SON XƏBƏRLƏR

Sarkozini saymadılar_Fransa prezidentinin İsraillə Suriya arasında sülh danışıqları başlamaq cəhdi alınmayıb

2021.10.20, 07:36
Sarkozini saymadılar_Fransa prezidentinin İsraillə Suriya arasında sülh danışıqları başlamaq cəhdi alınmayıb

Gunaz.tv
Sarkozini saymadılar Fransa prezidentinin İsraillə Suriya arasında sülh danışıqları başlamaq cəhdi alınmayıb Fransa prezidenti Nikola Sarkozinin Dəməşq missiyası uğursuz olub. Belə ki, Avropa İttifaqında liderlik edən dövlətlər, o cümlədən Fransa prezidenti rəsmi Dəməşqi İsraillə danışıqlara başlamağa inandırmağa çalışsa da, bu, baş tutmayıb. Bəlli olduğu kimi, Suriya-İsrail dialoqunda ənənəvi olaraq güclü mövqe Rusiya və ABŞ-a məxsus olub, lakin Sarkozi bu dəfə əsas vasitəçi qismində çıxış etmək istəyirdi. Suriya prezidenti isə onun ümidlərini puça çıxarıb. Bəşər Əsəd nəinki Fransanın təklifini rədd edib, həmçinin İsraillə sülh danışıqlarının vaxtını elan etməkdən imtina edib. Suriya prezidenti ötən gün keçirilən danışıqlarda bildirib ki, İsraillə növbəti danışıqlar aparmaqdan imtina edir. O, qərarını İsrail daxilindəki siyasi vəziyyəilə izah edib. Dəməşqi ehtiyatlı addım atmağa məcbur edən səbəb İsrailin Suriya ilə danışıqlar üzrə məsul şəxsi Yoram Turboviçin istefaya göndərilməsi olub. Bu şəxs həm də baş nazir Ehud Olmertin müşaviri vəzifəsində çalışıb. Bəşər Əsəd həmçinin bu ayın sonu hökumət başçısı postundan gedəcək bir şəxslə danışıqlar aparmaq istəmir. Onu da qeyd edək ki, Suriya ilə İsrail arasında danışıqların baş tutmasında vasitəçilik Türkiyəyə məxsusdur və növbəti, beşinci görüşün də İstanbulda keçirilməsi planlaşdırılmışdı. İsrail və Suriya arasında birbaşa görüş olmasa da, tərəflər öz müraciətlərini türk diplomatları vasitəsilə həyata keçirirdilər. Qeyd etmək yerinə düşər ki, Fransa son vaxtlar münaqişələrin nizamlanması prosesinə aktiv şəkildə qoşulub. Elə Rusiya ilə Gürcüstan arasında münaqişənin nizamlanması da məhz Sarkozinin vasitəçiliyi ilə baş tutub. Ekspertlərin qənaətincə, Suriyanın İsraillə danışıqlar aparmaqdan imtina etməsi təkcə İsraildəki daxili siyasi vəziyyətlə bağlı deyil. Hələ iki ay bundan öncə Bəşər Əsəd KİV-ə müsahibəsində bildirmişdi ki, danışıqlar aparmaq üçün indi heç də münasib vaxt deyil: "Bu ilk növbədə ABŞ administrasiyasında baş verəcək dəyişikliklərlə bağlıdır. Əgər yeni administrasiya sülh prosesində maraqlı olsa, bizim cavabımız müsbət olacaq". N.Sarkozi isə dünənki mətbuat konfransında təəssüf hissi keçirdiyini gizlətməyə çalışıb: "İsraildə yaranmış siyasi vəziyyət danışıqların beşinci raundunun keçirilməsinə mane olsa da, gələcəkdə sülh prosesinin baş tutacağına ümidvaram". Azər NURİYEV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar