SON XƏBƏRLƏR

BİR ZAMAN FARSLAŞDIRILAN TORPAQLARIMIZ İNDİ DƏ KÜRDLƏŞDİRİLİR_Tehran Qərbi Azərbaycan rayonlarını Kürdüstan əyalətinə tabe etdirir

2021.10.20, 07:36
BİR ZAMAN FARSLAŞDIRILAN TORPAQLARIMIZ İNDİ DƏ KÜRDLƏŞDİRİLİR_Tehran Qərbi Azərbaycan rayonlarını Kürdüstan əyalətinə tabe etdirir

Gunaz.tv
35731_1 BİR ZAMAN FARSLAŞDIRILAN TORPAQLARIMIZ İNDİ DƏ KÜRDLƏŞDİRİLİR Tehran Qərbi Azərbaycan rayonlarını Kürdüstan əyalətinə tabe etdirir S.SƏDRƏDDİN Rusiyanın Gürcüstana təcavüzü bir daha sübut etdi ki, bir sıra etnik qruplar saxta və gerçəkləşməsi mümkün olmayan tələblərlə çıxış etməklə supergüclərin əlində oyuncaqdan başqa bir nəsnə olmadıqlarını göstərirlər. İraqda da sabitliyin yaranmasını əngəlləyən məsələlərdən biri bu ölkədəki kürd etnik qrupuna başçılıq edən siyasilərin gerçəkliklə barışmaması, daha doğrusu, qonşu dövlətlərə ərazi iddiası ilə çıxış etməsidir. İraqdakı türklərin torpaqlarını mənimsəməyə çalışan bu etnik qrupun təmsilçiləri Güney Azərbaycan torpaqlarına da göz dikib, ermənisayaq davranmağa çalışırlar. Belə iddiaların və yalanların ayaq açıb yeriməsinə, təbii ki, ilk növbədə türk düşmənləri yardım edirlər. "Baybak"ın məlumatına görə, Güney Azərbaycanın Nəğədə (əsl adı Sulduzdur) şəhərinin əhalisi İran hakimiyyətinə müraciət ünvanlayıb. Həmin sənəd Əli Xalxali adlı sakin tərəfindən yazılıb və onu minlərlə sulduzlu imzalayıb. Mənbə xatırladıb ki, bir müddət öncə İslam Respublikası prezidentinin müavini İsfəndiyar Rəhim Məşai Kürdüstan əyalətinə səfəri zamanı Qərbi Azərbaycan əyalətindəki bəzi rayonların kürdlərə "aid olduğunu" iddia edib. Tehranın həmin rəsmisi bir az da uzağa gedərək, bütövlükdə Azərbaycanın bu əyalətinin "sahiblərinin kürdlər olduğunu" söyləyib. O, Sənəndəc şəhərində keçirilən və İraq kürdlərinin də qatıldıqları həmin toplantıda tarixi təhrif edərək "Qərbi Azərbaycan kürdlərindir" ifadəsini işlədib, beləliklə, bu etnik qrupun savaşçı, vətənsevər olduğunu bildirməklə kürdləri Azərbaycan türklərinə qarşı qoyub. R.Məşainin bu hədyanlarına qarşı yerli məsullar da çıxış ediblər. Ancaq onlar da etirazlarında "türk milləti" ifadəsini işlətməkdən çəkiniblər. Çünki bu ölkədə Azərbaycan türklərinə xitabən rəsmi olaraq "İranın türk tayfası" və ya "azəri dillilər" ifadəsi işlədilir. Ötən gün Güney Azərbaycanın Urmiya şəhərindən olan deputat Nadir Qazipur deyib: "Azərbaycan danılmaz şəkildə İranın türk tayfasına aiddir. Bu bölgəni kürdlərə aid etmək əslində qonşular arasında savaş salmaqdır. Bunu təhlükəsizliyə qarşı atılan addım kimi də dəyərləndirmək olar". Məşainin "İsrail xalqı ilə İran xalqının dost olması" barədə çıxışına toxunan deputat deyib: "Ölkənin ərazi bütövlüyünə toxunan, tayfalar arasında qarşıdurma yaradan hökumət təmsilçisi belə bəyanat verdiyinə görə nəzarətdə saxlanılmalıdır". N.Qazipur məsələnin gündəliyə çıxarılmasını təklif edib. Parlamentin sədri Əli Laricani bu çıxışı "gəlişigözəl söz" adlandıraraq onun gündəliyə çıxarılmasını lazımsız bilib və buna görə azərbaycanlı deputatı qınayıb. Xatırladaq ki, M.Əhmədinijatın "İsrail dünya xəritəsindən silinməlidir" kimi ifadəsini müavini İsfəndiyar Rəhim Məşai "İran İsrail və Amerika xalqı ilə dostluq etmək istəyir" ilə əvəzləməyə başlayıb. "Dünyanın heç bir dövləti bizə düşmən deyil. ABŞ və İsrail İranın dostudur və bu dövlətlərə biz hörmət edirik. Hesab edir ki, amerikalılar dünyanın ən dahi millətlərindəndir", - deyə prezident müavini söyləyib. Prezident müavininin "İsrailyönlü" bəyanatı hakim dairələrdə ciddi müzakirə olunub. Məclisin 200 üzvü prezident Əhmədinijata müraciət qəbul edib. Onlar hökumət başçısını bu məsələyə tam ciddi yanaşmağa, "qiyamçı" müavini işdən azad etməyə çağırıblar: "Xarici siyasətə cavabdeh olan cənab Məşainin ölkəmizi abırsız edən belə bir bəyanat verməyə haqqı çatmır. Milyonlarla fələstinlinin evini dağıtmış təcavüzkarla dostluq barəsində danışmağa ixtiyarı yoxdur. O bu bəyanatı ilə xalqı hara çağırdığından xəbərsizdir. Belə adamlar qanunsuz sionist rejiminin formalaşmasına imkan veriblər. Biz "İsrail" adlı bir dövlət tanımırıq. "İsrail xalqı" haqqında eşitmək də istəmirik". Düzdür, bu bəyanatına Rəhim Məşai sonradan aydınlıq gətirərək bildirmişdi ki, o, "İsrail" dedikdə "fələstinliləri və Fələstində anadan olmuş israilliləri" nəzərdə tutub. Bununla belə onun məsələni təkzib etməsi ictimaiyyət üçün yetərli sayılmayıb. İndi hakimiyyət təmsilçisinin Kürdüstandakı sərsəm çıxışını kürdlərə aid qruplar əllərində "bayraq" edərək çeşidli mətbu orqanları və informasiya agentliklərində yayıblar. Sulduz əhalisinin sözügedən müraciətində bildirilib ki, Azərbaycanın hər bir bölgəsi və kəndi türkündür. Bu, min illərin tarixində də təsbit olunub. Sulduzlular bildiriblər ki, Tehran hakimiyyəti və fars şovinistlərinin tarixi təhrif etməsi nəticəsində son zamanlar ortaya bəzi "kitablar" çıxıb. Bu "kitab"larda Qərbi Azərbaycan bölgəsinin milli kimliyini dəyişdirməyə səy göstərilir. Oxşar addımı həmin qruplar İraqda da həyata keçirirlər. Kərkük və Ərbilin kürdləşdirilməsi cəhdləri buna sübutdur. Qeyd edək ki, çar Rusiyası və sovetlər dönəmində də Azərbaycan türklərinin dədə-baba torpaqlarının özgələşdirilməsi nəticəsində Qarabağın işğalı kimi problem ortaya çıxdı. Tehran hakimiyyəti son illər əyalətləri bir-birindən asılı vəziyyətdə qoymaq taktikasını seçib. Bununla o, keçmiş SSRİ-nin müttəfiq respublikaları bir-birinə bağlamaq siyasətini yürütməyə çalışır. Müraciət müəllifləri Sulduzdakı bankların Mahabaddakı (əsl adı Soyuqbulaqdır) uyğun maliyyə qurumlarının tabeliyinə verilməsinə də etiraz ediblər. Mənbənin bildirdiyinə görə, Soyuqbulaq bir türk şəhəridir. Amma uzun illər fars şovinizmi və Tehran hakimiyyəti buranın etnik tərkibini dəyişməyə çalışıb, yerli türkləri isə assimilyasiya edib. Bu şəhər 1945-ci ildə Azərbaycan Milli Hökuməti tərəfindən kürdlərə verilib. Anlaşmada Soyuqbulağın türk əhalisinin Kürdüstanda muxtar hüququnun tanınması da yer almışdı. Ancaq sonradan bu şəhər Mahabad adlandırıldı. Tehran hakimiyyəti təmsilçilərinin çıxışı və baş verənlərə göz yumması onu göstərir ki, kürdlər şəhəri mənimsəyərək Azərbaycan türklərinin başqa rayonlarını da ələ keçirmək istəyirlər. Xatırladaq ki, Sulduz şəhərinin bankları əvvəllər birbaşa Tehrana tabe idi. Ancaq bu yaxınlarda hakimiyyət bu şəhərin maliyyə qurumlarının səlahiyyətlərini azaldaraq Soyuqbulağa tabe edib. Yerli müşahidəçilərin fikrincə, belə bir şərait Azərbaycan rayon və şəhərlərinin idarəetmə baxımından kürdlərin hesab olunan rayonlara tabe etdirilməsi deməkdir. Bu isə yaxın gələcəkdə Qərbi Azərbaycan əyaləti rayonlarının, eləcə də türklərin idarəetmə baxımından kürdlərdən asılı vəziyyətə düşməsi ilə nəticələnməsinə gətirib çıxaracaq. Yerli əhalini narahat edən məsələlərdən biri də Azərbaycan rayonlarının kürdlərin nəzarətinə verilməsi istiqamətində atılan addımdır. Belə bir vəziyyət isə yaxın perspektivdə Tehranın yardımı ilə kürd-türk qarşıdurmasının yaranacağından xəbər verir. Sözügedən müraciətdə Binab-Sulduz avtomobil yolunun tikilməsi də hakimiyyətdən istənilib. Mənbənin məlumatına görə, Azərbaycan bölgələrində yollar pis vəziyyətdədir. Tehran hakimiyyəti Azərbaycanı parçalamaqdadır. Bu haqda "Ayna"nın ötən saylarından birində yazmışıq. Belə ki, İran rəhbərliyi Azərbaycan adını əyalətlərin adından silmək üçün bir sıra şəhərlərə, o cümlədən Marağa, Xoy və Soyuqbulağa xüsusi status verib. Bu yolla rəsmi Tehran həmin əraziləri Azərbaycandan qopararaq bir müddət sonra ya farslaşdıracaq, ya kürdləşdirəcək. Elə yuxarıda örnək göstərdiyimiz hal - Sulduzun Soyuqbulağa tabe etdirilməsi bunu təsdiqləyən faktlardandır. Baş verənlər onu deməyə əsas verir ki, kürd siyasilərinin indiki eyforik vəziyyətindən və gerçəkləşməsi mümkün olmayan iddialarından Tehran hakimiyyəti məharətlə yararlanır. R.Məşainin dedikləri də məhz bu etnik qrupun indiki emosional halına hesablanıb. Nəzərə almaq lazımdır ki, Məşainin söylədiklərinin heç bir tarixi əsası yoxdur. Bu baxımdan prezident müavininin "İsraili dost" adlandırıb Qərbi Azərbaycan torpaqlarını kürdlərə "aid" etməsi arasında başqa mətləblərin olması da istisna edilmir... ayna

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar