SON XƏBƏRLƏR

GUAM haradadır?...Ekspertlərə görə, Rusiyanın zərbəsindən "yarımcan" olmuş qurumun özünə gəlməsi müşkül işdir

2021.10.20, 07:36
GUAM haradadır?...Ekspertlərə görə, Rusiyanın zərbəsindən "yarımcan" olmuş qurumun özünə gəlməsi müşkül işdir

Gunaz.tv
GUAM haradadır?.. Ekspertlərə görə, Rusiyanın zərbəsindən "yarımcan" olmuş qurumun özünə gəlməsi müşkül işdir Təxminən bir ay bundan əvvəl GUAM ölkələri Gürcüstan, Azərbaycan və Moldovanın ərazilərindəki "donmuş münaqişələr" məsələsini sentyabrın sonlarında BMT Baş Assambleyasının səsverməsinə çıxarmağa hazırlaşdıqlarını bildirirdilər. O vaxt "Ekspress"in əldə etdiyi məlumata görə, GUAM səsverməyə çıxaracağı qətnamə layihəsinin məntini artıq hazırlayıbmış. Diplomatik mənbələrdən qəzetimizə bildirmişdilər ki, sənəd iyulun əvvəlində GUAM-ın Batum sammitinin yekunundan sonra təşkilatın katibliyi tərəfindən BMT-yə təqdim edilib. Qətnamə layihəsinə görə, beynəlxalq ictimaiyyətin "dondurulmuş münaqişələr"ə laqeyd münasibətindən gileylənən GUAM mövzuya prioritet qaydada BMT Baş Assambleyasının qiymət verməsini tələb edirdi. O vaxt Rusiyanın GUAM-ın bu cəhdinə əngəl yaradacağı da gözlənilirdi. Yayın ortalarına doğru GUAM sanki öz tarxinin ən çiçəklənən dövrünü yaşayırdı. ABŞ yardımlar vəd edirdi, Şərqi Avropa ölkələri GUAM-ın tədbirlərinin daimi iştirakçılarına çevrilmişdilər, təşkilat üzvləri isə strateji tərəfdaşlığın növbəti mərhələsindən, sülhməramlı qüvvələr yaratmaqdan danışır, GUAM-ın artıq effektli təşkilata çevrildiyini bəyan edirdilər. Bəzi ekspertlər isə Moskvaya "zəncir çeynədən" GUAM-ın yeni siyasi ittifaqa çevrilmək yolunda olduğunu bildirirdilər. Lakin avqustda Rusiyanın bir zərbəsindən - Gürcüstana təcavüzündən sonra GUAM səhradakı qum dağlarını külək yerlə bir etdiyi kimi, yarımcan olub ortalıqda görünmədi. Artıq nə BMT-yə "petisiya"dan danışan, nə də strateji tərəfdaşlığı xatırladan var. Böhranlı günlərdə GUAM-ın üzvləri yalnız öz ölkələrinin strateji maraqlarından çıxış etməyə üstünlük verdilər. Yalnız Gürcüstandan sonra növbəti hədəf olacağı proqnozlaşdırılan Ukrayna Moskvanın hərkətlərini pislədi. Azərbaycan Gürcüstanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan etməklə yetərləndi. Moldovadansa heç bir səs çıxmadı. Bir neçə ilə əvvəl İslam Kərimov qurumu vecsiz sayıb, Özbəkistanı ordan çıxarmış - GUÖAM-ı GUAM etmişdi. İndisə Moldovanın həmin yolu gedəcəyi gözlənilir. Bəlkə də, Kişinyovun əziyət çəkib hansısa qərar qəbul etməsinə ehtiyac yoxdur, zira GUAM bir aydır ki, ortalıqda yoxdur. "Ən kritik anda mövqe ortaya qoymadığı üçün GUAM-ın perspektivi təhlükə altındadır",-deyə "Ekspress"in əməkdaşı ilə söhbətində Təhlükəsizlik Araşdırmaları Mərkəzinin (TAM) rəhbəri İlham İsmayıl bildirir. İ.İsmayıl xatırladır ki, qurumun əsas məqsədi üzvü olan ölkələrin ərazilərindəki separatçılıq tendensiyaları ilə birgə mübarizə aparmaq idi:"Bu təşkilat Rusiyanın təzyiqinə qarşı birgə mövqe ortaya qoymaq üçün yaradılmışdı. Bu, baş tutmadı. Çünki Ukraynadan başqa heç bir dövlət Rusiyanın təzyiqinə tab gətirə bilmədi". TAM rəhbəri hesab edir ki, təşkilatın "özünə gəlməsi" çətin olacaq:"GUAM-ın təşkilat kimi yenidən bir araya gəlməsi üçün Rusiyadan güclü qüvvənin dəstəyinə ehtiyac var". Onun fikrincə, kritik dövr keçirən təşkilatın dağılma prosesi başlaya bilər. GUAM-ı "zəif" və "Rusiyaya qarşı gücsüz" qurum kimi xarakterizə edən politoloq Hikmət Hacızadənin fikrincə, hazırda təşkilatın perspektivi həll olunur:"Qərb Rusiyanın addımlarına adevkat cavab verməsə, GUAM-ın, o cümlədən bizim mustəqilliyimiz gələcəyi qaranlıqdır". Ekspert qurumun məqsədlərinə çatmadığını söyləyir: "GUAM yardılanda deyildi ki, siz burda birləşin, Rusiyaya qarşı vahid mövqe göstərin: biz sizə kömək göstərəcəyik. Ancaq kömək etmədilər". H.Hacızadə regiondakı vəziyyətin bu cür davam etməsi halında GUAM-ın dağılacağını istisna etmir:"Moldovanın təşkilatdan çıxmaq ehtimalı çoxdur. Artıq o bu barədə bəyanat verib. Rusiya Moldovaya Dnestryanı münaqişə ilə bağlı plan təqdim edib. Plana əsasən Moldova neytral ölkə olmalı, NATO-ya daxil olmamalıdır." Politoloq Zərdüşt Əlizadə də bu fikirdədir ki, GUAM-ın gələcəyi yoxdur:"Təşkilat Rusiyanın təzyiqlərinə qarşı birgə mübarizə üçün yaradılmışdı. Bu, ölü bir təşkilatdır. İndi sadəcə, Amerikanın təhriki ilə yaşayır, onun istəyi olmasa, üzv ölkələr başlarını bu təşkilata qatmazdılar". Ekspert bildirir ki, qurumun yaşaması üçün ciddi dəstək yoxdur:"Hər hansı təşkilat yarananda ya ideologiya, ya da güclü dövlət ətrafında yaranır. Ukrayna Rusiyadan qat-qat zəif dövlətdir. Əgər Amerika regionda olsaydı, bu, mümkün olardı. İndiki situasiyada ABŞ bu dövlətləri himayəsinə götürüb Rusiya ilə münasibətləri daha da korlamaq istəmir". Z.Əlizadə Moldovanın təşkilatdan çıxmaq ehtimalının olduğunu bildirir:"Moldova Rusiya təzyiqindən qaçmaq üçün GUAM-a üzv oldu. Lakin ciddi dəstək görmədiyi üçün Rusiya ilə yaxınlaşmağa başlayıb. Çox güman ki, yaxın zamanlarda Dnestryanı münaqişə ilə bağlı razılaşma olacaq". Politoloqa görə, Qərb GUAM-ın artıq səmərəsiz olduğunu anlayır. Xaqani Rüstəm Bəkir Nərimanoğlu express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar