SON XƏBƏRLƏR

ABŞ-la Ermənistan arasında səfir müəmması davam edir

2021.10.20, 07:36
ABŞ-la Ermənistan arasında səfir müəmması davam edir

Gunaz.tv
AĞ EVİN SƏFİR POSTUNA YENİ NAMİZƏDİ DƏ ERMƏNİPƏRƏST SENATORLARIN "SOYQIRIMI"NI TANIMAQ İSTƏYİNİ RƏDD EDİB Xəbər verdiyimiz kimi, ABŞ Konqresində Cənubi Qafqaz və Türkiyəyə həsr olunmuş dinləmələr çərçivəsində iyunun 19-da Senatın xarici əlaqələr üzrə komitəsində Birləşmiş Ştatların Ermənistana yeni səfirinin namizədliyi müzakirə olunub. Prezident Buşun səfir postuna irəli sürdüyü Marie Yovanoviç (bunadək ABŞ-ın Qırğızıstanda böyükelçisi olub) ABŞ-Ermənistan əlaqələri, Ermənistan-Türkiyə münasibətləri, "erməni soyqırımı" məsələsi, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikirlərini açıqlayıb. Ermənipərəst senatorların səfirə suallarının ən qəlizi, gözlənildiyi kimi, 1915-ci il olayları ilə bağlı olub. Erməni lobbisi bildirmişdi ki, Yovanoviçin "erməni soyqırımı"na münasibəti onun səfir təyinatına razılıq üçün mühüm rol oynayacaq. Qeyd edək ki, ABŞ-ın diplomatik fəaliyyət haqqında qanunvericiliyinə əsasən, xarici ölkələrə səfir təyinatı Senatın müvafiq komitəsində təsdiqlənməlidir və bu halda hətta bir senatorun əleyhinə səsi həmin təyinatın əngəllənməsi üçün yetərlidir. Amerika qanunvericiyindəki bu müddəadan yararlanan ermənipərəst senatorlar artıq iki ildir ki, Ermənistana yeni səfir təyinatına imkan vermirlər. Səbəb isə səfir vəzifəsinə irəli sürülən diplomatın "erməni soyqırımı"nı tanımaqdan imtina etməsidir. Məhz bu səbəbdən prezident Corc Buşun 2006-cı ildə səfir postuna təqdim etdiyi Riçard Hoqland "erməni baryeri"ni aşa bilməmişdi. Odur ki, bu ilin martında səfir vəzifəsinə təqdim edilən Yovanoviçin Senat komitəsindəki çıxışı maraqla gözlənilirdi. Lakin xanım Yovanoviç də "erməni soyqırımı" adlandırmaqdan imtina edib. Nyu-Cersi ştatından olan senator Robert Menendezin 1915-ci ildə Osmanlı Türkiyəsində baş verən hadisələri soyqırımı kimi dəyərləndirib-dəyərləndirmədiyi ilə bağlı suala cavabında diplomat bildirib ki, ABŞ administrasiyasının bu məsələyə münasibəti bəllidir və rəsmi Vaşinqton bu olayları soyqırımı kimi tanımır: "Prezident Corc Buş və ondan əvvəl hər iki partiyadan (respublikaçı və demokratlar - V.O.) seçilən prezidentlər 1915-ci il hadisələrini soyqırımı kimi tanımayıblar". Yeri gəlmişkən, 2006-cı ildə səfir Hoqlandın namizədliyinə məhz senator Menendez veto qoymuşdu. Xanım Yovanoviç vurğulayıb ki, o, diplomat olaraq bu məsələdə Amerika prezidentinin mövqeyində dayanır. Bununla yanaşı, o qeyd edib ki, "ABŞ hökuməti Osmanlı imperatorluğunun son dönəmində ermənilərin məruz qaldıqları mərhumiyyət və kütləvi qırğınları, etnik təmizləmə və deportasiyanı tanıyır və bunun acısını hiss edir". O qeyd edib ki, Birləşmiş Ştatlar bu hadisələri XX əsrin "böyük faciəsi" hesab edir və ABŞ prezidentləri hər ilin 24 aprelində (1915-ci ilin həmin günü İstanbulda Osmanlı dövlətinə qarşı qiyam hazırlığında olan ermənilərin ilk dəstəsi sürgün edilib) ermənilərə müraciətlə xüsusi açıqlama ilə çıxış edirlər. Diplomat qeyd edib ki, Amerika prezidentinin bu məsələdə siyasəti Türkiyənin həm öz keçmişi, həm də ermənilərlə barışmasını ön görür: "Prezident Buş inanır ki, faciə qurbanlarının xatirəsinə ən yaxşı ehtiram keçmişi xatırlamaq və onun bir daha baş verməməsinə çalışmaq, Ermənistan və Türkiyə xalqlarının və hökumətlərinin barışması üçün gələcəyə baxmaqdır". Onun sözlərinə görə, bu məsələdə başlıca nailiyyət Ermənistanın regiondakı təcriddən çıxması, Türkiyə ilə münasibətlərinin qurulması və sərhədin açılması ola bilər: "Ermənistan hökuməti bizdən bu məsələyə yardım göstərməyi xahiş edir. Bu asan deyil, lakin biz uğura ümid bəsləyirik. Çünki bu məsələdə müsbət nəticə hər bir erməninin həyatını yaxşılaşdıracaq". Səfir Yovanoviç vurğulayıb ki, əgər senatorlar onun təyinatına razılıq versələr, regional sabitliyin bərqərar olması, erməni-türk münasibətlərinin qurulması və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli onun Ermənistandakı diplomatik fəaliyyətinin əsas prioritetləri olacaq: "Ermənistan özünün böyük qonşusu, Türkiyə tərəfindən təcrid vəziyyətindədir, hər il Dağlıq Qarabağda Azərbaycanın hərbi qüvvələri ilə təmas xəttində çoxlu sayla adam həlak olur. Odur ki, indiki vəziyyətdə status-kvonun saxlanması qəbuledilməzdir və bu, ABŞ-ın regiondakı maraqlarına da cavab vermir". Qeyd edək ki, bir gün öncə Nümayəndələr Palatasının xarici əlaqələr üzrə komitəsindəki dinləmələrdə də bu məsələ diqqət mərkəzində olmuş və ermənipərəst konqresmenlərdən Co Nollenberq, Frenk Pallone, Adam Şiff, Bred Şerman, Hovard Berman, Diana Vatson ABŞ hökumətinin Türkiyənin Ermənistana qarşı blokadası, "erməni soyqırımı" ilə bağlı siyasətini tənqid ediblər. Onların digər bir narazılığı Azərbaycanın Qarabağ münaqişəsinin nizamlanmasındakı sərt mövqeyi, Ermənistanın işğal etdiyi əraziləri hərbi yolla azad etmək barədə bəyanatları ilə bağlı olub. Konqresmenlərdən Pallone, Nollenberq, Berman Azərbaycanın neftdən əldə etdiyi gəlirləri sürətlə silahlanmaya sərf etdiyini və ABŞ-ın bunun qarşısı almaq üçün təsirli addımlar atması gərəkdiyini vurğulayıblar. Konqresmenlər həmçinin ABŞ-ın 2009-cu il üçün xarici yardımlar layihəsində Ermənistanın payının 50 faizdən çox azaldılmasından sərt narazılıq ediblər. Qeyd edək ki, 2008-ci il üzrə ABŞ-ın Ermənistana yardım payı 58 milyon dollardır və erməni lobbisi Konqresdəki müzakirələrdə növbəti il üçün də bu payın həmin səviyyəyə çatdırılacağına söz verib. Ermənipərəst konqresmenlərin iradlarına cavab olaraq ABŞ dövlət katibinin müşaviri Daniel Frid rəsmi Vaşinqtonun Bakı ilə bir çox sahələrdə strateji əməkdaşlıq etdiyini, Azərbaycanın Əfqanıstan və İraqa sülhməramlı qüvvələr göndərdiyini, ölkəmizin Avropa üçün mühüm enerji mənbəyi olduğunu nəzərə çatdırıb. Frid ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü tanıdığını, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə çalışdığını vurğulayıb, Azərbaycan rəhbərliyinin hərbi ritorikalı bəyanatlarını isə narahatlıqla qarşıladıqlarını bildirib. Türkiyə-Ermənistan münasibətlərinə gəldikdə isə Frid bildirib ki, ABŞ iki ölkə arasında problemlərin tezliklə çözülməsinə tərəfdardır. Lakin, amerikalı diplomatın sözlərinə görə, bunun üçün Ermənistan da Türkiyə ilə mövcud sərhədləri tanımalıdır. Ümumilikdə görünən odur ki, rəsmi Vaşinqton bundan sonra da Ermənistanla asta davranmaq siyasətini davam etdirəcək. Bunu isə, bir tərəfdən, ABŞ-ın regiondakı maraqları və Ermənistanın daha artıq dərəcədə Rusiyanın ağuşuna yuvarlanmasını önləmək istəyi diqtə edirsə, digər yandan, Konqresdəki güclü erməni lobbisi faktorundan qaynaqların. Eyni zamanda, erməni lobbisi də bu realllıqları yaxşı dərk edir. Təsadüfi deyil ki, senator Menendez bu dəfə veto hüququndan istifadə edib-etməyəcəyinə aydınlıq gətirməyib. Əslində ermənipərəst senatorların "soyqırımı" spekulyasiyalarını davam etdirərək ABŞ-ın Ermənistana səfir təyinatını bundan sonra da əngəlləməsi ağlabatan görünmür. Çünki əks halda bu böhranın uzanmasından ABŞ-Ermənistan münasibətləri zərər görə bilər. Vüqar ORXAN

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar