SON XƏBƏRLƏR

Azərbaycanda milli ənənənin qorunması

2021.10.20, 07:36
Azərbaycanda milli ənənənin qorunması

Gunaz.tv
Azərbaycanda milli ənənənin qorunması Müasirləşmənin bəzi aspektləri haqqında Milli-mənəvi dəyərlərin qorunması və ikişaf etdirilməsi indi o qədər aktuallaşıb ki, cəmiyyətin geniş kəsiminin müzakirə obyektinə çevrilib. Açıq hiss olunur ki, ölkə KİV-i də yavaş-yavaş bu məsələni gündəminə daha aktual bir şəkildə gətirir. Yəni Azərbaycan cəmiyyəti geniş olaraq milli-mənəvi və əxlaqi dəyərlərin yenidən dərk edilməsi zərurətini ortaya qoyur. O baxımdan KİV-in üzərinə daha böyük vəzifənin düşdüyü qənaətindəyik. Azərbaycan cəmiyyəti sürətlə dəyişir. Bu dəyişiklik də avtomatik olaraq insanların mənəvi-əxlaqi və mədəni təsəvvürlərinə təsir edir. Bəziləri açıq-saçıqlığı yeniləşmə kimi başa düşür və ya elə başa düşmək istəyir. Başqa sözlə, onlar milli olan nə varsa, ondan imtinanı müasirləşmək kimi təqdim etməyə çalışır. Belə bir tendensiya sovetlər dönəmində də vardı. Onda russayağı yaşamaq birmənalı olaraq müasir həyat tərzi kimi milli-ənənəvi yaşamağa qarşı qoyulurdu. Ata babalarımızın etdikləri hərəkətlərə köhnəlik damğası vurmuşdular. İndi isə bizim hərəkətlərimizə övladlarımız "ingilis gözü" ilə baxıb, "köhnədir" deməyə hazırlaşırlar. Təsadüfi deyil ki, yeniyetmələr arasında hətta sosial qaydaları pozmağı belə müasirlik kimi təqdim edənlər var. Onlar bir sıra hallarda özlərindən böyüklərlə kobud davranır və bununla özünün azad olduğunu, heç kəsdən asılılığının olmadığını nümayiş etdirmək istəyir. Əslində isə bu, nə azadlıqdır, nə də sərbəstlik - bunun adı milli mənəvi dəyərlərdən kor-koranə imtina nəticəsində marginal davranışa yuvarlanmaq deməkdir. Marginal davranış cəmiyyətə sosial adaptasiyadan kənarda qalmaq və özünü reallaşdırmanın yolunu tapmaqda çətinlik çəkmək deməkdir. Bu sosial kəsim cəmiyyət üçün daha təhlükəli insanlar yetişdirə bilir ki, onların hər hansı çərçivədə sosial davranışı olmur. İnsanın azad olmasının əsas göstəricisi cəmiyyətin qanunlarını şüurlu surətdə dərk edib, həmin zərurətdən çıxış edərək ağıllı davranmaqdır. Təsadüfi deyil ki, demokratiyanın baniləri qanunlara əməl etməyi demokratik düşüncənin təməli hesab ediblər. Con Lokk və İmmanuil Kantda bu fikirlər vardır. Onlar insanların cəmiyyət qarşısında məsuliyyət daşımasını önə çəkiblər. Yəni yazılan və yazılmayan qanunlara əməl etməyə yetişmiş insanların olması yeni cəmiyyət quruluşunun təməl prinsiplərindəndir. O prizmadan baxanda hər bir tarixi mərhələdə milli ənənədən gələn dəyərlərin böyük rol oynadığını aydın təsəvvür edə bilərik. Milli mənəvi-əxlaqi dəyərləri dərindən dərk etmək əsasında yeniləşmək, müasirləşmək mümkün olur. Cəmiyyətin açılması məsələsi vacibdir. İnsanların daha sərbəst düşünməsi zəruridir. Ancaq bu, geyimdə və ya hərəkətdə açıq-saçıq olmaq anlamına gəlməməlidir. İndi çox açıq-saçıq geyinib, özünün intim həyatını yeri gəldi-gəlmədi cəmiyyətin gündəminə gətirməyə çalışanlar az deyil. Onlar demək olar ki, teleekranları zəbt ediblər. Milyonlar da onların etdiklərini eşidib, görməli və nümunə götürməlidirlərğ Bunun nəticəsi odur ki, Azərbaycanda ailə institutunda hələlik tam dərk edə bilmədiymiz proseslər baş verir. Ailə qurmaq məsələsi gənclər üçün bir sıra psixoloji çətinliklərlə müşaiyət olunur. Bəziləri məhz yaxşı qəbul olunmayan davranışlara görə evlənmək istəmir. Statistika göstərir ki, nikahdankənar dünyaya gələn uşaqların sayı artır. Bu, cəmiyyətin gələcəyinə birbaşa zərbədir. Bu, müasirləşmək adı altında məntiqsiz və mənəvi-əxlaqi çərçivəsi olmayan hərəkət etməyin nəticəsidir. Sonucda cəmiyyət bütövlükdə öz bütünlüyünü, təkamül dinamikasını itirə bilər və parçalanma təhlükəsi ilə üz-üzə qalar. Ona görə də cəmiyyətdə mənəvi-əxlaqi dəyərlərin qorunması və inkişaf etdirilməsi çox önəmli bir məsələdir. Kimsə öz davranışına yalnız fərdi mövqedən yanaşırsa, ciddi səhv edir. Azərbaycan KİV-nin mənəvi-əxlaqi və milli dəyərləri daha çox gündəmə gətirməsi bu səbəblərdən lazımlıdır. Şübhəsiz ki, cəmiyyət özü bu kimi məsələləri müzakirə etdikcə düzgün nəticəyə gələcək. İctimaiyyət həmin məsələlərin müzakirəsindən çəkinməməli və problemin üstünə qətiyyətlə getməlidir. KİV-in bu işdə rolu çox önəmlidir. Onun fəallığı cəmiyyət üçün vacib olan həmin problemlərin aradan qaldırılmasına yardım edəcək. Şahin Məhəmmədoğlu olaylar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar