SON XƏBƏRLƏR

ABDULLAH GÜL SABAH(6 sentyabr) İRƏVANA GEDİR

2021.10.20, 07:36
ABDULLAH GÜL SABAH(6 sentyabr) İRƏVANA GEDİR

Gunaz.tv
ABDULLAH GÜL SABAH İRƏVANA GEDİR 1017.jpg Türkiyə prezidenti futbol qarşılaşmasını məşhur erməni terrorçusu ilə bir tribunadan izləyəcək “The Guardian” qəzeti: “Türk ordusu hökumətin Ermənistanla münasibəti yaxşılaşdırmaq səylərindən narahatdır” Türkiyə prezidenti Abdullah Gül Ermənistan prezidenti Serj Sərkisyanın dəvətini qəbul edərək İrəvana səfər etməyə qərar verib. Bu qərar rəsmən Türkiyə prezidentinin katibliyi tərəfindən sentyabrın 3-də axşam açıqlanıb. Prezidentin adından yayılan açıqlamada deyilir ki, sentyabrın 6-da İrəvanda iki ölkənin milli futbol komandaları arasında keçiriləcək oyun idman yarışından əlavə Ermənistanla Türkiyə arasındakı münasibətlər baxımından da özəl fürsətlər yaradır. “Xüsusən Qafqaz bölgəsini narahat edən proseslərin yaşandığı bir vaxtda bu imkanın ən düzgün şəkildə qiymətləndirilməsinə ehtiyac var. Bu oyunla bağlı baş tutacaq səfərin bölgədə yeni dostluq iqliminin təşəkkül tapmasına da kömək edəcəyinə inanırıq.” Açıqlamada deyilir ki, bu səfərin iki ölkə xalqlarının yaxınlaşması, bir-birlərini daha yaxşı anlamaları baxımından da fürsət yaradacağına inam var. Türkiyənin “Kanal-D” telekanalının məlumatına görə, Abdullah Gül İrəvanda cəmi bir neçə saat olacaq və yığmaların qarşılaşmasından dərhal sonra Ankaraya qayıdacaq.Qeyd edək ki, səfərə hazırlıqla bağlı bu gün İrəvana getmiş nümayəndə heyəti şənbə gününə qədər İrəvanda qalacaq və Abdullah Gülü İrəvanda qarşılayacaq. Nümayəndə heyətinə Türkiyənin Azərbaycandakı keçmiş səfiri Əhməd Ünal Çeviköz rəhbərlik edir. Gözlənilir ki, Gülü Türkiyənin xarici işlər naziri Əli Babacan da müşayiət edəcək. Nazir İrəvanda ermənistanlı həmkarı ilə Türkiyənin irəli sürdüyü “Qafqaz platforması” ideyasını müzakirə edəcək. Xəbər verildiyi kimi, Gülün İrəvana gedəcəyi hələ bir neçə gün əvvəl bəlli idi, lakin Türkiyə prezidenti tərəddüd etdiyini göstərməyə çalışaraq deyirdi ki, hələ yekun qərarını verməyib. Bu səfər Azərbaycanla yanaşı Türkiyə ictimaiyyəti tərəfindən birmənalı qarşılanmır. Türkiyə müxalifəti bəyanatla çıxış edərək Gülü İrəvana səfər etməkdən çəkinməyə çağırmışdı. Dünən isə “Milliyet” qəzeti Gülün Ermənistanla münasibətlərə dair 15 il əvvəl tutduğu mövqeyi oxuculara çatdırıb. Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın 1993-cü ildə Türkiyənin 8-ci prezidenti Turqut Özalın dəfn mərasiminə qatılması müxalifətdə olan Rifah Partiyası tərəfindən kəskin tənqid edilib. O vaxt partiya adından çıxış edən millət vəkili Abdullah Gül bunu o vaxt baş nazir olan Süleyman Dəmirəlin Ermənistan qarşı apardığı yarıtmaz siyasətin nəticəsi kimi qiymətləndirib: “Bu hökumət bu siyasətlə gələcəyimizi borc altına alıb. Elə bir borc ki, Ermənistan prezidenti Türkiyə prezidentinin dəfn mərasiminə qatılmaq cəsarətini göstərib”. Abdullah Gül çıxışına davam edərək Süleyman Dəmirələ bunları deyib: “Sizin necə uzlaşma tərəfdarı olduğunuzu, Türkiyənin mənfəətləri məsələsində cəsarətsiz davranacağınızı, üzünüzün necə yumşaq olduğunu bildiyi üçün cürət tapıb və Türkiyəyə gəlib. Qardaşlarımız müharibə vəziyyətindədir, qardaşlarımız qətlə yetirilir, onlar qətlə yetirilərkən ”bunun səbəbi Türkiyədir", “Avropanın xəritələri məlumdur, ancaq Yaxın Şərqin, Asiyanın xəritələri tam müəyyənləşməyib”, - deyə açıqlama verəcək, Qarsın Ermənistanın torpağı olduğunu iddia edəcək, bundan sonra Türkiyəyə gələcək və siz onun əlini sıxacaqsınız". Qəzet qeyd edir ki, Abdullah Gül 15 il əvvəl Ermənistan prezidentinin dəfn mərasiminə qatılmaq üçün Türkiyəyə səfər etməsini kəskin tənqid edib. Aradan 15 il keçsə də, heç nə dəyişməyib, amma Gül futbol matçını seyr etmək üçün İrəvana gedir. Türkiyə prezidentinin qərarına Bakı da rəsmi münasibətini açıqlayıb. Abdullah Gülün Ermənistana səfərini şərh edən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov məsələnin Türkiyənin daxili işi olduğunu bildirib. “Azərbaycan hansısa formada bu məsələyə müdaxilə edə bilməz” deyə o bildirib. Bir neçə gün əvvəl Türkiyə mətbuatı yazmışdı ki, Məmmədyarovun Ankaraya səfəri zamanı Ermənistanla münasibətlər məsələsində onun türkiyəli həmkarı ilə danışıqları gərgin keçib. ABŞ Dövlət Departamenti isə Türkiyə prezidenti Abdullah Gülün Türkiyə-Ermənistan futbol matçını izləmək üçün İrəvana getməsini müsbət qarşılayıb. Türkiyə mətbuatının məlumatına görə, Dövlət Departamentinin Avropa Bürosunun sözçüsü Mark Toner ABŞ-ın Gülün Ermənistan prezidenti Serj Sərkisyanın dəvətini qəbul etməsinin müsbət hal olduğunu bildirib. Toner “hər iki prezidenti bölgədə sülh və rifahın möhkəmləndirilməsi istiqamətindəki cəsarətli addımlarına görə təbrik edirik”, - deyə bildirib: “Bu tarixi görüşün Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına doğru təkan verməyə yardım etməsini umuruq”. Dövlət Departamentinin rəsmisi, ATƏT-in Minsk Qrupunun həmsədri Metyu Brayza bəyan edib ki, Gülün Ermənistana səfəri Dağlıq Qarabağ münaqişəsinin həllinə yardım edəcək: “Bu səfər Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və siyasi yolla həllinə təkan verəcək”. Qərb mətbuatı isə yazır ki, Türkiyə Silahlı Qüvvələri Gülün İrəvana səfər etməsindən narahatdır. “The Guardian” qəzetinin yazdığına görə, bu səfər iki ölkə arasında barışığın əldə edilməsi üçün böyük addım ola bilər. Məqalədə deyilir ki, Türkiyə son vaxtlar Qafqaz bölgəsinə rolunu gücləndirməyə çalışır, bunun üçün isə Ermənistanla münasibətlər qurulmalı, sərhədlər açılmalıdır: “Ankarada hesab edirlər ki, İrəvanı təcrid etməklə məqsədə çatmaq mümkün olmur, ona görə də uzlaşma əldə etməyin zamanıdır.” Bununla belə, qəzet qeyd edir ki, Türkiyənin hərbi çevrələri hökumətin Ermənistanla münasibətlər qurmaq səylərindən narahatdır. lent-az-ın məlumatına görə, 1983-cü ildə Fransanın paytaxtı Paris şəhərinin yaxınlığındakı Orly Hava Limanında türklərə qarşı terror aktı həyata keçirən erməni terror təşkilatı ASALA-nın məşhur üzvü Varucan Qarbisyan da İrəvanda keçiriləcək Ermənistan-Türkiyə futbol matçını izləyənlər arasında olacaq. F.MƏMMƏDOV musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar