SON XƏBƏRLƏR

Azərbaycanın enerji siyasəti zamanın sınağında_ Dövlətçilik, demokratiya və təhlükəsizlik

2021.10.20, 07:36
Azərbaycanın enerji siyasəti zamanın sınağında_ Dövlətçilik, demokratiya və təhlükəsizlik

Gunaz.tv
Azərbaycanın enerji siyasəti zamanın sınağında Dövlətçilik, demokratiya və təhlükəsizlik Azərbaycan enerji siyasətini davam etdirir. Bölgəmizdə baş verən proseslərin gərginliyi müəyyən çətinliklər yaratsa da, seçilən xəttin doğruluğu özünü təsdiqlədi. Azərbaycan enerji siyasətini elə təməllər üzərində qurub ki, dayanıqlı və güvənlidir. O baxımdan bir neçə faktor üzərində dayanmaq lazımdır. Azərbaycanın enerji siyasətində əsas məqamlardan biri təhlükəsizliyin təminidir.Rusiya Gürcüstana hücum edəndə enerji marşrutlarına zərər yetirməyəcəyini bəyan etmişdi. Ruslar doğurdan da o kəmərlərə zərər vermədilər. Burada Qərb faktorunun təsirini önə çəkirlər, ancaq Azərbaycanın enerji siyasətinin illərdir imkan verdiyi geosiyasi, iqtisadi və siyasi dividentləri nəzərdən qaçırmaq olmaz. Məsələ ondan ibarətdir ki, Gürcüstan tamamilə Qərbin himayəsi altında ola-ola Rusiyadan ciddi zərbə aldı. Deməli, Qərb faktoru güclü olsa da, tam yetərli deyil. Azərbaycanın yeritdiyi enerji siyasətinin genişmiqyaslı və dəqiq hesablanmış olmasının təsiri danılmazdır. Müstəqillik illərində Azərbaycan Rusiya ilə də lazımi əlaqələri qurdu. Onun enerji siyasəti bir qüvvənin digəri üzərində üstün olmasını təmin etməyə xidmət etmir. Burada əsas amil olaraq Azərbaycanın milli maraqları götürülür və bütün maraqlı tərəflərlə konstruktiv əməkdaşlıq xətti yeridilir. Bu kurs ölkəmizin qərəzsiz siyasət yeritdiyini ifadə edir. Ona görə də dünyanın bütün güclərinin Azərbaycanla münasibətləri qorumaqda maraqları vardır. Azərbaycanın enerji siyasəti son illər dünya səviyyəsində əhəmiyyəti olan dövlət statusuna sahib olduğunu təsdiqləyirdi. Bu status Azərbaycanın dövlət müstəqilliyinin qorunmasını avtomatik bir məsələ edirdi. Həm Qərb, həm də Rusiya bunda maraqlıdır. Bəziləri üçün bu, qəribə və məntiqsiz gərünə bilər. Lakin kiçik bir imkan olsaydı, Rusiya Azərbaycanın enerji marşrutlarını kəsərdi. Çox cüzi zərərlə Azərbaycan bu qavğadan qurtula bildi. Azərbaycanın enerji siyasəti ilə daxili siyasətinin bir-birini tamamlamasının burada əsas rollardan birini oynamasını qeyd etmək gərəkdir. Daxili siyasətdə Azrbaycan etnik mənsubluğa fərq qoymur. O cümlədən, ruslar özlərini çox rahat hiss edirlər, tamhüquqlu vətəndaş kimi yaşayırlar. Ruslar dillərini və mədəniyyətlərini inkişaf etdirir, ana dillərində təhsil alırlar. Azərbaycanda rusların həyat səviyyəsi getdikcə yüksəlir. Rusiyanın Bakıya gələn bütün prezidentləri bundan məmnunluqlarını gizlətmirlər. Gürcüstana hücum edəndə Rusiyanın irəli sürdüyü bəhanələrdə əsas yeri məhz Rusiya vətəndaşlığını qəbul etmiş adamların hüquqlarının pozulması tuturdu. Azərbaycanın daxili siyasətdə demokratik qaydalara əməl etməsi bu gün öz bəhrəsini verməkdədir. Rusiya Azərbaycana hər hansı zərər yetirsə, Qafqazda əsas kültür ocaqlarından birini itirəcək. Azərbaycanın enerji siyasəti bütün bölgənin gəlişməsinə uyğundur. Bu çox vacib faktordur. Çünki Qərbin qloballaşma siyasətində inteqrasiya önəm daşıyır. Eyni zamanda, bölgənin bütün dövlətlərinin öz aralarında əməkdaşlığı artırması əsas faktordur. O baxımdan Azərbaycanın enerji siyasəti bütün dövlətlərin əməkdaşlığını nəzərdə tuturdu. Son illər isə Azərbaycan postsovet məkanında enerji təhlükəsizliyinin dayağı və əsas təminatçısı idi. Savaşın getdiyi dönəmdə Azərbaycan bu funksiyasının öhdəsindən layiqincə gələ bildi. Bu, onun yüksək potensialının göstəricisidir. Bunlar Azərbaycanın enerji siyasətinin həm nəzəri olaraq düzgün qurulduğunun göstəricisidir, həm də kifayət qədər praqmatik olması əlamətidir. Bu siyasətin davam etməsi bütün bölgənin marağındadır. Eyni zamanda, Azərbaycanın bundan sonrakı inkişaf kursunda özünü göstərəcək faktordur. Azərbaycan dövlətçiliyinin inkişaf etməsi və demokratiyanın tam bərqərar olması yolunda önəmli bir işdir. Daxili və xarici siyasətin harmoniyası müstəqil dövlət qurmaqla yanaşı, bölgədə sosial-iqtisadi inteqrasiyaya xidmət etməkdir. Azərbaycanın enerji siyasətində bölgədə inteqrasiyanın önə çəkilməsinin əhəmiyyəti olduqca böyükdür. Bu, hər şeydən öncə beynəlxalq səviyyədə təhlükəsizliyin təminatı deməkdir. Görünür, yaxın perspektivdə həmin faktor daha çox rol oynayacaq. Şahin Məhəmmədoğlu olaylar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar