SON XƏBƏRLƏR

Azrbaycanın təhlükəsizliyinin bir neçə faktoru . Daxili və xarici amillərin kompleksi

2021.10.20, 07:36
Azrbaycanın təhlükəsizliyinin bir neçə faktoru . Daxili və xarici amillərin kompleksi

Gunaz.tv
Azrbaycanın təhlükəsizliyinin bir neçə faktoru Daxili və xarici amillərin kompleksi Az ərbaycanın təhlükəsizliyi məsələsi daha çox aktuallaşıb. Rusiyanın Gürcüstana təcavüzü ilə başlayan krizis daha da dərinləşir. Amerika rəsmi şəkildə bəyan etdi ki, Azərbaycanın təhlükəsizliyi narahatlıq doğurur.Dik Çeyni bununla bağlı ölkəmizə səfərə gəlib. Amerikalı siyasətçinin ölkəmizə səfərində təhlükəsizliyin müxtəlif aspektlərini müzakirə edəcəyi bəri başdan məlumdur. Azərbaycanı maraqlandıran verilən vədlərin nə dərəcədə dövlətçiliyə uyğun gəlməsidir. Gürcüstan misalı göstərdi ki, böyük dövlətlər böhran anlarında yalnız öz mənafelərini düşünürlər. İndi də Sergey Lavrovun Türkiyəyə səfəri ilə Dik Çeyninin Azərbaycana gəlişinin təqribən eyni vaxta təsadüf etməsinə təsadüf kimi baxsaq belə, pardəarxası məqamlar bizləri narahat etməyə bilməz. Ona görə də Azərbaycanın təhlükəsizliyinin təmini məsələsi bizim üçün strateji mahiyyət daşıyır. Bu aspektdə bir məqam diqqəti çəkir. Türkiyədə Sergey Lavrov söz verdi ki, “Nabukko” layihəsinə mane olmayacaqlar. Azərbaycanda da amerikalı diplomatın müzakirə mövzularından biri məhz “Nabukko”nun reallaşması idi. Tutaq ki, tərəflər bu məsələdə razılıq əldə ediblər. Bunun əvəzində Azərbaycan təhlükəsizliyinin hansı dərəcədə təminatlı olduğuna əmin ola bilər? Və ya böyük dövlətlər bu enerji layihələrinin təhlükəsizliyinə təminat almaqla işlərini bitmiş hesab edirlər? Bəlkə Gürcüstan bu cür sövdələşmələrin badına getdi? Hər bir halda Azrbaycan bu kimi sualların cavabını öncədən bilməlidir. Ona görə ki, təminat olmayanda müxtəlif bəhanələr edərək ölkəyə hərbi müdaxilə edə bilərlər. Bunun da sonucu dövlətçilik baxımından olduqca kədərli olur. Bunlara bir qeyri-müəyyən faktoru da əlavə etmək lazım gəlir. Deyək ki, Türkiyə kimi qardaş ölkə xarici siyasətində qeyri-adi reveranslar edir. Türkiyə Rusiya ilə əlaqələri saxlamaqla Ermənistanla da münasibət qurmaq xətti yeridir. Bunun Qərbin mövqeyinə nə dərəcədə uyğun olduğunu demək çətindir. Görünən odur ki, Türkiyə Qafqaz siyasətində dəyişikliklər edə bilər. Bu mövqe digər böyük dövlətlər tərəfindən təkrar edilə bilərmi? Göründüyü kimi, geosiyasi aspektdə Azərbaycanın təhlükəsizliyinin tam təminatı sual altındadır. Burada qeyri-müəyyənliyi ifadə edən parametrlər az deyil. Məsələnin başqa tərəfi təhlükəsizliyin daxili faktorlarına bağlıdır. Bu günlərdə məsciddə baş verən partlayış, elektrik yarımstansiyasında olan partlayış və son olaraq ölkənin şimal bölgəsindəki vəhabi həyəcanı cəmiyyəti düşündürdü. Bu hərəkətlər Azərbaycanı içəridən silkələməklə onun təhlükəsizliyinə qorxu yaratmaq cəhdlərinin olduğunu göstərir. Cəmiyyətdə qarşıdurma yaratmaq taktikası adətən birbaşa hərbi təcavüzə imkan olmayanda işə salınır. Bununla sual yaranır: Azərbaycana enerjiyə görə xarici təcavüz olmayacağı ilə bağlı vədi ilə onu içəridən parçalamaq üsuluna göz yummağa rəvac vermək tarazlaşdırılmayacaq ki? Bütün bunları bir məqam altında birləşdirmək olar. Azərbaycanın təhlükəsizliyi məsələsi hələ tam olaraq müəyyənləşməyib. Daha doğrusu, onun dostları sayılan ölkələr birmənalı olaraq ekstremal situasiyalarda birgə hərəkət etmək və vəziyyətə ciddi təsir etmək planına malik deyillər. Məsələnin bu cür olması çoxlu sayda suallar yaradır ki, onlara təcili cavabların verilməsi lazımdır. Azərbaycan dostlarına münasibətdə səmimidir. Eyni münasibəti əks tərəfdən gözləməyə haqqı vardır. Gürcüstanın qarşılaşdığı çətinliklər göstərir ki, bu kimi məsələlərdə son dərəcə ehtiyatlı olmaq gərəkdir. Şübhəsiz ki, rəsmi Bakı buna görə dostları ilə müzakirələrini intensiv olaraq aparır. Bir məqamı ayrıca vurğulamaq istərdik. Azərbaycan cəmiyyəti müstəqil dövlətinin yanında olmalıdır. Vətəndaşın dövlətlə birləşməsi məqamı indi daha çox hiss edilməlidir. Çünki hər nə olsa da, vətəni onun övladları qoruyur. Müstəqil dövləti yaşatmağın başqa yolu yoxdur. Azərbaycan tarixən keşməkeşlərdən keçib. Bu gün də məsuliyyətli mərhələdir. Vətəndaşın öz dövlətinə sahib çıxması zamanıdır. Təriqətçilərlə savaşda şəhid olan əsgərimiz nümunədir. O, Azərbaycan dövlətinin müstəqilliyi və demokratikliyi yolunda canından keçdi. Vətən bu kimi oğulların fədakarlığı sayəsində var olur. Şahin Məhəmmədoğlu olaylar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar