SON XƏBƏRLƏR

Azərbaycanlılar Tiflisi dəstəkləyir

2021.10.20, 07:36
Azərbaycanlılar Tiflisi dəstəkləyir

Gunaz.tv
Azərbaycanlılar Tiflisi dəstəkləyir Gürcüstanın Kvemo-Kartli bölgəsində yaşayan azərbaycanlılar ölkənin qərb bölgələrinin bir qisminin hələ də Rusiyanın işğalında olması, habelə Moskvanın Cənubi Osetiya və Abxaziyadakı separatçı rejimlərin "dövlət müstəqilliyi"ni rəsmən tanıması ilə əlaqədar ölkədə keçirilən etiraz aksiyalarına qoşulublar. Gürcüstan Azərbaycanlılarının Konqresi, Gürcüstan Azərbaycanlılarının Milli Assosiasiysı, Gürcüstan Azərbaycanlılarının Mədəniyyət Forumu və daha 4 təşkilat qonşu dövlətdə yaşayan soydaşlarımızı "Gürcüstan bizimdir!" devizli etiraz aksiyasına qoşulmağa çağırıb. Təşkilatların qəbul etdikləri birgə qətnamədə bildirilir ki, Rusiyanın Cənubi Osetiya və Abxaziyanın "müstəqillik"lərini tanıması Gürcüstanın ərazi bütövlüyü üçün real təhlükə yaradıb. "Bütün bunlar bizim üçün qəbuledilməzdir. Dünya birliyini Gürcüstanın ərazi bütövlüyü, sərhəd toxunulmazlığı və suverenliyini dəstəkləməyə çağırır, aparılan danışıqlarda bu prinsiplərin mütləq şəkildə nəzərə alınmasını tələb edirik", - sənəddə deyilir. Bu gün isə Tiflisin mərkəzi meydanında "Gürcüstan evimizdir" devizli mitinqin keçirilməsi nəzərdə tutulub. Analoji aksiyalar Batum, Kutaisi, Telavi Rustavi və Zuqdidi şəhərlərində də olmalıdır. "Gürcüstandakı erməni icması azərbaycanlılarla müqayisədə siyasi cəhətdən daha fəal və mütəhərrikdir. Ermənilər əhalinin əksəriyyətini təşkil etdikləri Samstxe-Cavaxetiya bölgəsi üçün Gürcüstan tərkibində muxtariyyət tələb edirlər. Azərbaycanlıların sayı isə 500 minə yaxınlaşsa da, onların belə tələbləri səslənməyib". Rusiya Siyasət və Hərbi Analiz İnstitutunun millətlərarası münasibətlər problemləri şöbəsinin rəhbəri, tanınmış politoloq Sergey Markedonov hesab edir ki, Gürcüstandakı ermənilər arasında separatçılıq və "müstəqillik" cəhdləri günbəgün güclənsə də, bu prosesin məntiqi nəticəsi olmayacaq. Gürcüstanla əlaqələrinin pisləşməsində maraqlı olmayan Ermənistan Cavaxetiyadakı vəziyyəti bir qədər gərgin saxlasa da, hadisələrin məcrasıdan çıxaraq radikal separatçılıq formasını almasını istəmir. "Ermənistanın Dağlıq Qarabağ problemi var və bu münaqişədə bütün dünya erməniləri rəsmən işğalçı kimi tanıyıb. Əgər Cavaxetiyadakı ermənilər də radikallıq etməyə başlasalar, Ermənistanın Dağlıq Qarabağla bağlı yürütdüyü siyasət zəifləyəcək və ermənilər uduzmağa başlayacaqlar. Bu səbəbdən də Ermənistan rəhbərliyi nəyin bahasına olursa-olsun, cavaxetiyalı soydaşlarının "yollarını azması"na imkan vermək niyyətində deyil. Gürcüstandakı azərbaycanlılara gəldikdə isə, onların da çox ciddi problemləri var. Fəqət Bakı ilə Tiflis arasında sıx müttəfiqlik və strateji tərəfdaşlıq münasibətləri olduğundan, Azərbaycan rəhbərliyi Gürcüstandakı azərbaycanlıların sərtləşməsinə imkan vermir", - S.Markedonov deyib. Onun sözlərinə görə, Gürcüstan rəhbərliyi ölkədəki ermənilər arasında separatçı təmayüllərin yayılmasına indiyədək göz yumurdusa, bundan sonra vəziyyət fərqli olacaq. Rusiyanın Gürcüstana qoşun yeritməsi, sonra da osetin və abxaz separatçılarına rəsmi səviyyədə dəstək verməsi ölkədəki digər "ayrılmağa meyllilər"i həvəsləndirməsin deyə dünəndən etibarən Cavaxetiyadakı hüquq-mühafizə orqanlarının əməkdaşlarının sayı artırılıb. Kvemo-Kartli bölgəsinə gəldikdə isə, burada tam əksinə situasiya müşahidə olunur: gürcü polis və hərbçilərin sayı azalıb. Yerli sakinlərin "Ekspress" əməkdaşına verdikləri məlumata görə, onlar ölkənin qərb və cənub bölgələrinə göndərilib. Xəbəri Gürcüstan prezidentinin Kvemo-Kartli bölgəsi üzrə səlahiyyətli nümayəndəsinin dəftərxanasında da təsdiqlədilər. Gürcüstanın Nazirlər Kabinetindən isə "Ekspress"ə verilən açıqlamada bildirildi ki, ölkə rəhbərliyi yerli azərbaycanlıları ən sadiq və etibarlı vətəndaşlar arasında görür: "Biz onlara həmişə güvənmişik, çünki Gürcüstandakı azərbaycanlıları özümüzdən ayırmırıq". Həsən AĞACAN express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar