SON XƏBƏRLƏR

Qərb susur . "Qazprom" Avropanın qazını kəsir

2021.10.20, 07:36
Qərb susur . "Qazprom" Avropanın qazını kəsir

Gunaz.tv
Qərb susur "Qazprom" Avropanın qazını kəsir qaz.jpg Dünən Gürcüstan krizisi və Rusiya ilə münasibətlərin müzakirəsi ilə bağlı Avropa Birliyi dövlət başçılarının Brüsseldə zirvə görüşü keçirilib. Sammitdən öncə isə bir sıra diqqət çəkən məqamlar olub. Məcələn, Rusiya prezidenti Dmitri Medvedyev heç bir halda Abxaziya və Cənubi Osetiyanın tanınması qərarından geri addım atmayacaqlarını bəyanlayıb. Moskva Saakaşvilisiz Gürcüstan istədiyini bəyanlayır Xarici işlər naziri Sergey Lavrov bildirib ki, Moskva Qərb ölkələrinin Mixail Saakaşvili hökumətini dəstəkləməmələrini, yeni hökumət iş başına gələnə qədər Gürcüstana silah tədarükünə embarqo qoyulmasını təklif edir. Bununla da o, ölkəsinin Mixail Saakaşvilinin hakimiyyətdən uzaqlaşdırılmasını istədiyini açıq dilə gətirib. Onun sözlərinə görə, Moskva Vaşinqtonla qarşılıqlı və düzgün əsasda münasibət quracaq, eyni zamanda Rusiya vətəndaşlarının və öz maraqlarının beynəlxalq arenada əzmlə müdafiəsini davam etdirəcək. Sergey Lavrov deyib ki, ABŞ və onun müttəfiqlərinin Mixail Saakaşviliyə dəstəyi "tarixi səhvə" səbəb ola bilər: "Biz regionda təhlükəsizliyi təmin etmək üçün ATƏT və BMT ilə sıx əməkdaşlıqda maraqlıyıq. İrəliyə doğru yeganə müdrik yol Qərblə praqmatik əməkdaşlıqdır". Rusiya prezidenti Dimitri Medvedyevlə Avropa Birliyinə sədrlik edən Fransanın prezidenti Nikolas Sarkozi arasında da zirvə görüşündən əvvəl bir telefon danışığı olub. "İnterfaks" agentliyinin yaydığı xəbərə görə, telefon danışığı əsasən Abxaziya və Cənubi Osetiya ətrafında rus ordusunun formalaşdırdığı bufer zona ətrafında olub. Münaqişə bölgəsində beynəlxalq sülhməramlıların yerləşdirilməsi də müzakirə edilib. Avropa Birliyinə sədrlik edən Fransa Rusiyanın 6 maddəlik atəşkəs planını həyata keçirməsini, bu çərçivədə rus qoşunlarının müharibədən əvvəlki mövqelərinə çəkilməsini istəyir. Braun və Putinin Avropaya fərqli enerji mesajları "The Observer" qəzetində məqalə yazan Böyük Britaniyanın xarici işlər naziri Qordon Braun hesab edir ki, Avropa Rusiyanın enerji təhdidi altında yaşamamalıdır. Nazir vurğulayıb ki, "əgər biz hərəkətsiz qalmaqda davam etsək, etibarlı olmayan və qeyri-stabil tərəfdaşın enerji aslılığında olacağıq". Qordon Braun Avropanın Xəzər və Mərkəzi Asiyanın enerji resurslarına diqqət yönəltməsini zəruri sayır. Onun sözlərinə görə, əgər Moskva "Böyük səkkizlik", İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı kimi qurumlarda üzvlüyünü qorumaq, Ümumdünya Ticarət Təşkilatına üzv olmaq istəyirsə, beynəlxalq hüquq normalarına riayət etməlidir. Qordon Braun az əvvəl Rusiya prezidentinə Avropa Birliyi üzvlərinin həlledici cavablarına hazır olmaq barədə xəbərdarlığı çatdırdığını da söyləyib. Qordon Braun Avropa Birliyini Rusiya ilə əməkdaşlıq və tərəfdaşlıq üzrə yeni müqavilə danışıqlarını dayandırmağa çağırıb. Avropa Birliyinin sammitində sərt qərarları əngəlləməyə çalışan Moskvanın Böyük Britaniyanın baş nazirinə cavabı da gecikməyib. Rusiyanın baş naziri Vladimir Putinsə Moskvanın Avropaya neft və qaz ötürülməsini məhdudlaşdırmağa hazırlaşmadığını açıqlayıb. Bununla belə o, enerji daşıyıcılarının dversifikasiyasını həyata keçirməyin zəruri olduğunu vurğulayıb: "Biz heç nəyi məhdudlaşdırmağa hazırlaşmırıq, müqavilələr üzrə öhdəliklərimizi ciddi yerinə yetirəcəyik. Dversifikasiya proqrmına gəlincə, bu, çoxdan nəzərdə tutulub və hazırkı siyasi proseslərlə əlaqəli deyil. Bunu dünya iqtisadiyyatı, xüsusən sürətlə inkişaf edən Sakit okean regionu tələb edir". Vladimir Putin Qərb ölkələriylə münasibətlərin pisləşməsinin real əlamətlərini görmədiyini də dilə gətirib: "Mən hələ hər hansı soyuqlaşma görmürəm, çoxlu danışırlar, ancaq soyuqlaşmaya dəlalət edən hər hansı praktiki addım atılmayıb. Mən ümid bəsləyirəm ki, belə soyuqlaşma gələcəkdə də baş verməyəcək. Həqiqət bizim tərəfimizdədir, biz özümüzü arxayın və beynəlxalq hüquq çərçivəsində aparırıq". Fransızların ümidsiziyi, Solonanın inamsızlığı ABŞ-ın az əvvəl Gürcüstanın Batumi limanına hümunitar yük gətirmiş "Dallas" sahil mühafizə kateri isə Sevastopola yan alıb. Bu, Ukrayna hakimiyyətinin dəvətiylə gerçəkləşib. Sevastopoldakı rusiyayönümlü təşkilatlar isə bununla bağlı 200 nəfərin iştirakıyla etiraz aksiyası keçiriblər. Piketə "Rusiya bloku" və Ukryana Sosialist Tərəqqi Partiyasının nümayəndələri qatılıblar. Aksiyada "NATO-rədd ol!" şüarı səsləndirilib. Xatırladaq ki, Rusiya qısa müddət ərzində NATO gəmilərinin Qara dənizdən çıxmasını tələb edir. Fransanın "Liberation" qəzetində dünən işıq üzü görən baş məqalədə yazılırdı ki, fərqli mövqelər və Avropa ölkələrinin Rusiyadan təbii qaz aslılıqları üzündən Avropa Birliyinin Moskvaya qarşı təsirli bir sanksiya həyata keçirməsi imkansızdır. Birliyi xarici siyasətdə bacarıqsız sayan "Liberation"a görə, Avropa Birliyi heç zaman ABŞ kimi diplomatik sahədə güc təşkil etməyəcək: "Avropa Birliyi ölkələri Rusiya ilə strateji ortaqlıq anlaşmasında belə indiyə qədər ortaq bir uzlaşma əldə edə bilməyiblər. Avropa Birliyinin Moskvaya qarşı ən sərt qərarı bəlkə bu strateji ortaqlıq anlaşması ilə bağlı müzakirələrin təxirə salınması ola bilər. Sanksiyalar məsələsində Avropa Birliyi Rusiya qarşısında çarəsizdir". Sammitdən az öncə Gürcüstanın baş naziri Vladimir Qurgenidzeni qəbul edən Avropa Birliyinin baş katibi Havyer Solana da indiki mərhələdə Rusiyaya qarşı sanksiyaların real görünmədiyini bildirib. O deyib ki, noyabrda Avropa Birliyi-Rusiya sammiti və prezident Dmitri Medvedyevlə görüş keçiriləcək və bu tədbirlərin taleyi həmin müddətəcən Gürcüstan ətrafında hadisələrin necə inkişaf edəcəyindən asılı olacaq. Havyer Solananın sözlərinə görə, sammit üç istiqamət - Rusiya ilə Gürcüstan arasında qarşıdurmanın həlli, Avropa Birliyinin Gürcüstanla münasibətləri, ona siyasi və iqtisadi dəstək, bir də bu ölkəyə beynəlxalq müşahidəçilərin göndərilməsi istiqamətləri üzrə aparılacaq. Avropa Birliyi liderlərinin müzakirəsinə isə iki qərar layihəsi çıxarılıb. Rusiyanın Gürcüstana hərbi təcavüzü və bu ölkənin iki əyalətini müstəqil dövlət adına tanıması qarşılığında Polşa Moskvaya sərt sanksiyalar tətbiqini təklif edir. İtaliyanın təklif etdiyi qətnamə layihəsi sadəcə Rusiya qoşunlarını Abxaziya və Cənubi Osetiya bölgələri ətrafında elan olunmuş "bufer zona"dan çıxarmaq tələbi qoyur. Avropa Birliyi liderləri müzakirə başlayan dəqiqələrdə Brüsseldə, Tiflisdə və başqa şəhərlərdə "canlı zəncir" həmrəylik aksiyaları da start götürüb. Gürcüstan paytaxtında "Stop Russiya!" şüarıyla düzənlənən aksiyaya görə şəhərdə qısa iş günü elan olunub, mərkəzi küçə və prospektlər nəqliyyata bağlanıb. Rusiyaya sanksiya nəzərdə tutulmur Sammit işə başlayandan az sonra "Qazprom"un "Yamal-Avropa" kəməryilə Avropaya qaz nəqlini dayandıracağı barədə məlumat yayılıb. Az sonra şirkət məlumatı təsdiqləyib. "Qazprom"un yaydığı məlumatda bildirilir ki, kəmərdə təmirlə əlaqədar sentyabrın 2-dən saat 16:00-dan 3 sentyabr 22:00-dək qaz ötürülməsi dayandırılacaq. Təmir işləri Polşa və Almaniya ərazilərində aparılacaq. Sentyabrın 4 isə qaz ötürülməsi gündə 50 mln kubmetr olmaqla bərpa ediləcək. Avropa Birliyinin gündəliyinə isə sərt layihə çıxarılmayıb. Sammitin işə başlamasından 4 saat keçəndən sonra diplomatlardan biri jurnalistlərə deyib ki, Fransanın təqdim etdiyi layihədə Avropa cəmiyyətinin Rusiyaya münasibətinin atəşkəslə bağlı imzalanmış 6 bəndlik sənədin yerinə yetirilməsindən asılı olacaq. Sənəddə qeyd olunur ki, Avropa Birliyi Rusiyanı Gürcüstana müdaxiləyə, beynəlxalq hüquq normalarını pozduğuqna görə sərt mühakimə edir və Moskvanın bu hərəkətinin Brüsselə onun münasibətlərini yol ayrıcına gətirdiyi vurğulanır. Həmçinin Avropa Birliyi Moskvanı özünü təcrid etməməyə çağırır. Sənəddə Avropa Birliyinin Rusiyayla strateji dialoqu davam etdirməsinin zəruriliyi də vurğulanır. Moskvaya qarşı hər hansı sanksiyadan isə söz getmir. Diplomat onu da bildirib ki, Avropa Birliyi Rusiya munasibətləriylə bağlı növbəti addım Birlik ölkələrinin xarici işlər nazirlərinin Avionda keçiridəcək görüşündə müzakirə olunacaq. Sammitdə Fransanın təqdim etdiyi sənədin əleyhinə Polşa və Pribaltika ölkələri çıxış ediblər. Onların təqdim etdikləri sərt layihə noyabrda keçiriləcək Rusiya-Avropa Birliyi sammitində müzakirəyə çıxarılacaq. Həmin sənəddə Cənubi Osetiyaya Avropa Birliyinin eqidası altında sülhməramlıların göndərilməsi barədə də müddəa var. Qeyd edək ki, oktyabrdan tez olmayaraq Avropa Birliyi gürcü-osetin münaqişə zonasına müşahidəçi göndərməyi də planlaşdırır. xalqcebhesi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar