SON XƏBƏRLƏR

Türkün erməni ilə ortaq tarixi yoxdur

2021.10.20, 07:36
Türkün erməni ilə ortaq tarixi yoxdur

Gunaz.tv
Türkün erməni ilə ortaq tarixi yoxdur Abdulla Gülün İrəvana gedəcəyi ilə bağlı yapılan açıqlama Türkiyədə olduğu kimi Azərbaycanda da birmənalı qarşılanmadı. Lent.az-ın sentyabrın 4-ü saat 00:12-də yaydığı xəbərdə Türkiyə prezidentinin mətbuat mərkəzinin rəsmi açıqlamasından aşağıdakı fikirlər də sitat kimi verilib: “Xüsusilə də Qafqaz xalqlarını əndişəyə salan hadisələrin baş verdiyi bir dönəmdə bu fürsətin bütün tərəflərinin tam şəkildə dəyərləndirilməsinin vacibliyinə inanırıq. Bu matç səbəbilə baş tutacaq bir ziyarətin bölgədə yeni bir dostluq iqliminin yaranmasına töhfə verəcəyi düşünülməkdədir. Sözügedən matçın ortaq tarixi (??? –suallar müəllifindir) olan iki xalqın yaxınlaşmasına əngəl olan ünsürlərin ortadan qaldırılmasına və yeni bir zəmin hazırlanmasına şərait yaradacağına inanılır. Bu səfərin iki ölkənin xalqlarının bir-birilərini daha yaxşı anlamaları üçün bir fürsət yaradacağına ümid edilir”. Bu açıqlamada məni düşündürən ilk fikir elə 3 sual işarəsi qoyduğum ortaq tarix fikridir. Düzü ilk dəfədir eşidirəm ki, Türkiyə türkləri ilə ermənilərin (yəni hayların) hər hansı bir ortaq tarixi var. Mən həm Azərbaycan, həm Türkiyə, həm rus-sovet və bütövlükdə Türk (qədim türklərdən günümüzə qədər) tarixi ilə necə deyərlər çoxdan-az, azdan-çox tanışam. Amma tarixin hər hansı bir dönəmində ortaq tarixə rast gəlməmişəm. Rast gəldiyim tək “ortaqlıq” ermənilərin (hayların) türklərə qarşı yalnız və yalnız xəyanəti olub. Tarixi torpaqlarımıza dövrümüzün əsasən ikinci minilliyində gələn haylar Azərbaycan və Türkiyə Türkünün himayəsində nəinki varlığını saxlaya bildi, hətta Osmanlı və digər Türk dövlətlərində iqtisadiyyatın ən gəlirli sahəsi olan ticarəti tam olaraq əlində cəmlədi. Varlanan haylar istədikləri vaxt Türk dövlətlərində iqtisadi sabotaj da yarada bilirdilər. Türk dövlətlərində yaşasalar da Avropa və Rusiya saraylarında özlərinə sahib tapan haylar Osmanlı imperiyasının çətin, əsasən də müharibə vəziyyətində olduğu vaxtlarda çörəyini yedikləri ölkəyə qarşı xəyanət mövqeyini tutublar... Bu “ortaqlıq” barədə daha sanballı yazılar tarixçilərin boynundadır. İnanıram ki, Azərbaycanın və Türkiyənin çox dəyərli tədqiqatçıları bu “ortaqlığı” araşdırıb Gül administrasiyası və Ərdoğan hökumətinin nəzərinə çatdıracaqlar. Burada bir məsələni də qeyd etmək istəyirəm. Professor Yusuf Halaçoğlunun Türk Tarix Qurumu başqanlığından çıxarılması bəlkə də haylarla “ortaq” tarixin tapılmamasının nəticəsidir. Kim bilir... Ümumiyyətlə, AKP hökumətinin apardığı siyasət müəmmalarla doludur. Bu hökumət qardaş Türkiyənin yeganə hökumətidir ki, Azərbaycanda rəğbətə malik deyil. Bu gün Türkiyədə nə baş verir? Sadəcə bir neçə məsələyə toxunaq. Bir yandan Hrant Dinkin ölümü ilə bağlı “Hamımız Hrant Dinkik”, “Hamımız erməniyik” şüarı ilə izdihamlı mitinq keçirilir. Bu mitinqin haylardan olan təşkilatçılarının məqsədi dünyanın inkişaf etmiş xristian dövlətlərinə məzlum “ilk xristian xalqın” “vəhşi” türklərlə bir yerdə yaşamasının mümkünsüzlüyünü çatdırmaq idi. Onlar öz amaclarına çatdılar. Mitinqin türklərdən olan təşkilatçıları isə elə həmin xristian dünyasına “biz xaçpərəst erməniyə (hay) yas saxlayırıq və bu qətli pisləyirik” mesajını vermək istəyirdi. Məqsədinə çatdımı? Əsla! Avropa Birliyinin Türkiyəyə qarşı tələbləri nəinki azalmadı, əksinə daha da sərtləşdi. Çünki, bu “sivil” dünya Türkiyəni, Azərbaycanı və onlarla birlikdə bütün Türk dünyasını zəif, vəhşi və geridəqalmış görmək istəyir. Və biz nə ediriksə edək onlar üçün azdır. Digər yandan hazırda Kanada sinaqoqlarının birində hahamlıqla (yəhudi keşişi) məşğul olan Tuncay Güney adlı birisinin sərsəmləməsi ilə Ergenekon (Ergenekon - Türklüyün qudsal yerlərindən biridir) adında terror örgütü uyduruldu və ardınca PKK terroruna qarşı amansız mübarizə aparan, Türklüyün keşiyində duran Türk Silahlı Qüvvətlərinin general və albayları (polkovnikləri) bu uydurma örğütün üzvü kimi tutuqlandı, Türk Cəza Qanununun 301-ci maddəsi olmasındansa olmaması daha yaxşıdır halına gətirildi və s. İndi də Abdulla Gülün İrəvana səfəri... Səfər məsələsi ortaya çıxandan Ermənistan rəsmiləri, müxalifəti, mediası və analitiklərinin sevinc hissi ilə dolu çıxış və yazıları səngimək bilmir. Düşmənlər tərəfdən bu səfərə etiraz edən qüvvələr işğal altında olan Qərbi Azərbaycan torpaqlarında yaradılmış terrorçu rejimin sabiq başçısı Robert Köçəryan və terror təşkilatı kimi tanınan Daşnaksyutundur. Hayların sevincini başa düşmək olar. Onların sevinməyə səbəbi çoxdur: Birincisi, bu səfərlə Türk qürurunu sındırırlar. İllərdir Türkiyə və Azərbaycana qarşı ərazi iddiası və qondarma erməni soyqırımı ilə dünya dövlətlərinin qapısını yağır edən hayların bircə dəvəti yetərli oldu ki, bu gün Türkiyə Respublikasına başçılıq edən Abdulla Gül onların hüzuruna getsin. Türk qürurunun sınması ilə bağlı deyilənlərə xarici işlər naziri Əli Babacan MHP-nin lideri AlpArslan Türkeşi nümunə gətirir. Belə ki, millətçi Türkeş Ter-Petrosyanla görüşüb hansısa məsələləri müzakirə edib. Olsun. Axı AlpArslan Türkeş nə Ter-Petrosyanla görüşəndə, nə ondan öncə, nə də sonra Türkiyənin prezidenti olmayıb. Futbol matçını seyr etməyə elə Çevikgöz və ya Babacanın özü də gedə bilərdi. Önəmli olanı İrəvana getmək deyil, kimin getməsindədir. İkincisi, dünyaya Türkiyə və Azərbaycan tərəfindən blokadaya alınması barədə səs salan haylar əslində, elə Türkiyə hesabına ehtiyaclarının mühüm bir hissəsini ödəyirdilər. Bu şəraiti də onlara öncə Nəcməddin Ərbakan hökuməti yaratmışdı, indi isə Ərdoğan hökuməti yaradır. Gürcüstanda yaranan durumdan sonra hayların iqtisadi durumu kifayət qədər pisləşib. İndi onlar bu səfərdən istifadə etməklə Türkiyə ilə iqtisadi əlaqələrini genişləndirmək məqsədini güdürlər. Elə Ərdoğan hökumətinin də məqsədlərindən biri budur. Üçüncüsü, haylar dünyaya göstərirlər ki, onlar sülhpərvərdirlər. Bu dəvətin arxasında hansı məkrli planların durduğunu isə bir haylar, bir haylara dəvəti zorən etdirənlər, bir də Gülü İrəvanda görmək istəyən güclər bilir. Bəs bu səfərin Türkiyəyə hər hansı bir xeyri varmı? Bu sorunun cavabını Türkiyə prezidentinin mətbuat xidmətinin açıqlamasında axtaraq. Açıqlamada deyilir: “Xüsusilə də Qafqaz xalqlarını əndişəyə salan hadisələrin baş verdiyi bir dönəmdə bu fürsətin bütün tərəflərinin tam şəkildə dəyərləndirilməsinin vacibliyinə inanırıq. Bu matç səbəbilə baş tutacaq bir ziyarətin bölgədə yeni bir dostluq iqliminin yaranmasına töhfə verəcəyi düşünülməkdədir”. Göründüyü kimi, Türkiyə hökuməti ümid edir ki, bu səfər haylarla yaxınlaşmaya, dostluq iqliminin yaradılmasına xidmət edəcək. Görəsən AKP hökuməti öz dediyinə inanırmı? AKP Kipr məsələsində Türkiyənin illərlə apardığı siyasəti necə dəyişib Kipr türklərini çıxılmaz vəziyyətə saldısa indi də bu oyunu Azərbaycanın başına açmaq istəyir. Amma AKP hökuməti buna nail ola bilməyəcək. Çünki, Azərbaycanın zirvəsi ölkəmizin maraqlarını yaxşı bilir və bu maraqları lazımi səviyyədə və daha çevik qoruya bilir. Biz bir onu deyə bilərik ki, haydan dost olmaz. Bunu tariximiz dəfələrlə sübut edib. Daha sonra açıqlamada vurğulanır ki, bu matçın “iki xalqın yaxınlaşmasına əngəl olan ünsürlərin ortadan qaldırılmasına və yeni bir zəmin hazırlanmasına şərait yaradacağına inanılır. Bu səfərin iki ölkənin xalqlarının bir-birilərini daha yaxşı anlamaları üçün bir fürsət yaradacağına ümid edilir”. Birincisi, “iki xalqın yaxınlaşmasına əngəl olan ünsürlər” deyəndə nə nəzərdə tutulur. AKP-nin ünsür adlandırdığı əsas nədənlər aşağıdakılardır: 1. hayların Türkiyəyə qarşı ərazi iddiası; 2. qondarma erməni (hay) soyqırımı; 3. Azərbaycan torpaqlarının işğalı, etnik təmizləmə və işğal altında olan torpaqların ilhaq edilməsinə cəhd. Bir matç artıq qloballaşan, tək Türkiyə və Azərbaycan üçün deyil bütün Türk dünyası üçün ölüm-dirim məsələsinə çevrilən bu qədər “ünsürü” həll edəcəkdisə çoxdan futbol oynanılardı. İkincisi, türklərlə hayların “bir-birilərini daha yaxşı anlamaları üçün bir fürsət yaradacağına ümid edilir” nə deməkdir? Abdulla Gül də, AKP hökuməti də bilməmiş deyillər ki, hətta yuxarıda sıralanan “ünsürlər” hayların xeyrinə həll edilsə belə onlar türkləri nə anlayacaq, nə də dost olacaq. Gülün səfəri Türkiyədə və Azərbaycanda da birmənalı qarşılanmadı. Bu barədə hər iki dövlətin mətbuatında kifayət qədər xəbər tipli və təhlilli yazılar oldu. Sadəcə onu qeyd edək ki, bu səfər Türkiyədə hissləri o qədər coşdurdu ki, CHP başqanı Dəniz Baykal Gülün hələ 1993-cü ildə söylədikləri ilə indiki davranışı arasında böyük fərq olduğunu bəyan edərək “O gündən bu yana nə dəyişib?... Dəyişən heç nə yoxdur. Dəyişən o zaman söylədiklərini bu gün unudan şəxsin prezident olmasıdır. Ermənistana getmişkən “soyqırım” abidəsi önünə çələng qoysun. Bununla da onu bu səfərə istiqamətləndirən və məcbur edənlərin könlünü xoş etmiş olar”, - deyib. Yeri gəlmişkən, Gül 1993-cü ildə Rifah partiyasının sədr müavini olduğu dönəmdə L.Ter-Petrosyanın Türkiyənin 8-ci prezidenti Turqut Özalın dəfn mərasiminə qatılmasını kəskin tənqid edərək o vaxt baş nazir olan Süleyman Dəmirələ bunları deyib: “Sizin necə uzlaşma tərəfdarı olduğunuzu, Türkiyənin mənfəətləri məsələsində cəsarətsiz davranacağınızı, üzünüzün necə yumşaq olduğunu bildiyi üçün cürət tapıb və Türkiyəyə gəlib. Qardaşlarımız müharibə vəziyyətindədir, qardaşlarımız qətlə yetirilir, onlar qətlə yetirilərkən “bunun səbəbi Türkiyədir”, “Avropanın xəritələri məlumdur, ancaq Yaxın Şərqin, Asiyanın xəritələri tam müəyyənləşməyib”, - deyə açıqlama verəcək, Qarsın Ermənistanın torpağı olduğunu iddia edəcək, bundan sonra Türkiyəyə gələcək və siz onun əlini sıxacaqsınız”. (Lent.az) Azərbaycanın rəsmi mövqeyini xarici işlər naziri Elmar Məmmədyarov açıqlayıb. “Türkiyə prezidenti Abdulla Gülün Ermənistana səfəri Türkiyənin daxili işidir. Bununla bağlı Türkiyə prezidenti qərar verəcək. Azərbaycan hansısa şəkildə öz tərəfindən buna müdaxilə edə bilməz”, - deyə nazir bildirib. Bu münasibətdən kənar münasibətlər, o cümlədən də bu yazı şəxsi mülahizələrdir. ... Bu yazı nə Türkiyə dövlətinə, nə də Türk xalqına qarşı yönəlib. Bu yazının müəllifinin Türkiyə dövlətinə və ya Türk millətinə sevgi və sayğısı dəyişməz olaraq qalır. Sevgini heç nə dəyişmir! Asəf Orucoğlu xüsusi olaraq, Lent.az üçün LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar