SON XƏBƏRLƏR

GUAM-ın Batumi "limanı"_ BMT, NATO, AB və ATƏT üzünü bu quruma çevirir

2021.10.20, 07:36
GUAM-ın Batumi "limanı"_ BMT, NATO, AB və ATƏT üzünü bu quruma çevirir

Gunaz.tv
GUAM-ın Batumi "limanı" BMT, NATO, AB və ATƏT üzünü bu quruma çevirir GUAM-ın Batumi sammiti öncəkilərdən fərqləndi. Batumiyə Polşa, Litva, Rumıniya prezidentləri, Türkiyə, ABŞ, Almaniya, Fransa və başqa ölkələrdən nümayəndələr, NATO-nu təmsil edən adamlar da qatılmışdılar. Orada BMT, ATƏT, AB ilə GUAM arasında münasibətlərin tənzimlənməsi məsələsi də müzakirə obyekti olub. Sammitin keçirilmə devizi isə "Avropanın Şərqinin birləşməsi" olub. Kifayət qədər diqqət çəkən və maraq doğuran şüardır. Moldova, Ukrayna, Gürcüstan və Azərbaycanın daxil olduğu bu quruma beynəlxalq səviyyədə bu qədər diqqət yetirilməsi və ona Avropanın Şərq hissəsinin birləşməsi modeli kimi baxılması strateji məqamlardan xəbər verir. Batumi sammitində dövlət başçılarının müzakirə etdikləri məsələlərin məzmunu da həmin baxımdan aktualdır. Tərəflər, sərhədlərin təhlükəsizliyi, iqtisadi inteqrasiya, enerji layihələri, münaqişələrin həlli yolları və sair kimi məsələləri gündəmə gətiriblər. Onların sırasında iki məsələ - enerji təhlükəsizliyi və münaqişələrin həlli yolları daha çox diqqət mərkəzində olub. Enerji ilə təminatda GUAM ölkələri Azərbaycana xüsusi təşəkkür ediblər. Azərbaycan GUAM-ın enerji təhlükəsizliyinin mərkəzində durur. İndi Bakı-Brodı marşrutunun işə salınması ilə bağlı konkret prosedurlar yerinə yetirilir. Odessa-Brodı kəmərinə 0,5 milyon barrel neft vuraraq onun işləmə keyfiyyətini yoxlayırlar. Sammitdə iştirak edən Lex Kaçinski özünün fərd olaraq GUAM üzvü hesab etdiyini bildirəndə neft məsələsinə diqqət yetirib. Ancaq o, Polşanın bu quruma üzvlüyü haqqında bir söz deməyib. Litva prezidenti Adamkus Azərbaycan prezidenti ilə aktual sayılan məsələləri müzakirə edib. Enerji məsələsinin bu dərəcədə diqqətdə olacağı tam gözlənilən idi. Çünki indi Avropa da daxil olmaqla böyük bir məkanda neftə olan tələbat artıb, ölkələr qərəzsiz enerji mənbəyi axtarırlar. Bu aspektdə Rusiyadan asılılıqdan qurtarmağa çalışırlar. Digər vacib məsələ münaqişələrin həlli ilə bağlı olub. Ukrayna prezidenti Viktor Yuşşenko Moldova, Gürcüstan və Azərbaycanın ərazi bütövlüyünü təmin etməklə dondurulmuş münaqişələrin tez həll edilməsi vacibliyini bildirib. Bu, sammitdə iştirak edən ATƏT nümayəndələri üçün daha diqqətçəkici olmalı idi. Məsələ ondan ibarətdir ki, Yuşşenkonun "dondurulmuş" kimi qiymətləndirdiyi münaqişələrdən Dağlıq Qarabağın həlli ilə məhz ATƏT məşğul olur. Deməli, bu münaqişənin "donması"nda ATƏT-in rolu da az olmayıb. Elə ona görədir ki, sammitdə GUAM-ABŞ, GUAM-BMT, GUAM-AB kimi ikitərəfli danışıqların aparılması maraqlı idi. Bu müzakirələrdə GUAM-ın artıq regional qurum olaraq hər bir beynəlxalq təşkilatla əlaqələrini yeni səviyyəyə qaldırmaq, ona maliyyə dəstəyini artırmaq, geosiyasi məsələlərin həllində daha geniş səlahiyyətlər vermək kimi məsələlər önə çəkilib. Bu isə o deməkdir ki, GUAM həm daxili strukturunu gücləndirir, həm də beynəlxalq səviyyədə ona olan inam artır. MDB bunun tam kölgəsində qalır. GUAM-la demək olar ki, bütün beynəlxalq təşkilatlar əməkdaşlıq etməyə çalışır, MDB isə yada düşmür. Bu o deməkdir ki, iqtisadi-siyasi əməkdaşlıq aspektindən tutmuş, təhlükəsizlik məsələlərinə qədər postsovet məkanında əsas qurum olaraq GUAM-ı qəbul etməkdədirlər. Batumi sammitindən alınan qənaətlər içərisində buna daha çox önəm vermək gərəkdir. GUAM-ın Batumidəki sammitindən sonra ona olan marağın daha da artacağını gözləmək olar. Polşa, Rumıniya və Litva prezidentlərinin də orada iştirak etməsi AB-nin məsələyə çox önəm verməsinin əlaməti sayılmalıdır. O cümlədən, Polşanın AB-nin təmsilçisi olaraq postsovet məkanına daha çox təsir etmək istəyi açıq görünür. Lex Kaçinskinin Ukrayna və Gürcüstanın NATO-ya üzvlük məsələsi ilə bağlı söylədiyi fikirlər bu baxımdan jurnalistləri çox maraqlandırıb. Polşa prezidenti hər iki ölkənin NATO-ya üzvlüyünə tam dəstək verdiklərini və bu məsələnin tez həll ediləcəyini bildirib. Bu bəyanat özəlliklə Rusiya üçün mesajdır. Rusiya prezidenti bir qədər öncə Ukrayna və Gürcüstanı NATO məsələsində bir daha düşünməyə dəvət etmişdi. Deməli, Qərb mövqeyindən çəkilməyib. GUAM-ın Batumi sammiti bir daha göstərdi ki, bu qurum getdikcə nüfuzunu artırır, beynəlxalq aləmdə çəkisini yüksəldir və postsovet məkanında əsas oyunçuya çevrilir. Ona görə də GUAM-la bağlı daha maraqlı olayların şahidi ola bilərik. Orxan Güneyli olaylar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar