddətinin uzadılacağı gözlənilir. Qeyd edək ki, qardaşının vəziyyətilə maraqlandığı üçün Şahrux Hatəmi də tutulmuş, 17 gün "Ettelaat"ın təcridxanasında saxlanıldıqdan sonra 50 min ABŞ dolları girov müqabilində müvəqqəti azadlığa buraxılmışdı. Bu arada Güney Azərbaycan Milli Hərəkatının fəalı Firidun Mehdipur 7 aylıq həbsdən sonra sentyabrın 7-də Urmiya həbsxanasından azadlığa buraxılıb. Bundan əlavə, sentyabrın 10-da İranın paytaxtı Tehran şəhərində Ovçu Qoşaçaylının Həvvab küçəsindəki evindəki iftar məclisində həbs olunmuş 20-yə yaxın milli fəalın daha üçü girov müqabilində azadlığa buraxılıb. Bunlar Məhəmməd Abbaspur, Yusif Huşyar və Şahbaz İbrahimzadədir. Hazırda Əlirza Sərrafi, Həsən Raşidi, Əkbər Azad, Səid Muğanlı, Abbas Nəimi, Mehdi Nəimi, Səyyad Məhəmmədian, Həsən Rəhimi və Hüseyn Heydəri Tehrandakı Evin həbsxanasında təkadamlıq kameralarda saxlanılırlar. Sentyabrın 14-də milli fəalların ailələri Tehran İnqilab Məhkəməsinə müraciət edərək, həbs olunanların ittihamı və saxlandıqları yerdən məlumat əldə etmək istəyiblər. Məhkəmədən bildirilib ki, onların istintaqı ən azı 10-15 gün sürəcək. Eyni zamanda xarici və daxili kütləvi informasiya vasitələrinə milli fəallar barəsində heç bir məlumat verməməsi üçün onlara xəbərdarlıq edilib. Xatırladaq ki, bundan əvvəl həbs olunanlardan tanınmış hərəkatçı Abbas Lisanin həyat yoldaşı Rüqəyya Əlizadə və 3 övladı azadlığa buraxılmışdı. Bu arada daha bir milli fəal - 35 yaşlı Əli Sədiqi sentyabrın 10-da Təbrizdə iş yerində həbs edilərək naməlum istiqamətə aparılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar