SON XƏBƏRLƏR

Xəzərin statusu: fikir ayrılıqları qalır

2021.10.20, 07:36
Xəzərin statusu: fikir ayrılıqları qalır

Gunaz.tv
Xəzərin statusu: fikir ayrılıqları qalır Azərbaycan XİN: Bu, sahilyanı ölkələrin Xəzərdəki suveren hüquqlarına əngəl olmamalıdır Dünən Bakıda Xəzərin statusuna dair xüsusi İşçi Qrupunun 23-cü iclası başlayıb. İclas ərəfəsində Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov jurnalistlərə bildirib ki, İşçi Qrupu Xəzərin hüquqi statusu ilə bağlı konvensiya layihəsinin uyğunlaşdırılması məsələsini müzakirə edəcək. "Xəzəryanı dövlətlərin başçılarının Tehranda keçirilən sammitində Azərbaycana Xəzərdə təhlükəsizlik üzrə əməkdaşlıq haqqında layihə hazırlamaq tapşırılıb. Bu görüşdə həmin layihə üzərində işləyəcək, məsələ ilə bağlı kompleks müzakirələr aparacağıq",-Xələfov deyib. Onun sözlərinə görə, Xəzərdə təhlükəsizlik üzrə əməkdaşlıq haqqında layihədə sərhəd xidmətləri, gömrük və daxili işlər orqanlarının əməkdaşlığı barədə məsələləri əksini tapıb. Hərbi-siyasi əməkdaşlıq, hərbi-siyasi təhlükəsizlik məsələləri layihəyə salınmayıb. O, beştərəfli danışıqlarda irəliləyişdən danışarkən bildirib ki, bir çox prinsipial məsələlər həllini tapıb: "Xüsusilə Konvensiyada priambula, anlayış məsələləri, gəmiçilik məsələlərinin bir çox hissələri, ekologiya məsələləri həllini tapıb. Tamamilə prinsipial xarakter daşıyan bir sıra məsələlərin müəyyən aspektlərində isə fikir ayrılıqları qalmaqdadır". İranın bərabər bölgü istəyi ilə bağlı "Turan"ın sualının cavabında nazir müavini danışıqların beynəlxalq hüquq çərçivəsində aparıldığını deyib: "Konvensiya layihəsində ayrı-ayrı ölkələrin mövqeyindən deyil, ümumi razılaşmaların əldə olunmasından söhbət gedir. Layihədə açıq qalmış məsələlər üzrə mövqelərin yaxınlaşmasına çalışırıq". İran və Türkmənistanla ikitərəfli formatda aparılan danışıqlara toxunan Xələfov İranın danışıqları davam etdirmək əzmində olmasını irəliləyiş kimi dəyərləndirib:"Bu çərçivədə mövqeləri yaxınlaşdırmaq istəyirik". Türkmənistanla aparılan ikitərəfli danışıqlardan isə o, bir qədər ümidverici danışıb. "Türkmənistanla danışıqlar mütəmadi olaraq davam etdirilir. Danışıqların formatı dəyişdirilməyib, bu formatda da davam etdiriləcək. Biz çalışacağıq ki, Türkmənistan-Azərbaycan arasında bölgü məsələlərinin həllinə nail ola bilək", - deyə Xələf Xələfov qeyd edib... "Xəzərin hüquqi statusunun müəyyləşdirilməsi ilə bağlı sahilyanı dövlətlərin ümumi razılığa gəlməsi üçün münbit şərait yaranıb. Ymid edirəm ki, bu görüş Xəzəryanı dövlətlərin mövqelərinin daha da yaxınlaşmasına səbəb olacaq". Bu sözləri isə İşçi Qrupunun 23-cü iclasını açan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib. Onun sözlərinə görə, qrup ötən müddət ərzində məhsuldar işləyib: "Məhz bunun nəticəsində əhəmiyyətli irəliləyiş əldə olunub, Xəzərin hüquqi statusunun müəyyənləşməsi ilə bağlı sahilyanı dövlətlərin ümumi razılığa gəlməsi üçün münbit şərait yaranıb. Ymidvaram ki, bu görüş Xəzəryanı dövlətlərin mövqelərinin daha da yaxınlaşmasına səbəb olacaq". Sahilyanı ölkələrin dövlət başçılarının Tehran sammitinin nəticələrini şərh edən Məmmədyarov bu tədbiri əməkdaşlığın inkişafı istiqamətində irəliyə doğru mühüm addım adlandırıb: "Bu sammit mövcud problemlərin həlli istiqamətində işin konkret istiqamətlərini müəyyənləşdirib. Xəzər Konvensiyasına dair mövcud layihənin razılaşdırılmamış məsələləri sahilyanı ölkələrin dövlət başçılarının üçüncü sammitinin keçirilməsi üçün əsas yarada bilər. Regionda sülh və stabilliyin təmin olunması, enerji resurslarının mənimsənilməsi Xəzəryanı ölkələrin ümumi maraqlarına daxildir. Xəzərin hüquqi statusuna dair Konvensiya ilə bağlı bütün problemlər ümumi qəbul olunmuş normalar çərçivəsində konstruktiv dialoq yolu ilə həll olunmalıdır. Bununla belə, hövzənin hüquqi statusu ilə bağlı indiki mərhələdə mövcud olan bəzi fikir ayrılıqları sahilyanı ölkələrin Xəzərdə öz suveren hüquqlarını təmin olunmasına, habelə Xəzəryanı ölkələrin çoxtərəfli və ikitərəfli əməkdaşlığına əngəl olmamalıdır". Məmmədyarov qeyd edib ki, Bakı "dəniz dibinin bölünməsi və Xəzər akvatoriyasından istifadə, demilitarizasiya və təhlükəsizlik, sualtı kabellərin və boru kəmərlərinin çəkilməsi, qitədaxili Xəzəryanı dövlətlərin başqa dənizlərə və Dünya Okeanına azad çıxışının təmin edilməsi məsələləri üzrə müzakirələrin davam etdirilməsini vacib sayır". Xarici siyasət idarəsinin başçısı bildirib ki, Xəzərin ətraf mühitinin qorunmasına dair çərçivə sazişini imzalamış ölkələrin ikinci konfransının keçirilməsinə böyük əhəmiyyət verir. Məmmədyarov vurğulayıb ki, Xəzərin dibinin bölünməsi üzrə Azərbaycan, Qazaxıstan və Rusiya arasındakı müqavilələr dənizin hüququ statusu üzrə ümumi anlaşmanın əldə edilməsi üçün yaxşı hüquqi baza yaradır:"Biz Azərbaycan, İran və Türkmənistan arasında razılaşmanın əldə olunacağına ümid edirik". Qeyd edək ki, Xəzəryanı ölkələrin dövlət başçılarının sammiti oktyabr-noyabr aylarında Bakıda baş tutacaq. Bu barədə İran xarici işlər nazirinin müavini Mehdi Səfəri bildirib və əlavə edib ki, bütün tərəflər məsələlərin daha tez həll olunması üçün uyğunlaşdırma prosesinin aktivləşməsini dəstəkləyirlər: "Təbii ki, bunu həll etmək üçün bir yox, bir neçə görüş olmalıdır".

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar