SON XƏBƏRLƏR

Xəzərin statusu: mövqelər yaxınlaşır?

2021.10.20, 07:36
Xəzərin statusu: mövqelər yaxınlaşır?

Gunaz.tv
Xəzərin statusu: mövqelər yaxınlaşır? Xələf Xələfov: "İşçi Qrupunun 23-cü iclasında bir sıra prinsipial məsələlər üzrə razılıq əldə olunub" Xəzər dənizinin hüquqi statusu ilə bağlı Konvensiyanın işlənib hazırlanması üzrə xüsusi İşçi Qrupun sentyabrın 4-5-də Bakıda keçirilən 23-cü iclası dostluq, konstruktiv və qarşılıqlı anlaşma şəraitində keçib. Bu barədə Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov İşçi Qrupun iclasının yekunlarına dair dünən keçirdiyi mətbuat konfransında bildirib. "Bir sıra prinsipial məsələlər üzrə razılıq əldə olunub, bəzi məqamlarda yaxınlaşma müşahidə olunur. Danışıqları irəliləyiş kimi qiymətləndirə bilərik və ümidvaram ki, bu görüş danışıqların davam etdirilməsinə şərait yaradacaq",- deyə Xələfov bildirib. Xüsusən, balıqçılıq, gəmiçilik və ekologiya sahələrində bir sıra məsələlər razılaşdırılıb. Hüquqi statusa gəlincə isə, tərəflər Xəzərin dibinin bölünməsi zərurəti haqqında ümumi fikri dəstəkləyirlər. Dənizin səthindən istifadə məsələlərinə kompleks şəkildə baxılır. Tərəflərin sahilyanı ölkələrin milli dəniz zolağının rejimi və eni haqqında mövqelərində yaxınlaşma var. Nazir müavininin sözlərinə görə, Türkmənistan və İranla Xəzərin dibinin bölünməsi ikitərəfli və üçtərəfli formatda müzakirə olunur:"Bu müzakirələr həmin ölkələrlə davam etdiriləcək". RF XİN-in xüsusi tapşırıqlar üzrə səfiri Qolovin bildirib ki, bu məsələ ilə bağlı 2007-ci ildə Xəzəryanı dövlətlərin Tehran sammitində Qazaxıstan prezidenti təşəbbüs irəli sürüb:"Əgər bu məsələ razılaşdırılsa, biz konvensiyanın daha üçdə birini razılaşdıra bilərik. Xəzərdə təhlükəsizlik, hərbi fəaliyyət, gəmilərin keçməsi, balıqçılıqla bağlı bir çox başqa məsələlər bundan asılıdır". İran, Qazaxıstan, Rusiya və Türkmənistan nümayəndələri də tərəflərin mövqelərində yaxınlaşma olduğunu vurğulayıblar. Türkmənistan xarici işlər nazirinin müavini Xoşgəldi Babayev qeyd edib ki, heç də hər görüş müsbət nəticə vermir: "Lakin Bakıda keçirilən görüşü uğurlu hesab etmək olar". Qazaxıstan xarici işlər nazirinin müavini Nurlan Ermekbayev də çıxışında tərəflərin müəyyən məsələlərlə bağlı ortaq mövqeyə gəldiklərini bildirib. İran nümayəndəsi Məcid Sabir qeyd edib ki, Xəzəryanı ölkələrin həll edə bilməyəcəyi problem yoxdur. İclas zamanı Azərbaycan tərəfi Xəzərdə təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında saziş layihəsi təqdim edib. "Biz Tehran sammitində çıxarılmış qərara uyğun olaraq sahilyanı ölkələrin sərhəd, gömrük xidməti və daxili işlər orqanlarının qarşılıqlı fəaliyyətinin tənzimlənməsinə dair saziş layihəsini tərəflərə təqdim etdik. Hazırda sahilyanı ölkələrin bu layihə ilə bağlı rəylərini təqdim etməsini gözləyirik",-deyə Xələfov bildirib. Digər sahilyanı ölkələr İşçi Qrupunun Astanada keçiriləcək növbəti iclasında sənədə münasibət bildirəcəklər. Astana görüşünün tarixi diplomatik kanallar vasitəsilə razılaşdırılacaq. Mətbuat konfransında həmçinin bildirilib ki, oktyabrın 3-4-də Həştərxanda Xəzərdə iqtisadi fəaliyyət məsələləri üzrə hökumətlərarası konfrans keçiriləcək. Oktyabrın 4-5-də isə Həştərxanda Xəzəryanı dövlət başçılarının sammiti keçiriləcək. Xələfovun sözlərinə görə, sammit Xəzərin hüquqi statusu haqqında Konvensiya layihəsinə baxmalıdır. Bəkir NƏRİMANOĞLU express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar